Əli Kərimliyə qarşı sərt ittiham
Əli Kərimliyə qarşı sərt ittiham

Rəsul Quliyevin İsa Qəmbərə qarşı çıxmasında AXCP sədrinin rolu olub

Milli Şura üzvləri arasındakı savaş artıq qaçılmazdır. Belə ki, Müsavatla ACP arasındakı münaisbətlər kifayət qədər gərginləşib və savaşın əhatə dairəsi get-gedə genişlənir. Belə ki,prosesin əvvəlində ACP lideri, Müsavat başqanı İsa Qəmbərə müəyyən narazılıqlarını bildirirdisə,indi müstəvi dəyişib və hər iki lider bir-birini az qala xəyanətdə ittiham edir.
Hətta iş o yerə çatdı ki, Müsavat partiyasının aparat rəhbəri Arif Hacılı Rəsul Quliyevi xəyanətdə, korrupsiyada ittiham etdi. Bununla da münasibətlər qırılmış həddə çatdı və artıq Milli Şurada təmsil olunan iki partiyanın bütün bağlılıqları qırılıb. Amma məsələ heç də bununla tamamlanmayıb. Rəsul Quliyev bəyan edir ki, Arif Hacılı hakimiyyət tərəfindən öyrədilib və onun məqsədi müxalifətin birliyini zədələməkdir. Onun fikrincə Arif Hacılı həbsdə olan zaman hakimiyyətlə sövdələşməyə gedib. Və bu səbəbdən də həbsdən çıxan kimi Müsavatın başqanı olmaq üçün hərəkətə keçdi. Amma bu tapşırığın öhdəsindən gələ bilmədi deyə,indidə müxalifətin birliyinə zərbə vurmağa çalışır. Rəsul Quliyevin bu ittihamı cavabsız qalmadı və bu dəfə qarşı tərəfdən daha sərt açıqlama gəldi.Və aydın oldu ki,ACP ilə Müsavat arasındakı savaşda AXCP lideri Əli Kərimlinində rolu var. "Artıq Rəsul Quliyevə yazığım gəlir. Pənah bəy düz işarə edib. Bu adamın səhhətində ciddi problemlər var. Qocalıb, xərifləyir. Bu arada yazığım gələn daha bir fiqur - Əli Kərimlidir. Özü-özünü çox miskin duruma saldı. Əli Kərimli Sülhəddin Əkbər vasitəsi ilə Rəsulu qızışdırıb saldı Müsavatın üstünə, özü isə yaxasını çəkdi kənara".Bu sözləri isə Əhrar Partiyasının sədri, Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının qardaşı Vaqif Hacıbəyli özünün facebook hesabında yazıb. O bildirib ki, indiki idbar durumun baş memarı Əli Kərimlidir: "Amma prosesləri elə bir dalana gətirib çıxardıb ki, indi hətta situasiyaya hər hansı şəkildə şərh verməyə də üzü yoxdur. Siyasətçi üçün bundan miskin durum təsəvvür etmək çətindi. Yazıqlar olsun". Partiya sədri deyib ki, əgər AXCP sağlam siyasi təşkilat olsaydı, Rəsul Quliyevin "siyasi yelbeyinliyinə" qarşı siyasi mövqeyi ortada olardı: "Amma həmin mövqe ortada yoxdur, mən də bunu miskinlik kimi qiymətləndirirəm. Ona görə də AXCP-çilərə yazığım gəlir. Bir daha deyirəm: yazıqlar olsun".
AXCP sədrinin müavini Asəf Quliyev isə açıqlamasında deyib ki, Milli Şuradan kənarda qalan Əhrar Partiyası o qədər də tanınmış partiya deyil və onun sədrinin AXCP rəhbərliyi barədə dedikləri də onlar üçün bir o qədər əhəmiyyətli deyil: "Görünür, Milli Şuradan kənarda qalan qüvvələr qıcıqlandırıcı mövqedən yanaşırlar. Ona görə də biz o qüvvələrə əhəmiyyət vermirik. Biz Müsavat Partiyası ilə müttəfiqik, indiyə qədər bu partiya ilə bir yerdə gəlmişik, bundan sonra da Müsavat Partiyası ilə bir çox məsələlərdə bir yerdə hərəkət edəcəyik. Bizim Rəsul Quliyevi qızışdırmağa ehtiyacımız yoxdur."Ekspertlər isə hesab edir ki, Rəsul Quliyevin İsa Qəmbərə qarşı açıqlamalar verməsində həqiqətəndə Əli Kərimlinin təsiri var. Belə ki, Rüstəm İbrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədi olmasından sonra İsa Qəmbər hələ ki, prezidentliyə namizəd olaraq qalacağını bildirmişdi. Məhz bu açıqlamadan sonra ilk olaraq AXCP tam gücü ilə İsa Qəmbərə qarşı kompaniyaya başladılar. AXCP-yə yaxın dövri mətbuatda öncə çalışıldı ki, Rüstəm İbrahimbəyov-İsa Qəmbər qarşıdurması yaradılsın. Amma Rüstəm İbrahimbəyov belə bir oyuna getməyəndən sonra Rəsul Quliyev önə çıxdı və hazırda məlum situasiya yaranıb. Buda qeyd olunur ki, çox böyük ehtimalla yaxın günlərdə Müsavat Milli Şura qarşısında konkret tələblə çıxış edərək ACP-in Milli Şuradan kənarlaşdırılmasını tələb edəcəklər.
Mehdi Əli