Alternativ enerji mənbələri axtarışında
Alternativ enerji mənbələri axtarışında

Mais Güləliyev: "Alternativ enerji qaynaqları elə qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilə bilər"

Hazırda alternative enerji mənbələrinin aşkarlanması dünyanın bütün hökumətlərinin diqqət mərkəzindədir. Bu, birinci, növbədə, ənənəvi enerji mənbələrinin (neft və qaz) bütüm planet üzrə tədricən tükənməsi ilə bağlıdırsa, digər tərəfdən isə bu ehtyatların planetin ekologiyasına vurduğu sağalmaz yara ilə ilgilidir.
Buna görə də təsadüfi deyil ki, Amerika prezidenti Obama Ağ Evin Günəş panellərinin sayəsində elektrik enerjisi ilə təchiz edilməsi layihəsinə start verib.
Azərbaycan bu baxımdan da zəngin imkanlara malikdir. Unutmayaraq ki, ölkəmizin ünvanına işlədilən "Günəşli Azərbaycan" ifadəsi bu zənginliyə birbaşa işarədir.
Coğrafiya İnstitutu ölkədə Günəş və külək enerjisindən geniş istifadə olunması məqsədilə tədqiqatlar aparır. Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, alimlərimiz günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışır. Tədqiqatlar YUNESKO-dan qrant dəstəyi almış "Azərbaycan ərazisində Günəş və külək enerjisinin paylanmasının CİS (coğrafi informasiya sistemi) mühitində kəmiyyətcə dəyərləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilir.
Azərbacan Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun direktoru Azad Məsiyevin "Unikal"a bildirdiyinə görə, "Alternativ enerji qaynaqları baxımından Azərbaycan güclü potensiala malikdir, lakin təəssüf ki, bu potensialdan yetərincə fayda götürülmür. Hazırda istifadə ediləməkdə olan üsullar isə texnoloji baxımdan kifayət qədər qüsurludur. Qobustan və Yaşma bölgələrində küləkdən elektrik enerjisi almaq üçün quraşdırılmış qurğular bitərəfli qaydada işləyir, yəni onlar okean bölgəsi üçü nəzərdə tutulmuş qurğulardır. Lakin bu da məlumdur ki, Abşeron yarımadasında iki növ külək - xəzri və gilavar əsir. Həmin qurğular ancaq xəzriyə hesablandığından birərəfli planda işləyir".
Ekspertin sözlərinə görə, "Azərbaycan həm də Günəş, dənizin qabarması və çəkilməsi, biokütlə mənşəli altenativ enerji mənbələrinə malik ola bilər. Biz rspublikanın Nazirlər Kabineti və Milli Məclisin müvafiq komissiyaları qarşısında bu barədə dəfələrlə məsələ qaldırmışıq. Lain təəssüf ki, onların reaksiyası sözlə dəstəkdən irəli getməyib. Məlum olduğu kimi, Azərbaycan Xəzər dənizində Neft Daşları kimi unikal bir qurğuya malikdir. Bu nadir qurğunun cüzi bir hissəsindən istifadə etməklə Xəzərə dənizinin qabarma və çəkilmə gücü vasitəsilə kifayət qədər elektirik enerjisi əldə etmək mümkündür. Müşahidələr göstərir ki, Xəzər dənizi ilin on bir ayını küləklərin təsirinə məruz qalır. Bəs niyə biz bu havayı imkandan faydalanmayaq?"
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin "Unikal"a söylədiyinə görə, "Hazırda dünya iqtisadiyyatı enerji təchizatına görə neft və qaza güvənmək məcburiyyətindəduir. Amma bu məcburiyyət həm də planetdəki həyatın tədricən məhvini hazırlayırsa, bundan çıxış yollarını axtarmaq qaçılmaz zərurətə çevirir. Azərbaycan zəngin və çoxçeşidli altenativ enerji qaynaqlarına malikdir. Çoz tez-tez qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyindən danışırlar. Alternativ enerji qaynaqları elə qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilə bilər. Bu istiqamətdə indiyə qədər görülən işlər müəyyən ümidlər doğrultsa da, qanedici səviyədə deyil".

Natiq Oruclu