Mübariz Mənsimov oliqarxlar qarşısından geri çəkildi
Mübariz Mənsimov oliqarxlar qarşısından geri çəkildi

"Palmali" prezidentinin bir müddət əvvəl dedikləri ilə ziddiyyət təşkil edən açıqlamanın pərdəarxası

Son günlər "Palmali" şirkətinin Azərbaycandakı investisiyalarının batırılması barədə məlumatlar yayılıb. Dünənsə "Palmali" şirkətinin vitse-prezidenti İbrahim Nəbioğlu yayılan məlumatlara aydınlıq gətirib.
O, bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur, yalan məlumatdır. Bunun tam əksinə şirkət Azərbaycandakı fəaliyyətini genişləndirməyə çalışır: "Təxminən 4 ay əvvəl Lənkəranda idarəetmədə dəyişiklik həyata keçirdik. Həm mən, həm də Mübariz Mənsimov dəfələrlə bununla bağlı açıqlama vermişik ki, Lənkəranda fəaliyyətimizi genişləndirmək planlarımız var".
Şirkətin vitse-prezidenti bildirib ki, "Palmali" Azərbaycandakı investisiyalarını genişləndirilməsi ilə əlaqədar olaraq planlar hazırlayır. Onun sözlərinə görə, iş yerlərinin açıldığı bir vaxtda, ixtisarlar etmək, iş yerlərini bağlamaq mümkün deyil: ""Pal" süd fabrikinə Türkiyədən yüksək ixtisaslı mütəxəssislər cəlb etmişik. Həmin mütəxəssislər həm də yerli kadrları yetişdirirlər, odur ki, yayılan digər məlumatların heç bir əsası yoxdur".
Bu cür xəbərləri yayanların "Palmali"nin uğurlarını gözü götürməyənlərn olduğunu söyləyən İ.Nəbioğlunun dediyinə görə, bazarda önəmli yer tutduqlarından bəziləri buna qıcıqlanırlar: "Bu bazarda biz varıq, nəinki çıxmaq, bazarın ən önəmli oyunçularından olmağa çalışırıq. Faiz etibarilə götürsək, bazarda böyük paya sahibik. Yəqin ki, bu da bizim rəqiblərimizi, bizi istəməyənləri qıcıqlandırır. Amma açıq şəkildə bəyan edirik ki, Azərbaycan bazarındakı payımızı nəinki azaltmaq, əksinə artırmağı düşünürü
Göründüyü kimi, Mübariz Mənsimovun Azərbaycandakı biznesini idarə edənlər hər hansı problemin varlığını inkar edirlər. Hətta nəinki inkar edir, üstəlik mövcud durumlarından razılıqlarını bildirirlər.
Biz mətbuatda "Pal Süd"lə bağlı yayılan məlumatların doğru olub-olmadığını bir kənara qoyuruq. Mənsimovun özünün bir müddət əvvəlki açıqlamalarını xatırlatmaq istəyirik. Hansı ki, həmin açıqlamalarında azərbaycanlı iş adamı buradakı biznesi ilə bağlı nəinki hansısa uğurlardan danışmış, hətta dolayısı yolla şikayətlənişdi.
Belə ki, ötən ilin yaz aylarında, daha dəqiq desək, apreldə Mənsimov ölkə telekanallarından birinə geniş müsahibə vermiş və ilginc bəyanatlarda bulunmuşdu. O demişdi ki, rəhbərlik etdiyi "Palmali" şirkətlər qrupunun prinsiplərindən biri "rüşvətxorluq olan yerdə biz yoxuq" prinsipidir: "Yəni, korrupsiya olan yerlərə, düzgün olmayan işlərə girmirik". Mənsimovun bu sözləri ilə Azərbaycana da işarət etməsi dəqiqdir, çünki onun Azərbaycanda niyə geniş investisiyalar qoymadığı, biznes qurmadığı həmişə müzakirə mövzusu olub. O vaxt iş adamı həmin sözləri deyəndə bu, iş adamının həmin müzakirələrə cavabı kimi dəyərləndirilmişdi.
İndi birdən birə Mənsimovun nümayəndəsinin tam əks fikirlər səsləndirməsi əlbəttə maraq doğurur. Bəs bu təzadın səbəbi nə ola bilər? İstisna deyil ki, azərbaycanlı iş adamı Azərbaycanda ixtilaf içərisində olduğu məmurlarla "soyuq savaş"ı daha da dərinləşdirməmək və açıq müstəviyə keçirməmək qərarına gəlib. Ona görə də bu cür açıqlama ilə çıxış edilməsini daha məqsədəuyğun sayıb.
Yəni məlum açıqlamanı əslində Mənsimovun toqquşduğu bəzi oliqarxlar qarşısında geri çəkilmək istəməsi ilə əsaslandırmaq gərəkir. "Palmali" prezidenti sırf biznes fəaliyyəti ilə məşğul olmağı sevir və onun bürokratik qovğalarda həvəsli və maraqlı olmadığı bilinən həqiqətdir.
Odur ki, Mənsimovun şirkəti adından yuxarıdakı açıqlamanı təbii qarşılamaq lazımdır. Eyni zamanda da unutmaq olmaz ki, od olmayan yerdən tüstü çıxmır.
Günel Əkbər