Füzuli Ələkbərovun yeni çıxış yolu
Füzuli Ələkbərovun yeni çıxış yolu

Nazir ünvanlı sosial yardımlarla bağlı tələb edilən sənədləri niyə azaltdı?

Bir neçə gün əvvəl Azərbaycanda vətəndaşlara verilən ünvanlı sosial yardımlarla bağlı yeni məlumat yayıldı. Mətbuatın diqqətindən kənarda qalan həmin məlumatda iddia edilirdi ki, “Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemində mütəmadi təkmilləşdirmələr aparılıb, həmçinin yardım üçün tələb olunan sənədlərin sayı xeyli azaldılıb.

Belə ki, hazırda ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan təmsil etdikləri ailənin tərkibi və gəlirləri barədə məlumatların təqdim edilməsi üçün ümumilikdə 5 sənəd tələb olunur.
Lakin yardım üçün müraciət edildiyi zaman ailənin tərkibində demoqrafik göstəricilər və ailənin gəlir mənbələri müxtəlif olduğu hallarda digər (törəmə) sənədlərin, o cümlədən fərdi əməkdən əldə edilən gəlirlər barədə rəsmi məlumat kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və belə gəlirlər barədə müvafiq arayışların tələb olunmasına zərurət yaranır. Nazirlik “Elektron Hökumət” portalının yaratdığı imkanlardan istifadə olunmaqla ünvanlı sosial yardım üçün vətəndaşlardan tələb olunan sənədlərin sayının daha da azaldılması niyyətindədir”.
Füzuli Ələkbərovun nazirliyinin məlumatında daha sonra qeyd edilirdi ki, bununla bağlı olaraq, vətəndaşların ünvanlı sosial yardım almaq hüququna baxılması üçün onlara dair müvafiq məlumatların aidiyyatı dövlət qurumlarının informasiya ehtiyatlarından əldə olunması işlərinə başlanıb və artıq Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin informasiya ehtiyatlarından istifadə reallaşmışdır. Digər müvafiq qurumların, o cümlədən Ədliyyə Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun da informasiya ehtiyatlarından istifadənin təmin olunması işləri yaxın günlərdə başa çatdırılacaq”.
Əslində nazirliyin bu həmləsinin ciddi səbəbləri olmamış deyil. Bəzi ekspertlər Füzuli Ələkbərovun bu “təkmilləşmə” təşəbbüslərinin əslində onun üzləşdiyi iki ciddi problemdən qurtulmaq üçün “yeni çıxış yolu” kimi qiymətləndirirlər.
Bildirilir ki, belə addıma ilk növbədə Ələkbərovun işçilərinin ard-arası kəsilməz həbsləri səbəb olardı. Rayon Sosial Müdafiə Mərkəzlərində aparılan davamlı yoxlamalar zamanı ortaya çıxan maxinasiyalar, rüşvət faktları və bunların həbslərlə müşahidə edilməsi əmək və əhalinin sosial müdafiəsi nazirini xüsusilə ünvanlı sosial yardımların verilməsində müəyyən önləyici addımlar atmağa məcbur edə bilərdi. Yəni Ələkbərovun, daha çox sənəd tələb edilməsinin rüşvət və korrupsiya ehtimalını daha da artırdığını nəzərə alıb haqqında danışılan “təkmilləşdirici” addımları atdığı deyilir.
Digər tərəfdən, ünvanlı sosial yardımların verilməsinin indiki prosedurunun çox qeyri-şəffaf və çətin olması səbəbindən bu işin ASAN Xidmət Mərkəzinə həvalə edilməsi təklif olunur. Həmin təklifin əksər iqtisadçı-ekspertlərdən tutmuş millət vəkillərinədək xeyli tərəfdarı var. Hətta artıq hökumətin də bu təklifə sıcaq baxdığı deyilir.
Füzuli Ələkbərov isə şiddətlə bu təklifə qarşıdır; əmək və əhalinin sosial müdafiəsi naziri ünvanlı sosial yardımların verilməsinin nəzarətindən çıxarılmasını istəmir. Bu səbəbdən də onun belə həmlə ilə həm də məlum prosesin ASAN Xidmət-ə verilməsini önləməyə çalışdığı ehtimal olunur. Yəni nazir haqqında danışılan təkmilləşdirici addımlarla əslində ünvanlı sosial yardımların verilməsi ilə bağlı tənqidləri zərərsizləşdirir: belə görüntü yaratmağa çalışır ki, tezliklə ünvanlı sosial yardımlar elə bir şəkildə veriləcək ki, artıq bui şin ASAN Xidmət tərəfindən həyata keçirilməsinə ehtiyac qalmayacaq.
Ələkbərovun bu həmləsinin nəticə verib-verməyəcəyini demək çətindir. Amma o dəqiqdir ki, əmək və əhalinin sosial müdafiəsi nazirini tamamilə ofsayd durumuna salmaq istəyən iqtidariçi qruplar var və onlar Füzuli Ələkbərovu zəiflətmək üçün fürsət axtarırlar. Həmin qruplar olduğu müddətdə isə naziri və onun rəhbərlik etdiyi qurumu hədəfə gətirmək heç də çətin olmayacaq.
Günel Əkbər