Hacıbala Abutalıbovla bağlı çətin dilemma
Hacıbala Abutalıbovla bağlı çətin dilemma

Bakı meri paytaxtda yeni narazılar yaratmaqla özünə seçkidən sonra hansı perspektivi hazırlayır?

Bakının ən mərkəzi yerlərindən birində məskunlaşanlar da köçürülür. Belə ki, "İçərişəhər" metrosunun arxasında söküntü və tikinti işləri aparılır. Orada yaşayanlar bu səbəbdən cüzi məbləğdə kompensasiya müqabilində mənzillərindən çıxarılır.

Sakinlərdən biri bildirib ki, evinin sahəsi 16 kvadratmetrdir. "32 min pul təklif edirlər. Gedək, axtaraq görək, o qiymətə Bakıda ev tapmaq mümkündür? Axı bura paytaxtın ən qiymətli yeridir. Heç olmasa, bunu nəzərə alsınlar" - deyə İlyas Əfəndiyev küçəsi 18 ünvanında yaşayan sakin bildirib.
Sakinlərin sözlərinə görə, burada söküntü-tikinti işləri başlanandan günləri qara olub. Kiminsə ərazidə hotel tikdirməsi adamları ev-eşiklərindən pərən-pərən salıb. "Evlərimiz onsuz da qəzalı vəziyyətdə idi. İndi lap dözülməz olub. Burda yaşamaq mümkün deyil. Ya normal kompensasiya versinlər, çıxıb gedək, ya da mənzillərimizi təmir etsinlər. Axı nəyə görə hotel tikintisinə görə evlərimizdən getməliyik?" - deyə sakinelər etirazlarını bildirirlər.
İçərişəhər sakinlərindən olan İradə Xəlilova isə bu arada "Azadlıq" radiosunun "qaynar xətt"inə şikayət edib. Onun sözlərinə görə, hər hotel tikənin qarşısından qaçmaqdansa birləşib haqlarını tələb etsələr, nəyəsə nail ola bilərlər: "İyul ayından bildiriş gəldi ki, evlər söküləcək, kompensasiya ödəniləcək. Ancaq nə vaxt ödəniləcək, nə qədər ödəniləcək, bunu yazmayıblar. Biri gəlir hotel tikirəm, çıxın bayıra, o biri gəlir, ticarət obyekti tikirəm, köçün gedin. Digəri gəlir ki, park salıram, yığışın gedin. Bu, nə vaxta qədər davam edəcək? Niyə ev-eşiklərimizi pay-püşk edib getməliyik? Bizim mərkəzdə yaşamaq haqqımızı kim alıb əlimizdən? Nə vaxta qədər mərkəzdən Qaradağa, Hövsana qovulacağıq?".
İçərişəhər sakinlərinin dediyinə görə, yeni üslubdakı tikililər İçərişəhərin tarixi qoruq kimi qalmasına əngəl yaradacaq. "Çox az köhnə tikili qalıb. Onları da yerlə-yeksan eləsinlər, görək sonrakı istəkləri nədir. Hara baxırsan, ofislər, xarici vətəndaşlar. Nə İçərişəhər qalıb, nə də içərişəhərlilər. Hissə-hissə, bala-bala sökürlər. Birdən sökmürlər ki, gözə görünməsin" deyə sakinlər vurğulayırlar.
Burada ən maraqlı məqam isə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı şəhər İcra Hakimiyyətinin metronun "İçərişəhər" stansiyasının arxasında söküntü və tikinti işləri barədə heç bir məlumat verməməsidir. Odur ki, İçərişəhər sakinlərinin ərazidə hotel tikiləcəyi barədə dediklərinin nə qədər həqiqəuyğun olub-olmadığını müəyyənləşdirmək çətindir.
Amma qaranlıq qalan Abutalıbovun rəhbərlik etdiyi meriyanın məsələ ilə bağlı müəmmalı susqunluğu, işi gizli saxlamaq cəhdi, heç bir məlumat vermək istəməməsidir. Bunlar sakinlərin ehtimalının doğru olduğunu düşünməyə əsas yaradır.
Digər tərəfdən, Hacıbala Abutalıbovun seçki ili kimi həssas bir dönəmdə vətəndaşlarda narazılıq yaradan addımlar atması, yaxud belə addımlara "yaşıl işıq" yandırmağa davam etməsidir. Ölkə başçısı ilin əvvəlindən iki dəfə - fevral və avqust aylarında bu məsələ ilə bağlı məmurlara sərt xəbərdarlıq edib. O, vəzifəli şəxslərdən vətəndaşları incitməməyi tələb edib, əks halda belə məmurların sərt şəkildə cəzalandırılacağını deyib.
Belə olan halda paytaxtda meriyadan davamlı şikayətlərin gəlməsi Hacıbala Abutalıbovun seçki dövründə əhalini hökumətdən narazı salacaq addımlar atdığı görüntüsü yaradır. Şəhərin mərkəzi ünvanlarında yaşayanlarının Bakı şəhər İcra Hakimiyyəti ilə ard-arası kəsilməyən kompensasiya davaları onları seçki ilində yersiz şəkildə hökumətdən incik salır. Bəzilərinin fikrincə, bu, paytaxt merinə seçkidən sonrakı dönəmdə başağrısı yarada bilər.
Nəzərə alsaq ki, bəzi KİV-lər seçkidən sonra Abutalıbovla bağlı iki iddianı tez-tez gündəmə gətirirlər; bunlardan biri onun postu ilə vidalaşmasının mümkünlüyü, digəri isə tam əksinə - baş nazir müavinliyinə gətiriləcəyi ilə bağlıdır. Əgər Abutalıbovdan gələn şikayətlərin intensivliyi dayanmasa, onda ikinci variantın reallaşması tam qeyri-real olacaq. Əvəzində onun birinci variantlav qarşılaşması qaçılmaza çevriləcək.
Ülviyyə Qasımlı