Milli Şura istəyinə çatmadı
Milli Şura istəyinə çatmadı

Alternativ namizədin müəyyənləşməsi artıq şərtdir

Milli Şuranın Tiflis toplantısı müxalif düşərgənin gözlədiyi nəticəni vermədi. Bir çox suallar hələ də cavabsız qaldı. Vahid namizədin ölkəyə nə zaman dönəcəyi, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından nə vaxt çıxarılması kimi qaranlıq qalan məqamlar artıq Milli Şuranı yeni qərarlar qəbul etməyə məcbur edir.Milli Şuranın üzvü Mustafa Hacıbəyli də Tiflis toplantısında bir çox mövzuların qaranlıq qaldığı fikrindədir.

"Unikal"a açıqlama verən Mustafa Hacıbəyli bu kimi halların Milli Şuraya olan inamın azalması ilə nəticələnəcəyi ilə razılaşmadı. Hacıbəyli qaranlıq qalan məqamların ictimaiyyətdə fikir ayrılığı yaratdığını, amma müxalif düşərgəyə səs vermək istəyənlərin, onsuz da, hazırkı hakimiyyətə səs verməyəcəyini dedi.Mustafa Hacıbəyli eyni zamanda ehtiyat namizədin seçilməsini də istəyir. Hacıbəyli seçiləcək ehtiyat namizədin Milli Şuraya üzv olan bitərəf şəxslərdən biri olması qənaətindədir. O, Milli Şuranın Rusiya brokratiyasının təsiri altına düşməməsi üçün bu addımın atılmasının mütləq olduğunu dedi.Hər halda, xalqın Milli Şuraya inamının itib itmədiyini seçkilər göstərəcək. Belə görünür ki, Rüstəm İbrahimbəyovun Azərbaycana dönüb-dönməyəcəyini, ehtiyat namizədin seçilib-seçilməyəcəyini isə zaman və ən əsası Rusiyanın atdığı addımlar müəyyənləşdirəcək.
Elə YAP-çı millət vəkilidə bu qənaətdədir."Görüşün harada keçirilməsindən asılı olmayaraq, müzakirə edilən məsələlər eynidir". Bunu açıqlamasında YAP-ın icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov dünən Tiflisdə keçirilən Milli Şuranın İbrahimbəyovla görüşünə münasibət bildirərkən deyib.
S. Novruzov bildirib ki, Milli Şuradakılar atalar sözündəki kimi, "Çevir tatı, vur tatı" ilə məşğuldurlar: "Mən öncədən də bildirmişdim ki, onlar sadəcə olaraq, turist kimi gəzməyə gediblər. 20 ildir bunlar bu işlə məşğuldurlar. Bunlar özlərini başqa dövlətlərə, qurumlara, təşkilatlara bənzədirlər, yeni quruluş yaratmaq arzusu ilə yaşayırlar. Bunların hamısı utopik düşüncələrdir, xülyadan başqa bir şey deyil. Bu insanların heç bir ideyası, düşüncə tərzi yoxdur. Bunların necə fəaliyyət göstərdiyini xalq özü görür".
YAP rəsmisi qeyd edib ki, əslində Rüstəm İbrahimbəyov özü qanunu pozub: "Kimin hansı düşüncə tərzində olmasından asılı olmayaraq qanun hamı üçün eynidir. İkili vətəndaşlığı olan biri, qanun pozuntusuna yol verdiyi halda necə rəhbər vəzifəsinə iddialı ola bilər axı?"
S. Novruzov Milli Şura üzvlərinin Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmaması üçün hakimiyyətin süni maneələr yaratdığı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Bəyəm, Azərbaycan hökuməti ondan xahiş etmişdi ki, Rusiya vətəndaşı olsun. Bunlar münəccimlik edirlər, guya Rüstəm İbrahimbəyov Azərbaycana gəlsə, Moskvaya qayıtmasına mane olunacaq. Həmin şəxslər səhv cəhətlərini deməkdənsə, böhtan, şantaj, dezinformasiya xarakterli məlumatlar yaymaqla məşğuldurlar, Belə görünür ki, Rüstəm İbrahimbəyov üçün Rusiya vətəndaşı olmaq daha əzizdir".
S. Novruzov onu da əlavə edib ki, Milli Şura üzvləri İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi üçün Vladimir Putinə, Milli Şuranın vahid namizədinin seçkidə sərbəst iştirakına təminat yaradılması üçün ABŞ Konqresinə və Dövlət Departamentinə müraciət edəcəklərini deyirlər: "Prezident seçkisi Azərbaycanda keçirilir, yoxsa həmin ölkələrdə? Xalqa müraciət etməkdənsə, müxtəlif ölkələrə, qurumlara müraciətlər ünvanlayırlar. O dərəyə, bu təpəyə qaçırlar".
Fuad Əliyev