Milli Şura yenə vahid namizəd tapa bilmədi
Milli Şura yenə vahid namizəd tapa bilmədi

Gərginlik isə artır

Avqustun 12-də Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası öz işinə başladı. KXCP-nin qərargahında keçirilən toplantıya elə partiya sədri Mirmahmud Mirəlioğlu sədrlik edib. M.Mirəlioğlu bildirib ki, əvvəlcədən sessiyanın mətbuata qapalı olması nəzərdə tutulub və belə də etmək lazımdır.

Müsavat funksioneri Mustafa Hacıbəyli isə deyib ki, tədbirin mətbuat nümayəndələri üçün açıq olması lazımdır: "Qoy mətbuat burada baş verənləri görsün".
Lakin M.Mirəlioğlu bununla razılaşmayıb və deyib ki, tədbirin keçirildiyi zal geniş deyil: "Zal, yerimiz dardır. Qoy insanlar azalsın və rahat nəfəs alaq". Bundan sonra heç kim tədbirin qapalı keçirilməsinə etiraz etməyib və jurnalistlər zaldan çıxarılıb. Daha sonra aydın olub ki, Milli Şuranın sessiyasında yeni vahid namizədlə bağlı konsensusa gəlmək mümkün olmayıb. Yeni (yaxud ehtiyat) vahid namizəd üçün bir neçə tanınmış fiqur irəli sürülüb. Onların adları aşağıdakılardır - professorlar Rafiq Əliyev və Cəmil Həsənli, "Turan" agentliyinin direktoru Mehman Əliyev. Bir neçə çıxışçı isə sabiq millət vəkili Gültəkin Hacıbəylinin namizədliyini irəli sürüb. Lakin qeyd olunan adların heç birinə dair konsesnsus əldə etmək mümkün olmayıb.Buna görə də, Milli Şuranın sessiyasına təklif olunub ki, yeni vahid namizədlə bağlı təkliflər və müzakirələr dayandırılsın, bu məsələyə bir həftə sonra, 19 avqustda təyin olunan sessiyada baxılsın. Buna qədər isə, Milli Şuranın mitinqi təyin olunsun və bütün hazırlıqlar onun həyata keçirilməsinə yönəldilsin. Mənbəmiz yazır ki, böyük ehtimalla mitinq 18 avqusta təyin olunacaq.Bu müddət ərzində isə Rüstəm İbrahimbəyova bir daha müraciət olunacaq ki, 17 avqusta qədər Bakıya qayıtsın, hətta Milli Şuranın 18 avqusta təyin olunan mitinqinə rəhbərlik etsin.Nəhayət son qərar çıxarılıb. Belə ki, 18 avqust, saat 17 -də Milli Şura ümumrespublika mitinqi təyin edib19 avqustda növbəti sessiya olacaq.- 19 avqust sessiyasına qədər Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olaraq qalacaq, demokratik qüvvələr şansını onunla davam etdirəcək. Milli Şuranın sessiyası saatlar sürən müzakirələrdə yeni vahid namizədlə bağlı qərar qəbul edə bilməyib.

Mehdi Əli