İri məmurlar İsmət Abbasovu yerində oturtdu
İri məmurlar İsmət Abbasovu yerində oturtdu

Kənd təsərrüfatı naziri qərarını dəyişməyə məcbur edildi

Kənd təsərrüfatı naziri İsmət Abbasov Azərbaycanda bazarların ləğv ediləcəyi ilə bağlı fikrindən vaz keçib. Daha doğrusu, nazir buna məcbur olub. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, kənd təsərrüfatı "şef"inin geri çəkilmək məcburiyyətində qalmasının səbəbkarı bəzi iri məmurlardır.

Xatırladaq ki, təxminən 20 gün əvvəl İsmət Abbasovun nazirliyi Azərbaycandakı bazarların bağlanacağının anonsunu vermişdi. Satıcı və alıcıların ciddi narahatlığına və narazılığına səbəb olan qərarla bağlı Kənd Təsərrüfatı Nazirliyi yeni açıqlamalarla çıxış edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin bazarların ləğv olunması ilə bağlı verilən informasiyanın yanlış olduğunu deyib: " Nazirlik sadəcə tədarük məntəqələrinin yaradılması məsələsini qaldırıb. Bununla bağlı müvafiq qurumlara təkliflər paketi hazırlanıb. Əsas məqsədimiz odur ki, yerlərdə fermerlərin istehsal etdikləri məhsulu alan qurum olsun ki, onlar satışda problem yaşamasın. Bazarların genişləndirilməsi, yeni tipli avadanlıqlarla qurulsun. Onların müasir tələblərə cavab verməsini irəli sümüşük. Tədarük məntəqələri özəl şəxslərə həvalə olunsun, bu cür adamlar qurulmasa, dövlət bu barədə müvafiq qərar qəbul edəcək. Bu qərar fermerlərin satış problemini aradan qaldıracaq".
Kənd təsərrüfatı üzrə ekspertlər isə nazirliyin bu cür addımla bazarları idarə etmək istəyi ilə əlaqədar olduğunu deyir. Onların fikrincə, İsmət Abbasovun nazirliyi belə yollarla bazarlardakı qiymətə təsir etmək istəyir. Lakin onların belə bir hüququ yoxdur, çünki bazarlar səhmdar cəmiyyətdir, onların hüquqlarını pozmaq, göstəriş vermək olmaz. Hökümət kənd təsərrüfatı məhsullarının anti-sanitar qaydada satılmasını qadağan edə bilər. Amma verilən ilk açıqlamalardan bəlli olurdu ki, nazirlik həmin bazarların bazasında böyük marketlər yaradılmasını istəyir. Bunun üçün isə avadanlıqların gətirilməsi planlaşdırılır. Lakin buna ehtiyac yoxdur, onuz da supermarketlərin sayı yetərincədir və onların sayı hər gün artır. Alıcı üçün seçim imkanı yaradılmalıdır. Bazar istehsalçı ilə istehlakçı arasında ünsiyyət yaratmaq üçün ən gözəl imkandır. Fermer məhsulun qiymətini müəyyən etmək üçün bazara gəlməli qiymətləri öyrənməlidir. O alıcının ən çox hansı məhsula ehtiyac duyduğunu, onun zövqünü də bu zaman öyrənə bilər.Kənd təsərrüfatı nazirliyi fermerin məhsuldarlığını, keyfiyyəti artırması ilə məşğul olmalıdır.
Nazirliyin əvvəlki qərarından geri çəkildiyinin göstəricisi olan son açıqlamaya gəlincə, ekspertlər düşünürlər ki, bu, ilk növbədə məsələnin KİV-də geniş qabardılması, ictimai dəstğək almaması ilə əlaqədardır. Bildirilir ki, nazirliyin yeni təklifləri də real deyil, çünki onsuz da, həmin qurumlar mövcuddur. Ölkədə tədarüklə məşğul olan sahibkar var. Onlar kəndlərə gedir, məhsulları alıb, qablaşdırır, paytaxtdakı bazarlara gətirilər. Bir hissəsini topdansatış bazaya, digərini isə 8-ci kilometr bazarına aparırlar. Bu cür sahibkarlar olan yerdə yenisini yaratmağa ehtiyac yoxdur. Düzdür, bəzi bazar və marketlərdə məhsulların qiyməti reallıqdan çox fərqlidir. Amma bu da bir sıra işbazların fəaliyyəti ilə əlaqədardır. Bu cür işbazlar bütün ölkələrdə var. əlbəttə, bunun üçün əlavə qurumun yaradılmasına ehtiyac yoxdur. Burada əsas məqsəd dövlət vəsaiti ilə yeni bir qurum yaratmaq, məhsulun bir hissəsinin xarab olması və s bəhanələr gətirərək, büdcədən maliyyə vəsaiti əldə etmək. Bu həm də bazarların qiymət siyasətinə asanlıqla təzyiq etmək üçün bir vasitədir. lakin bu da basurd yanaşmadır. Bazara süni müdaxilə olmamalıdır.
Bəzi ekspertlər isə İsmət Abbasovun nazirliyinin ölkədəki bazarların bağlanacağı ilə bağlı məlum qərarını qısa vaxt içində və qəfildən "geri oxumasını" bəzi məmurların təzyiqləri qarşısında davam gətirə bilməməsi ilə əsaslandırırlar. Onların sözlərinə görə, ölkədəki əksər bazarlar bir çox nüfuzlu məmurların himayəsi altındadır, onların biznes imperiyalarına daxildirlər. Odur ki, bazarların bağlanılması təşəbbüsü ilk növbədə həmin məmurların maraqlarına zidd idi. "Bu səbəbdən belə vəzifəli şəxslərin İsmət Abbasova qarşı total həmləyə keçməsi tamamilə mümkündür. O da realdır ki, məhz bəzi məmurların ciddi təzyiqləri qarşısında tab gətirə bilmədiyi üçün kənd təsərrüfatı naziri cəmi 20 gün əvvəl çıxış etdiyi təşəbbüsdən geri çəkilmək, hətta dediklərini təkzib etmək məcburiyyətində qalıb" - deyə adının çəkilməsini istəməyən kənd təsərrüfatı ekspertlərindən biri "Unikal"ın əməkdaşı ilə söhbətində bildirib.
Hesab olunur ki, bu, İsmət Abbasovun hakimiyyət daxilində dayaqlarının tamamilə zəiflədiyinin və yetərincə "dişsiz" fiqura çevrildiyinin növbəti isbatıdır.
Ülviyyə Qasımlı