Vüqarlı dostumuz Vüqar
Vüqarlı dostumuz Vüqar

On yaşımdaikən atamı itirmişdim.Beş ildir ki bacımı itirmişəm.Ancaq hələ də bacımın itgisinə inana bilmirəm ki, bilmirəm. İndi də ən yaxın dostlarımdan birini itirdim. Orta məktəb yoldaşım, dostum Əhmədov Vüqar Məmməd oğlunu. O 1968-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdu. 10 il (1975-1985) bir sinifdə oxuduq. Uşaqlıq illərinin bütün xatirələri demək olar ki, onunla bağlıdır. Hətta tələbəlik illərim də onunla bir yataqxanada keçib.
Böyük qardaşı Maliklə İnşaat Mühəndisləri İnstitutunda eyni fakultədə təhsil alırdıq. Ona görə də Vüqar həmişə bizim aramızda olurdu. Çox inadkar, dönməz, vüqarlı bir oğlandı. Ən çox bel bağladığım dostlarımdan biri idi. Uşaqlıqdan idmana böyük həvəsi vardı. Əsl futbolçu ola bilərdi. Əsgərliyə qədər Qazağın Damcılı futbol klubunda məşq edirdi. Əskərliyini Rusiyanın Primorski vilayətində(1986-1988)xidmət edirdi. Yaxşı sədalarını eşidirdim. O zamanlar əskərlikdə bəzi polklarda hər millətin qeyri-leqal öz Millət başçısı olurdu. Vüqar da öz polklarında "Millət başçısı seçilmişdi. Bu əskərlik üçün ən əlçatmaz zirvə idi. Sonralar Moskvada bizneslə məşğul oldu. Böyük hörmət qazandı. Ümumiyyətlə Vüqar harda olursa olsun çalışırdı birinci olsun və olurdu da. Ölümü ilə də sinif yoldaşlarımızdan(oğlanlardan) birincisi oldu. Böyrək çatışmamazlığından əziyyət çəkdi. Bir neçə dəfə böyrək əməliyyatı üçün İrana getdi, əməliyyat olunmadan qayıtdı. Bir-birimizə "Oğlan deyə müraciət edirdik. İrandan gəlmişdi. Ona həsr etdiyim şeirimi oxudum. Çox xoşuna gəldi.

Min cür dərdi, sərin tapılsa əgər,
Tapılar minbir cür dərmanı oğlan.
Hər oddan,alovdan,dardan çıxarsan,
Yaradan verməsə fərmanı oğlan.
Ömrümüz çox azdır,yüz yaşasaq da
Əməli,əqli düz yaşasaq da.
Kasıb yaşasaq da, uz yaşasaq da
Verərik torpağa hər canı oğlan.
İstər kef çəkiynən,istərsə zarı
Heç sağalmaz xəyanətin azarı
Məzara qoyasan mərdiməzarı
İtirmək çətindir mərdanı oğlan.
Qəlb qırılıb,düşüncələr devrilib
Həyat yolu siyasətə çevrilib
insanlar hər dinə, hər dona girib
Seçilmir yaxşısı, yamanı oğlan.
Bəxtiyar dostları ürəkdən seçər
Bu yolda canından,varından keçər
Yüz il yaşayanlar bir anda köçər
Çünkü yox fələyin amanı oğlan.
Hamımız böyrək əməliyyatına adi bir əməliyyat kimi baxdıq,Vüqar özü də başda olmaqla. İrana tək gedib-gəlirdi. Heç kimin onunla getməsinə razı olmurdu. Ancaq həmişə təriflədiyimiz İran həkimlərinin səriştəsizliyi ucbatından əməliyyatdan öncə insult oldu və İran xəstəxanasında dünyasını dəyişdi. El-obamız üçün, kəndimiz Qaymalı üçün böyük bir itgi oldu. Üç körpə balası atasız qaldı. Həyatda hər nə baş verirsə Allahın işidir. Allah ailəsinə kömək olsun. Onu da deyim ki, 12 yaşlı oğlu Məmməd akrobatika üzrə dəfələrlə Moskvada və Bakıda müxtəlif çempionatların qalibi olmşdur. Vüqar Məmmədin medallarını sayaraq fəxr edirdi. Son üç ildə sərbəst güləş ilə məşğul oldu və bu ilin əvvəllərində Balakəndə keçirilən güləş üzrə Azərbaycan çempionatında Məmməd Azərbaycan çempionu oldu. Nə yaxşı ki bu fərəhli anları Vüqar özü də yaşadı. Mən inanıram ki, Məmməd böyüdükcə respublikamızda ən tanınan idmançılardan biri olcaq, atasının arzuzularınl yerinə yetirəcək.
Öz adımdan, bütün orta məktəb yoldaşlarımız adından Vüqara Allah rəhmət eyləsin, ruhu şad olsun, ailəsinə, qardaşı Malikə başınız sağ olsun deyirik.

Tez açılan tez də solan deyirlər.
Tez açıb, parlayan, tez solan dostum
Ananın, bacının, yarın, yoldaşın,
Qardaşın qəlbinə dağ olan dostum.
Bu keçmiş əsrdə bir yaşa düşdük
Gah bərkə düşdük,gah boşa düşdük
Bu matəm günləri tam başa düşdük
Dünya tam yalandı,tam yalan dostum.
Yollar bölünübdür bir də bölünməz
Yollar qaranlıqdı,nurdu bilinməz
Bəxtiyar yadından heç vaxt silinməz
Dostların gözündə sağ qalan dostum.
Bəxtiyar Rüstəmoğlu