"İran tərəfdə suyu bulandıran şovinistlərdir"
"İran tərəfdə suyu bulandıran şovinistlərdir"

"Neçə illərdir, hətta neçə on illərdir Nizami Gəncəvi ilə bağlı mübahisələr gedir. Məsələnin çox aydın tərəfləri var: Gəncə bütün tarixi boyu nə İran şəhəri, nə farsların yaşadığı şəhərdir". Bunu açıqlamasında Milli Məclisin Mədəniyyət komissiyasının sədri, deputat Nizami Cəfərov deyib.

"Nizami Gəncəvinin farsca yazmağına gəldikdə isə, bu, bir ənənə olub. Fars dilində yazdığına görə gərək biz Xaqanini də fars şairi sayaq, Füzulini, hətta Şəhriyarı da", - deyə N.Cəfərov əlavə edib.
Xatırtladaqq ki, İran xarici işlər nazirinin sözçüsü Seyid Əli Əraqçı Azərbaycanı mədəni istilada ittiham edib. Əraqçı jurnalistlərə açıqlamasında Azərbaycanın Nizami Gəncəvini öz şairi kimi təqdim etməsinə etirazını bildirib. İran rəsmisinin sözlərinə görə, Nizami Gəncəvinin Gəncədə yerləşən məqbərəsindəki fars dilində yazılan şeirlər təmir adı ilə ordan götürülüb. "Əgər Azərbaycanın səyləri ilə Nizaminin məqrəbəsindəki farsdilli şeirlər sabah dəyişib türk dilində yazılsa belə, bunlar onun mədəni və tarixi baxımdan fars xalqına mənsubluğunu dəyişə bilməz". Tehran Universitetinin Alimlər Şurasının üzvü Qulam Abbas Əkbəri isə daha irəli gedərək Azərbaycanı tarixə malik olmayan ölkə adlandırıb. "Öz tarixi olmayan Azərbaycan özünə mədəniyyət yaratmaq üçün istənilən yola əl atır". "Azərbaycan-İran arasında dostluq münasibətləri var. Bəzi adamlar var ki, su bulandırırlar. Onlar fars şovinizminin nümayəndələridir. Nizami fars şairi olsaydı Firdovsi, Hafiz, Sədi kimi bu qədər türk ifadələri, atalar sözləri yazmazdı. Türklər barədə dərin söhbətlər olmazdı", - deyən Komitə sədrinin fikrincə, şairin "İsgəndərnamə" poemasında Makedoniyalı İsgəndərə müəllifin rəğbəti onun fars olmadığına dəlalət edir.
"Ən əsası Nizami fars şairi olsa idi, Makedoniyalı İsgəndəri ideal hökmdar kimi təqdim etməzdi. İran ədəbi ictimai fikrində bu ola bilməz. Çünki Makedoniyalı İsgəndər farslar üçün tarixi düşməndir. Türk xalqlarında, xalq ədəbiyyatımızda Makedoniyalı İsgəndər müsbət işıqlandırılır. Nizami Gəncəvinin türk olması heç kimdə şübhə doğurmur. Xüsusən son dövrlərdə ermənilər tərəfindən iddia olunur ki, Nizami Gəncəvinin türk olması, azərbaycanlı olması Stalinin qərarı ilə bağlıdır. Əslində, bu heç də belə deyil".
Millət vəkili Nizami Gəncəvinin yaradıcılığının Azərbaycanla bağlı olduğunu bildirərək onun türk olduğunu iranlı müəlliflərin də yazdığını bildirib. "Həm türk, həm də fars alimləri 30-cu illərdən yazırlar ki, Nizaminin farsdilli şeirlərindən türk ətri gəlir. Nizami Gəncəvi barədə müxtəlif vaxtlarda səslənən kökündən yanlış fikirlərə həmişə cavab veriləcək. Nizami Gəncəvi yaradıcılığı ilə ədəbiyyatımıza o qədər bağlanıb ki, onu bu ədəbiyyatdan, bu torpaqdan qoparmaq mümkün deyil".

Vüqar İsmayılov