Əhlikef inqilabın Saqqallısının "Tbiliso"su
Əhlikef inqilabın Saqqallısının "Tbiliso"su

Rüstəm İbrahimbəyov dünən geri qayıtdı. Amma Bakıya yox, Tiflisə. Müxalifət və tərəfdarları onu təntənəli şəkildə qarşıladı. Amma Bakıda yox, Tiflisdə.

Açığı, bizim müxalifət liderlərinin hərəkətlərinin, xüsusilə də Milli Şuranın boz kardinalı Eldar Namazovun son bəyanatının motivlərini izah etmək çox çətindir. E.Namazov deyir ki, R.İbrahimbəyov Bakıya guya yalnız və yalnız Rusiya vətəndaşlığından məhrum edilməsinə dair arayışı ala bilməməsinin doğurduğu çətinliklər üzündən qayıtmır.

Yeni kardinalın bu cür and-aman eləməsi məni heç cür qane etmir. Biz hələ bir neçə həftə öncə yazmışdıq ki, İbrahimbəyovun MSK tərəfindən müxalifətin vahid namizədi kimi qeydə alınması yolundakı ən başlıca maneə onun ikili vətəndaşlığından - bu qeyri-leqal statusundan irəli gələn problemlərlə bağlı olacaq. Bax, onda müxalifətçilər və elə həmin bu Namazov bir ağızdan deyirdilər ki, pasport məsələsi Saqqallının (yeri gəlmişkən, Kuba inqilabı vaxtı Fidel Kastroya belə deyirdilər) seçkilərdə iştirakına heç bir problem və "əmma" yaratmayacaq. Deyirdilər ki, bu məsələ ümumiyyətlə çox xırda və əhəmiyyətsiz texniki detaldır, İbrahimbəyov bir neçə günə lazımi arayışı alıb Bakıya dönəcək...
Müxalifət bizim bütün dəlil-sübut və arqumentlərimizə, Rusiya qanunvericiliyinə və vətəndaşlıqdan məhrumetmə ilə bağlı proseduraya istinad etməyimizə, Rusiya qanunlarına görə, bu proseduranın adi qaydada bir neçə ay çəkdiyini vurğulamağımıza məhəl qoymadı. Gətirdiyimiz dəlil-sübut müxalifətdə yalnız ironik təbəssüm doğurur, sosial şəbəkələrdə isə bizi guya ələ salan şərhlərlə müşayiət olunurdu.
Bəs nəticə nə oldu? Buyurun, İbrahimbəyov Azərbaycana qayıtmadı. Onun tərəfdarları, silahdaşları və məsləkdaşları isə bu qorxaq addımı indi vətəndaşlıqdan məhrumetmə barədə arayışın alınmasındakı çətinliklərlə izah edirlər. Yəni müxalifətçilər bu bədnam Rusiya vətəndaşlığı məsələsini bayrağa çevirərək onu "əhlikef inqilab"ın Saqqallısının əlinə verdilər.
Yeri gəlmişkən, Milli Şuranın 30 iyul Tiflis iclasından fotoreportaja baxandan sonra 2013-cü il inqilabını tam cəsarətlə "əhlikef inqilab" adlandırmaq olar. Bu qəribə ad haradan gəldi, bilirsinizmi? Dəbdəbəli "Vera Palace" otelinin dəhlizlərində, zal və hollarında tənbəl-tənbəl, xumar-xumar, bir qədər də arın-arxayın, sərbəst, özündənrazı halda gəzişən əyalət adamı Gözəl Bayramlıya və madam Gültəkin Hacıbəyliyə, çeçələ barmağında gümüş üzük, əlində isə təsbeh olan cod saçlı Kərbəlayi Rövşənə və ağılsızlıq həddinə qədər sadəlövh olan ziyalı Mehman Əliyevə baxın...
