Əli Bayramova bəd xəbər
Əli Bayramova bəd xəbər

"Aqrolizinq" ləğv oluna bilər

Bu il Azərbaycanda taxıl biçini mövsümündə ciddi şəkildə ortaya çıxan və xeyli məhsul itkisinə səbəb olan, yüzlərlə fermerin əlini növbəti il üçün torpaqdan soyudan kombayn çatışmazlığı probleminin əks-sədası davam edir. Mövzu ilə bağlı yeni ortaya atılan iddialar isə olduqca maraqlıdır.

Həmin iddialara keçməzdən əvvəl xatırladaq ki, respublikada mövcud olan 2660 kombaynın bir hissəsi köhnəldiyinə görə 1352 kombayn ölkənin taxıl sahələrinə çatmır. Bu ilin sonuna kimi isə ölkə prezidenti tərəfindən ayrılan 15 milyon manatla 150 yeni taxılyığan kombayn alınacaq. Amma ekspertlər hesab edirlər ki, alınacaq kombaynlar gələn il taxıl yığımında yenə kifayət etməyəcək. Çünki fermerlərin ehtiyacını tam ödəmək üçün 4 min kombayna ehtiyac var.
Ekspertlər bildirirlər ki, taxıl yetişən kimi onu biçmək lazımdır. Əks halda yağmaq ehtimalı olan yağış fermerin aylarla qulluğunda dayanaraq becərdiyi taxılı məhv edərək fermerin həm zəhmətini, həm də ailəsinin dolanışığını hədər edə bilər. Bu il də məhz kombayn çatışmazlığı ucbatından fermerlər taxılı zəmilərdən vaxtında biçmədilər və yağış məhsulun bir hissəsini məhv etdi. Digər tərəfdən isə vaxtı ötdüyündən buğdalar dağılaraq yerə tökülüb zay olmaq təhlükəsi ilə üz-üzə qaldılar.
Ekspertlər təəssüflə bildirirlər ki, fermerlər hər il kombayn problemi yaşayırlar. "Bu, artıq fermerlərin ənənəvi probleminə çevrilib. Kombaynların çatışmazlığı bir sıra hallarda taxılın tarlada qalması və taxıl sahələrinin yararsız hala düşməsinə səbəb olur. Bu il də kombayn çatışmazlığı Azərbaycanda taxıl istehsalına mənfi təsir göstərəcək. Çünki fermerlərin kombaynla təmin edilməsində problemlər var. Fermer təsərrüfatlarının ayrıca kombayn almaq və ayrıca kombayndan istifadə etmək imkanları yoxdur. Fermerlər kombayn problemini bu texnikanı icarəyə götürməklə həll edirlər. Təəssüflər olsun ki, hazırkı durum onların kombaynı icarəyə götürməsinə də imkan vermir" - deyən ekspertlərin sözlərinə görə, vaxtında biçilməyən taxıl məhv olur, gec biçilməsi həm də onun keyfiyyətinə mənfi təsir göstərir. Belə ki, tarlada çox qalan taxıl keyfiyyətini itirir.
Bəs çıxış yolu nədir? Elə yazının əvvəlində haqqında danışdığımız maraqlı iddialar da bu sualın cavabında ortaya çıxır. Bildirilir ki, bu il daha kəskin formada özünü biruzə verən kombayn çatışmazlığının aradan qaldırılması yönündə hökumət müxtəlif təklifləri nəzərdən keçirir. Bunlardan biri də kənd təsərrüfatını texnika və digər ləvazimatlarla təmin etməyə məsul olan "Aqrolizinq" Səhmdar Cəmiyyəti ilə bağlıdır.
Belə ki, hökumətdə bəziləri hesab edirlər ki, "Aqrolizinq" ləğv edilməlidir. Onlavrın fikrincə, Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyət özünü doğrultmayıb, ictimai rəydə qeyri-şəffaf, həddən artıq korrupsiyalaşmış və məsuliyyət dərəcəsi az qurum kimi tanınır, bütün bunların məntiqi sonluğu kimi, "Aqrolizinq" xətti ilə ölkədə kənd təsərrüfatının inkişafının dəstəklənməsi planı heç bir nəticə verməyib. Odur ki, ən məntiqli yol kimi, Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəçmiyyətin ləğvi təklif olunur. "Ölkənin aparıcı, nüfuzlu iqtisadçıları da eynei qənaəti bölüşürlər ki, "Aqrolizinq" ləğv olunmalıdır. Əvəzində arqrar sahədə məşğul olan insanlara güzəştli kreditlər verilməli, ilk mərhələdə yardım edilməli, bununla fermerlərin özləri öz texniki bazalarını qurmalıdırlar. Ölkədə aqrar sektorun taleyini sadəcə bir qurumdan - "Aqrolizinq"dən asılı vəziyyətə salmaq dövrün tələblərinə uyğun deyil, korrupsiya, maxinasiyalar üçün əlverişli şərait yapratmaqdan başqa bir şeyə yaramır. Bazarda rəqabət mühiti yaradılmalıdır ki, daha keyfiyyətli kənd təsərrüfatı məhsulu istehsalı üçün avadanlıqlar, gübrə, toxum materialları, pestisid və texnika gətirilsin. Bunun üçün də ayrı-ayrı fiziki şəxslərə şərait yaratmaq lazımdır ki, rəqabətli mühit olsun. Yoxsa "Aqrolizinq" kimi monstr qurub yaradıb, fermerləri ondan asılı vəziyyətə salmaq düzgün deyil. Əli Bayramovun rəhbərlik etdiyi qurum faktiki olaraq inhisarçılıqla məşğuldur, fermerlər üzərində diktəedici gücə malikdir. Bu yolverilməzdir. Kənd təsərrüfatının inkişafına yox, daha da çöküşünə xidmət edir. "Aqrolizinq"in gətirdikləri avadanlıqlar, texnika, kənd təsərrüfatı materialları da həm dəyəri yüksəkdir, həm də keyfiyyəti aşağıdır. Halbuki bununla daha çox məşğul olan olmalıdır ki, həm fermerlər üçün seçim imkanı yaransın, həm yaranan rəqabət qiymət və keyfiyyətə müsbət təsir etsin. Əks halda - bu vəziyyət davam edərsə, kənd təsərrüfatında hansısa irəliləyişlərə nail olmaq mümkün olmayacaq" - deyə bizimlə söhbətində mövzu ilə bağlı danışan adının çəkilməsini istəməyən mənbə bildirib.
Mənbə hökumətin məhz bu reallığı da nəzərə alaraq, "Aqrolizinq"in ləğvi məsələsində yaxın gələcəkdə addımlar ata biləcəyi ehtimalını yüksək qiymətləndirir.
Ülviyyə Qasımlı