Şahin Mustafayevin nazirliyi "Yapı Kredi Bank Azərbaycan"ı niyə vurdu
Şahin Mustafayevin nazirliyi "Yapı Kredi Bank Azərbaycan"ı niyə vurdu

Bankın iri məbləğdə cərimələnməsi ilə bağlı bəzi iddialar var

Xəbər verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Yapı Kredi Bank Azərbaycan" QSC-yə 30.9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib.

İqtisadi İnkişaf Nazirliyindən daxil olan xəbərə əsasən "Worldcard" kredit kartının yayımlanan reklamlarında istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəbolma əlamətləri olduğuna görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Yapı Kredi Bank Azərbaycan" QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Xidmət tərəfindən reklam bazarında aparılan monitorinqlər zaman "Yapı Kredi Bank Azərbaycan" QSC-yə məxsus bukletdə "Worldcard" kredit kartı vasitəsilə worldcard embleminə təsadüf etdiyiniz bütün alış-veriş yerlərində faizsiz və ən müvafiq şərtlərlə hissə-hissə alış-veriş edə bilərsiniz" məzmunlu reklam xarakterli məlumatların verildiyi müəyyən edilib.
Bəzi iddialara görə, adıçəkilən bankın iri məbləğdə cərimələnməsindən biri onun son vaxtlar ölkənin bank sektorundakı mövqelərinin güclənməsi ilə bağlıdır. Hazırda "Yapı Kredi Bank Azərbaycan" ölkəmizdə icra olunan bir çox iri layihələrin pul köçürmələrini həyata keçirir. Bu da bankın gəlirlərini artırmaqla bərabər, bank bazarında xeyli önə çıxmasına səbəb olub.
İstisna edilmir ki, əksəriyyətinin arxasında bir çox məmurların dayandığı aparıcı banklar "Yapı Kredi Bank Azərbaycan"ın bu uğurlarını həzm etmirlər və ona görə də Şahin Mustafayevin nazirliyinin əli ilə adıçəkilən maliyyə quruluşunu hədəf seçirlər.
Qeyd edək ki, YapiKredi İnvest Azərbaycanda qiymətli kağızlar bazarının öndə gedən broker şirkətlərindən biridir. YapiKredi İnvest vətəndaşların kapitalını bazarda mövcud hər bir alət üzrə ( Dövlət İstiqrazları, Milli bankın notları, Korporativ sektorun istiqrazları və şirkət səhmləri) investisiya etməklə yanaşı fond bazarı haqqında onlara ətraflı məlumat edir.
Digər tərəfdən qisa və yaxud uzun müddətli borclanmaq istəyən hüquqi şəxslər YapıKredi İnvestlə əlaqə saxlaya bilər. Bank underwriter kimi onların korporativ istiqrazlarını emissiya edə bilər və yaxud ən sərfəli təkliflərlə onları müvafiq investorlara müqaviləyə uyğun olaraq sata bilər. Bununla belə, son vaxtlar bankın əsas maliyyə uğuru ölkəmizdə həyata keçirilən iri layihələrin (bu sırada Bakıda inşa edilən 60 min nəfərlik, qeyri-rəsmi rəqəmlərə görə, büdcəsi ilkin olaraq 600 milyon manatın üzərində təşkil edilən stadion göstərilir) pul köçürmələrinin həyata keçirilməsini ələ alması göstərilir. Bunun isə bank sektorumuzda arxasında müəyyən məmurların dayandığı bəzi banklar tərəfindən qısqanclıqla qarşılanır.
Odur ki, Şahin Mustafayevin nazirliyinin "Yapı Kredi Bank Azərbaycan"ı yüksək məbləğdə cərimələməsini təsadüfi qarşılamayanlar var.
Günel Əkbər