Onu da deyək ki, əhlikef inqilabın lideri olan İbrahimbəyov Azərbaycan inqilabçılarının heç birinin əldə etmədiyi uğuru qazanmağa nail oldu. O, sınmış stəkanın qırıntılarından yeni və bütöv stəkan düzəldə bildi. Biz Əliyevə qarşı mübarizədə belə rəngarəng və çoxqütblü cəbhəni hələ heç vaxt görməmişdik. Amma bunun nə xeyri? Bu, təkədən pendir tutmaq kimi bir şeydir. Əgər əhlikef inqilabın Saqqallısı seçki ərəfəsində Bakıya gələ bilmirsə, əgər müxalifət 1998-ci il prezident seçkilərindən 15 il sonra Bakını siyasi mübarizə mərkəzinə çevirməyi bacarmırsa və əvvəlki seçkilərdə olduğu kimi, yalançı və uydurma liderini dinləmək üçün xaricə gedirsə (Rəsul Quliyevin boş və müqəddəs yerini indi İbrahimbəyov tutur), onda hansı uğurdan söhbət gedə bilər?
Milli Şuranın Tiflis müşavirəsinin qərarı adamı daha çox təəccübləndirir: a) İbrahimbəyov Bakıya buna yalnız "Revkom" ("İnqilab Komitəsi") icazə verəndə gələcək; b) Vladimir Vladimiroviç Putinə müraciət etmək lazımdır ki, o, İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum olunması prosesini sürətləndirməyə kömək etsin.
Tiflis forumu müxalifətin əsas problemlərini həll etmədi və siyasi gündəmdə dayanan əsas suallara cavab vermədi. Bəs əgər Putin vətəndaşlıqdan məhrumetmə prosesini sürətləndirməsə (mənsə buna zərrə qədər də şübhə etmirəm), nə olacaq? İbrahimbəyov Bakıya qayıdacaqmı? Əgər qayıdacaqsa, nə üçün qayıdacaq? Axı prezidentliyə namizədlərin qeydiyyatdan keçirilməsi prosedurası cəmi iki həftədən sonra başlayır. Bu qədər bayağı və bəsit bir qərarı qəbul etmək üçün 30-40 adamı Tiflisə - Saqqallı-liderin görüşünə göndərməyə və inqilab ərəfəsində belə bir bahalı tamaşa qurmağa dəyərdimi? Axı küçə döyüşləri ərəfəsində hər bir qəpik tərkidünya zahidlərin və altruistlərin (canfəda inqilabçıların) əlində-ovucunda qalmalı, hər qəpiyin hesabatı aparılmalı idi...
Skaypla danışmaq olmazdımı? Yoxsa özlərini güclü, inamlı göstərmək üçün belə etməyə qərar verdilər? Yoxsa Abdullanın taxçasına şığıyan Suxov sayaq İbrahimbəyov da bütün əngəl və maneələrə baxmayaraq özünü pərvanə kimi Əliyevin çırağının alovuna mütləq atacağını vəd edib? Bəlkə müxalifət Saqqallını və əhlikef inqilabı xilas etmək və bütün ümidlərin hələ itirilmədiyini öz tərəfdarlarına şəkil çəkdirməklə göstərmək üçün belə dekorativ görüş keçirmək qərarına gəlmişdi?
Nəticəni özünüz çıxarın. Lakin bir şey dəqiqdir: belə əhlikefliklə, astagəlliklə, adamın əsəblərini cırmaqlayan belə snobizm və özünəvurğunluqla inqilab eləmək olmaz. Trotski öyrədirdi ki, inqilabları adətən aşağıdakı keyfiyyətlərə malik adamlar həyata keçirir:
a) özlərinə heyfi gəlməyənlər;
b) siyasi prosesləri özləri ilə bir tutmayanlar, yəni özlərini siyasi mübarizə ilə eyniləşdirməyənlər;
c) bir anın hökmü ilə yaşayanlar;
d) qərar qəbul etməyi bacaranlar.
Bizim müxalifətçilərin tox və məmnun çöhrələrinə baxın və özlüyünüzdə bu suala cavab verin: doğrudanmı bu adamların özlərinə heyfi gəlmir, doğrudanmı onlar döyüşə atılarkən yalnız bir anın hökmü ilə yaşayırlar?
