Mitinq "Milli Şura"nın sonu olacaq
Mitinq "Milli Şura"nın sonu olacaq

Prezident seçkiləri öncəsi aqressiv müxalifət düşərgəsində baş verənlərin təhlili onu deməyə əsas verir ki, "birlik" imitasiyası yaradan, cəmiyyətə özlərini "yeni qüvvə" kimi təqdim edən "psevdoqəhrəmanlar" əslində inkarçı xislətdən hələ də azad ola bilməyiblər. Düşərgə təmsilçilərinin vaxtaşırı müxtəlif adlar altında "birlik" formatları yaratmaları da ictimai rəyə hesablanmış addım kimi dəyərləndirilə bilər.

"Milli Şura"nın son toplantısı qurumun siyasi taleyini həll etmiş oldu. Qurumda təmsil olunan partiya rəhbərləri arasında ikitirəlik və "vahid namizəd" məsələsində yekdil mövqenin olmaması bu oyuncaq qurumun da iflasa doğru irəlilədiyini bir daha sübut etdi. "Vahid namizəd" məsələsində qərarın verilməsində Müsavat və AXCP arasında fikir ayrılığının yaranacağı gözlənilsə də, bunun tam əksi baş verdi. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər KXCP, ALP və "EL" hərəkatı adından danışaraq "Milli Şura"nın "ikinci namizəd"inin olmasının əleyhinə çıxdı. KXCP sədri Mirmahmud Mirəlioğlu da Sülhəddin Əkbərin bu fikri ilə razılaşdı. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə bildirdi ki, "ikinci namizəd" olmamalıdır: "Bizim əvvəldən qərarımız Rüstəm İbrahimbəyov olub. İndi başqa namizəd seçsək, bizə gülərlər".
Dağıdıcı müxalifətin iki "liderinin" - İsa Qəmbərin və Əli Kərimlinin "Milli Şura"ya təklifləri keçmədi. Müsavat və AXCP rəhbərləri Cəmil Həsənlini yeni (ya da ehtiyat) "vahid namizəd" edə bilmədilər. "Vahid namizəd"lə bağlı müzakirələrin 19 avqust sessiyasına saxlanılması situasiyaya tam aydınlıq gətirdi. Beləliklə, qurum üzvləri yalnız mitinqin vaxtını təyin etməklə işlərini başa çatdırdılar. Qurumun avqustun 18-nə təyin etdiyi mitinq əslində AXCP və Müsavat Partiyası rəhbərliyinin "cırtdan" saydıqları KXCP, ALP və "EL" hərəkatına qarşı "revanş günü" kimi də qəbul edilə bilər. "Vahid namizəd" məsələsində qurum üzvlərinin dəstəyini ala bilməyən AXCP və Müsavatın rəhbərliyi "mitinq şousu" göstərməklə əslində qarşı tərəfin sosial bazasının zəif olmasına diqqəti cəlb etməyi planlaşdırır. Təbii ki, özlərini müxalifətin "real gücü" sayan İsa Qəmbər və Əli Kərimli bununla da "cırtdan" partiyaları oyundankənar vəziyyətə salmaqla siyasi dividend qazanmağa cəhd edirlər.
"İbrahimbəyov" variantı ilə bağlı gözləntilərin özünü doğrultmaması və "Milli Şura" üzvlərinin ayrı-ayrılıqda özlərini "vahid namizəd" kimi görmələri situasiyanı tamamilə dəyişib.
Düşərgə daxilində aparılan separat danışıqların açılması, formal "birlik" görüntüsü yaratmaq cəhdlərinin effektivsizliyi, eləcə də qarşılıqlı kompromatların artması bu düşərgədə ciddi kataklizmlərin yaşandığnı göstərir. Faktiki olaraq müxalifətçilər bir-birinin iç üzünü açmaqla partiya rəhbərləri arasında qeyri-səmimi münasibətlərin olduğunu bir daha təsdiqləyirlər.
Kinorejissor açıqlamasında konkret olaraq seçkidə iştirak etməyəcəyini bəyan edib. Bununla ifrat radikal düşərgədə "vahid namizəd" məsələsində faktiki olaraq antoqonist ziddiyyətdə olan iki qüvvə üz-üzə qalıb. AXCP və Müsavat Partiyasının rəhbərliyi ilə KXCP, ALP və "EL" hərəkatı "lider"ləri arasında başlanan konfrantasiya qurumun nəzərdə tutduğu 18 avqust mitinqindən sonra daha da dərinləşəcək. Bu isə "Milli Şura" və "vahid namizəd" ideyasının mif olduğunu bir daha sübut edəcək.
Mehdi Əli