"Tədbiri mitinq yox, piket adlandırmaq daha məqsədəuyğun olardı"
"Tədbiri mitinq yox, piket adlandırmaq daha məqsədəuyğun olardı"

"Bizim müxalifətin bir qismi imkanları çatmayan işin qulpundan yapışır, edə bilməyəcəkləri öhdəlikləri üzərlərinə götürür və həqiqətə uyğun olmayan vədlər verirlər".

Bu sözləri açıqlamasında müxalifətin dünənki aksiyasına münasibət bildirərkən Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova deyib.
O, aksiyadan əvvəl həmin müxalifət təşkilatları tərəfindən aksiyaya on minlərlə insanın qatılacağı barədə proqnozlar verildiyini xatırladıb və əlavə edib ki, onlar heç vaxt verdikləri sözə əməl edə bilməyiblər.
"İstər fərd olsun, istərsə də hansısa siyasi qrupun rəhbəri, hansısa vəd verərkən öz imkanlarını, potensiallarını düzgün hesablasınlar, ona uyğun vədlər versinlər, proqnozlar hazırlasınlar. Çox təəssüf ki, bizim müxalifətin bir qismi özlərini Milli Şurada təmsil olunmuş halda təqdim edirlər. Hər zaman olduğu kimi, bu prinsiplərdən kənar hərəkət etməyə üstünlük verirlər. Dünənki aksiya da belə bir dırnaqarası fəaliyyətin açıq nümayişi idi. Bu, əlbəttə ki, fiaskodur. Bunun başqa adı yoxdur. Onu mitinq adlandırırlar. Dünənki tədbiri mitinq yox, piket adlandırmaq daha məqsədəuyğun olardı. Nəzərə alsaq ki, orada mətbuat orqanlarının nümayəndələri və mitinqə aidiyyatı olmayan adamlar olub, ona görə də həmin aksiyanı həqiqi mənada, bu dırnaqarası qurumun qarşıya qoyduğu hədəflərə çatmayacağını sübut edən faktdır", - Bahar Muradova əlavə edib.
Milli Məclisinin sədr müavini deyib ki, bu müxalifət təşkilatlarının əllərində olan və istinad etdikləri yalnız ümiddir.
"İnsanın son ümid yeri elə ümid olsa da, bu ümidə əsas verən arqumentlər və faktlara da ehtiyac var. Milli Şurada bu da yoxdur. Onların son ümidi bu seçkidə sona qədər iştirak etmək niyyəti ola bilər, əgər bunu edə bilsələr".
Bahar Muradova xatırladıb ki, Milli Şuranın vahid namizəd məsələsi reallaşmır. Hal-hazırda nəinki vahid, eyni zamanda çoxsaylı namizədlərdən söhbət gedə bilər. O hesab edir ki, bu qurumun elə yarandığı vaxtdan üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməyəcəyi bəlli idi.
"Təcrübədən onu demək olar ki, (biz uzun zamandır o düşərgəni və o düşərgədə təmsil olunan insanların fəaliyyətini müşahidə etməkdəyik) bu insanlar seçkidə iştirak etməyi özləri üçün şans hesab edirlər. Sadəcə iştirak onları qane edə bilər. Bundan artıq nəticə gözləməyə dəyməz. Çünki istər bu qurum, istər bundan əvvəl ayrı-ayrı dövrlərdə yaradılan, həmin adamlardan ibarət çoxsaylı qurumlar heç vaxt nə müəyyən olunmuş vaxt çərçivəsində, nə də qarşıya qoyulmuş hədəflərə müvafiq fəaliyyət nümayiş etdirə bilməyiblər. Çünki vahid ideya, vahid lider, bu düşərgədə olan insanların çoxlarının dəstəklədiyi lider olmadığı təqdirdə konkret nəyəsə nail olmaq mümkün deyil. Bunu nəinki Azərbaycan, dünya təcrübəsi də sübut edir. Ona görə də hesab edirəm ki, bu seçki marafonuna qoşulanlar sadəcə iştirakla kifayətlənməli olacaqlar, amma əlbəttə ki, qalibiyyət başqa tərəfdədir, onun da hansı tərəf olduğunu siz çox gözəl bilirsiniz", - B.Muradova vurğulayıb.