Ayının min oyunu və armudun kal çağı
Ayının min oyunu və armudun kal çağı

Milli Şuranın seçki bloku kimi böhran yaşaması göz qabağındadır və bunun üçün dərin düşüncəyə malik olmaq lazım deyil. Necə ki bu qurumdakılar da o qədər dərin siyasi-milli düşüncə tərzi sərgiləyə bilmirlər. Bəs bu dayazlıq və böhran haradan irəli gəlir?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "Unikal"a bildirdiyinə görə, "Milli Şurada təmsil edilən müxalifət qurumları monolit mövqe sərgiləmir. Bura siyasi bioqrafiyasının müxtəlif mərhələlərini yaşayan, bu proseslərdən fərqli nəticələr gözləyən, müxtəlif təbiətli siyasi qurumların bir araya gəldiyi vahid bir məkandır. Buna görə də mənə elə gəlir ki, "Niyə müxalifət seçkilərə vahid namizədlə getmək istəmədi?" sualı bir qədər yanlışdır. Sualın "Müxalifətdəki iki partiya niyə razılığa gələ bilmədi?" kimi qoyulması daha düzgün olar. Bunun da səbəbini izah etdim. Müxalifətdə elə aparıcı partiyaların liderləri var ki, bu seçkilərə təkbaşına getməkdə iddialıdırlar. Bu namizədlər, bəlkə də, son dəfə özünü sınamaq imkanına malikdir. Və yaxud da siyasi təqaüdə çıxmaq üçün hakimiyyətdən nəsə qoparmaq istəyir. Kimsə bu seçkilərdən nəsə umur. Ola bilsin ki, kimlərsə beynəlxalq dairələrin maraqlarından çıxış edərək bu seçkilərə qatılmaq istəyir. Və yaxud ölkə daxilində hansısa oyunları oynamaq niyyətləri var. Göründüyü kimi, müxalifətin sıraları kifayət qədər rəngarəngdir və burada hərənin öz hədəfi var".
Partiya sədrinin sözlərinə görə, "Mən bu partiyaların rəhbərlərini kifayət qədər yaxından tanıyıram və bu partiyaların daxilində baş verən hadisələrdən də məlumatlıyam. Və hesab etmirərm ki, o partiyalar prezident seçkilərinə vahid namizədlə getmək imkanına malikdir. Qeyd etməliyəm ki, bu partiyalar o vaxt bir yerdə ola biləcəklər ki, ya əvvəldən seçkiləri boykot edəcəklər, ya da seçkilərin nəticələrini tanımamaq üçün eyni mövqedən çıxış edəcəklər. Yalnız bu hallar bu iki partiyanın prezident seçkilərində birgə mövqedən çıxış etməsinə səbəb ola bilər. Bu partiyalar bütün məslələrdə bir yerdə olmuş olsaydılar, 2011-ci ildə superpartiyanı yaratmağa müvəffəq olardılar. Yəni Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat hələ 2010-cu ildə birləşmək barədə qərar qəbul edərdi. O vaxt birləşə bilmədilərsə, deməli, hədəfləri eyni deyil".
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin "Unikal"a bildirdiyinə görə, "Azərbaycan cəmiyyəti siyasi ümidlərin ovulduğu, xəzələ döndüyü cəmiyyətlərin günüə düşmək təhlükəsi qarşısındadır və bu təhlükəni yaradan bir nömrəli qaynaq hazırda Milli Şurada təmsil edilən siyasi partiyaların liderləridir. Onları bu cəmiyyətin siyasi həyatından təcrid etmək lazımdır. Mən əvvəldən də demişdim ki, Milli Şura elə yarandığı gündən ölü təşkilatdır və bu proqnozlarım düz çıxdı. Radikal müxalifət Milli Şuranı ona görə yaratmamışdı ki, özünü cəmiyyətdə təsdiq eləsin, ölkədə dəyişikliklərə imza atsın. Ona görə yaratmışdı ki, prezident seçkilərinə vahid namizədlə qatılmasın. Milli Şura ilə bağlı əvvəlcədən də heç bir eyforiyaya düşmək lazım deyildi. Forma dəyişəndə məgər məzmun dəyişir? İstəyirsinizsə, gəlin, istənilən formatda geniş bir siyasi qurm yaradaq və bu müxalifəti də ora qataq. Nə dəyişiləcək? Azərbaycan müxalifətinin itirəcəyi şeylər bu cəmiyyətə xeyir gətirər".
Partiya sədrinin sözlərinə görə, "Müxalifətdə hələ azdan-çoxdan siyasi mədəniyyət qalıbsa, siyasət meydanından çəkilməlidir. Bu addım Azərbacan cəmiyyətinə böyük xidmət olardı. Mən inanıram ki, gec, ya da tez, müxalifət bizi bu baxımdan məmnun edə biləcək. Bir vaxtlar dediyim fikri bir daha təkrarlayıram: onlar özləri də bilmədən siyasi katorqa mühitinə düşüblər, onları bu işgəncələrdən xilas etmək lazımdır".
Natiq Oruclu