Milli Şura başını itirib
Milli Şura başını itirib

"Milli Şura"dakı bütün cəhdlərinə baxmayaraq, Əli Kərimli və İsa Qəmbər Cəmil Həsənlini əlavə namizəd kimi ortaya çıxara bilmədilər

Nə zamandır söyləyəndə ki, Azərbaycan siyasətinin gerçək rəqabətə ehtiyacı var, rəqiblərimiz olan müxalif cəbhəyə yeni simalar, yeni nəfəslər lazımdır, bəzi ağzı göyçəklər və həmin ağıza çullu dovşanı sığdırmayanlar ya istehza, ya da ironik bir eyhamla ötüb keçirdilər:

Bizim gücümüz var, hakimiyyətlə bərabər səviyyədə mübarizə apara bilərik, seçkinin taleyinə təsir etmək iqtidarındayıq, filan-fəsman...
Oysa ki, bu gün ortalığa hakim kəsilən mənzərə növbəti dəfə onların deyil, bizim dediyimizi təsdiq edir, bizim ehtimal və proqnozlarımız düz çıxır, ya da belə deyək, Azərbaycan xalqı siyasi qüvvələrə vermiş olduğu dəstək xəttində əsatirləri, mifləri, nağıl qəhrəmanlarını deyil, bu millətin maraqları və mənafeyi uğuruna gerçək missiya daşıyan, ortalığa böyük bir zəhmət qoyan insanları dəstəkləyir.
Təsəvvür edin, səsvermə anına 55 gün qalıb. Amma siyasi qütblərdəki rentabellik, ab-hava, dinamika hansı səviyyədədir. Və ya bir tərəfdə nəinki seçki sənədləri təsdiq olunmuş, hətta artıq namizədliyin qeydiyyatı üçün tələb olunan imzaları belə toplanmış, eyni zamanda Azərbaycan xalqının əhəmiyyətli bir qisminin özünə lider qəbul elədiyi insan dayanıb, qarşı tərəf isə hələ xaos içindədir.
Ortalıqda tam pərakəndəlik, qeyri-müəyyənlik var. Və heç cür özlərində təpər tapıb toparlana bilmirlər ki, barı heç bir zaman həyata keçirə bilmədikləri, bilməyəcəkləri arzu və niyyətləri bəlli etsinlər. Yəni heç olmasa bilək ki, qarşımızda duran kimdir, opponentimiz kimdir, mübarizə aparacağımız tərəf kimdir.
Və ya təsəvvür edin ki, özünü radikal müxalifətin birliyi adlandıran Milli Şura 55 gün müddətinə həm seçki sənədlərini hazırlamalı, həm imza toplamalı, həm təbliğat aparmalı, həm də etimad qazanmalıdır. Yəni 20 ilə görə bilmədikləri işi bu qədər qısa müddətdə, bu qədər rahat və "asta-gəlim" formada görməlidir. Bunu isə nəinki reallıqda, heç yuxuda belə həyata keçirmək mümkün deyil.
Vəziyyət bu düşərgədə o qədər qəlizləşib ki, artıq ağız deyəni qulaq eşitmir. Ortalığa sözün əsl mənasında analoqu olmayan xaos çöküb. Rabitəsiz nitqlər, açıqlamalar, fikirlər bir-birini əvəzləməkdədir...
Əli Kərimli AXCP-nin son müşavirəsində deyir ki, əgər Rüstəm müəllimin pasport məsələsi həllini tapmasa daha bir vahid namizəd müəyyənləşməlidir. Təsəvvür edirsinizmi? Bu adam hələ "vahid" sözünün mənasını bilmir. Və ya ortalıqda İbrahimbəyovdan başqa növbəti namizəd olacaqsa, bunun daha nəyi vahid oldu ki?