İnqilab haqda təlimlər "burada" ilə "indi"nin qarşılıqlı münasibətlərini istənilən situasiyada (avral və fors-major) düzgün qurmağı tələb edir. Əgər konflikt yaranırsa, inqilabçılar ondan qaçmır, "burada" və "indi" qərar qəbul edirlər.
İnqilabın fəlsəfəsi İbrahimbəyovdan təyyarəyə (lap elə Leninsayağı möhürlənmişinə) minməyi və Bakıya doğru can atmağı tələb edirdi. İnqilab ondan Bakıya ya qalib gəlməyə, ya da qəhrəmancasına həlak olmağa gəlməyi tələb edirdi. İnqilab riyazi tənlikləri və tətbiqi politologiyanı inkar edir. İnqilab alovlu ürəklər, soyuq başlar və praqmatik ağıl tələb edir. "İnqilab alovu, inqilab yanğını" ifadəsi buna görə yaranıb. İnqilab çox ciddi məktəbin və cəhdlərin olmasını tələb edir...
Tiflisin dəbdəbəli otelinə toplaşan adamlarda isə belə xüsusiyyətlər yoxdur. Tiflisdə məşhur tiflisli Sturuanın dediyi kimi, diktatorların sevmədiyi dram baş tutmadı. Tiflisdə sadəcə inqilab əleyhdarlarının ürəyinə yağ kimi yayılan opera ifa olundu. Bu, əsl "Tbiliso" - çin olmayan arzular, həyata keçməyən ümidlər haqda melodiya idi...
Bu insanlar başladıqları işin dəhşətli sonluqla bitəcəyini, tam iflasa uğrayacağını özləri də səmimi şəkildə bilə-bilə yenə də inqilablar beşiyi olan şəhərə niyə belə can atırdılar? Sadəcə olmayan şeyi göstərmək üçünmü? Bu adamlar özləri üçün oyun və onun qaydalarını düşünüb tapan, müəyyən mərhələdə isə ən böyük və əsl həqiqətin elə bu düşünülmüş oyundan ibarət olduğunu səmimi qəlbdən anlayan şəxslərə bənzəyirlər. İndi isə var gücləri ilə çalışırlar ki, başqalarını da buna inandırsınlar. Çünki yalan danışdıqlarını hər halda anlayırlar. Və hələ də yalan danışırlar. Lakin dayana da bilmirlər. Çünki qorxurlar. Qorxurlar ki, əgər öz səhvlərini etiraf etsələr, bu, onların cəmiyyətdəki nüfuzuna xələl gətirər...
Bəs sonra? Sonra nə olacaq? Artıq dediyimiz kimi, İbrahimbəyov qeydiyyat başlayana qədər arzu etdiyi o arayışı təbii ki, ala bilməyəcək. Vladimir Vladimiroviçə güc-bəla ilə sakitləşdirib ipə-sapa yatırdığı Qafqazda güclü çaxnaşma və qarğaşalar əsla lazım deyil. Və İbrahimbəyov Bakıya gəlməyəcək. Çünki bunun artıq heç bir mənası qalmayacaq. Və bu qeyri-adi inqilabın (beləsi hələ görünməmişdi!) bu qəribə Saqqallısının yamayıb-yapışdırıb düzəltdiyi yeni stəkan yenidən xırda qırıqlara parçalanıb dağılacaq... Bu dağınıq vəziyyət ta zəngin karbohidrogen məskəni olan Azərbaycanda yeni inqilaba başlamağa cəhd edəcək hansısa yeni qəribə Saqqallının peyda olacağı ana qədər davam edəcək...
Pyotr Qruzinskinin "Tbiliso" melodiyasındakı bu sözlər əhlikef inqilab üçün epitafiya ola bilər: "Burada keçmişdən yalnız çapıq qalıb, qalıqların isə hərəsi bir yerə səpələnib..."