"Milli Şura"dakı bütün cəhdlərinə baxmayaraq, Əli Kərimli və İsa Qəmbər Cəmil Həsənlini əlavə namizəd kimi ortaya çıxara bilmədilər. Bilirsinizmi niyə? Çünki bu qondarma təşkilatda nüfuz məsələsi ta yarandığı gündən etibarən qeyri-bərabər proporsiyada bölünüb. Namazov və İbrahimbəyov istehkamına hələ də yaxınlaşmaq mümkün deyil. Onların sərgilədiyi bütün o qorxaq, cəsarətsiz, rabitəsiz addımlara rəğmən!
Hətta görün bunların təşkilat daxilində hegemonluğu hansı həddə qədər vüsət alıb ki, müxalifətin özündən deyən liderlərini belə şantaj eləməkdən qorxmurlar. Və deyim ki, ortalıqda açıq nümunələr də var. Məsələn, o gün İbrahimbəyov verdiyi müsahibədə bəyan edir ki, mən olmasam vəsait də olmayacaq! Həmin vəsaiti toplamaq üçünsə xarici səfərlərdə daha çox olmam gərəkdir, nəinki Azərbaycanda.
Yaxşı, nə deməkdir bu? Müxalifətimi aşağılamaqdı, xalqımı ələ salmaqdır, yoxsa pul gücü ilə hər şeyi dəyişməyin mümkünlüyünə özünü və ətrafındakıları inandırmaqmı cəhdidir? Və ya bu kəlmələrin, deyiliş tərzinin ümumiyyətlə bir açması, açıqlaması varmı? Hər halda düşünürəm ki, var və mahiyyət də ondan ibarətdir ki, Milli Şuranın vahid namizədi artıq Azərbaycan xalqı ilə bütün mənəvi bağların qırıldığınının fərqindədir və buna uyğun olaraq da özünün və komandasının gücünü xaricdən ala biləcəyi maliyyə dəstəyi ilə bərpa etməyə çalışır.
Eyni zamanda bir başqa görünən tərəf də budur ki, Azərbaycan siyasətinin diletantı olan İbrahimbəyovun ölkədəki seçki qanunvericiliyindən də xəbəri yoxdur. Yox əgər xəbəri olsaydı, o zaman bilərdi ki, seçki prosesinin xarici mənbələr hesabına maliyyələşməsi qəti qadağandır. Xalqın deyil, haqqında danışdığı pullar hesabına ölkədə siyasi hakimiyyəti dəyişməyə cəhd isə qatı və ağır cinayətdir. Həm də sorğu-sualsız!
Amma deyim ki, bütün bu söylədiklərimə rəğmən İbrahimbəyova dolu bir təşəkkür də düşür. Ən azından məqsədini və məramını bəlli etdiyi üçün. Ya bilərəkdən ya da bilməyərəkdən özünü ifşa etdiyi üçün!
Odur ki, bu sadaladığım mənzərənin, tablonun fonunda kimsə bizi rəqiblərimiz üzərinə çox, artıq, aqressiv getməkdə ittiham etməsin! Çünki heç nə göründüyü deyil. İnanın, deyil. Əksinə, onların sərgilədiyi fəaliyyətə adekvat olaraq deyilməsi gərəkənin yarısı belə deyilmir. Edilməsi gərəkənin də böyük bir hissəsi edilmir. Hərçənd deyilməlidir və edilməlidir! Çünki, bizlərin hədəfi qarşı tərəfdə duran antimilli ünsürləri zərərsizləşdirməkdirsə, onların hədəfi hər birimizin timsalında Azərbaycan xalqının məhvidir, bu dövləti yenidən xaosa aparmaqdır və nəhayət - şəxsi ambisiyalar, fərdi maraqlar səbəbi ilə bütöv bir milləti hansısa qüvvənin, xarici dövlətin sərəncamına peşkəş etməkdir.
Belə bir şansı isə onlara 20 ildən sonra yenidən tanımağa heç birimizin mənəvi haqqı yoxdur!
Elşən Musa