"Cəmil Həsənli radikal müxalifəti xilas etdi"
"Cəmil Həsənli radikal müxalifəti xilas etdi"

Bədrəddin Quliyev: "Azərbaycanla Rusiya arasında anlaşma baş verəndən sonra Milli Şuradakılara ehtiyac qalmadı"

Son günlərdə ölkədə və o cümlədən Yaxın Şərqdə baş verən proseslərlə bağlı suallarımızı Cümhuriyyət Xalq Partiyasının səri Bədrəddin Quliyev cavablandırır.

-Bədrəddin bəy, tanınmış ziyalı Cəmil Həsənlinin Milli Şura tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsi nə dərəcədə gözlənilən variant idi?
-Son bir neçə ayda Azərbaycanla bağlı ciddi siyasi-geopolitik proseslər baş verdi və fikrimcə, bu prosesin son halqası Rusiya prezidentinin Bakı səfəri oldu. Milli Şurada təmsil olunan siyasi qurumların əsas ümidi Rusiya tərəfdən Rüstəm İbrahimbəyova dəstək verilməsi ilə bağlı idi və bu, çox yanlış bir gözləntiydi. Bu dəstək oradakı milli qüvvələr üçün böyük bir zərbə ola bilərdi. Strateji maraqlar fonunda Azərbaycanla Rusiya arasında anlaşma baş verəndən sonra Milli Şuradakılara ehtiyac qalmadı. İndiki mərhələdə Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi son 7 ay ərzində hakimiyətlə müxalifət, müxalifətlə cəmiyyət arasında dərinləşməkdə olan uçurumun qarşısını aldı. Çünki cəmiyyət Milli Şuranın bütün manevrlərini Rusiyanın oyunları kimi qəbul edirdi. Professor Cəmil Həsənli isə milli bir kadrdır, yəni milli-azadlıq hərəkatının yetirməsidir, milli ruhlu ziyalıdır. Bunula belə, hesab dirəm ki, bundan sonra prezident seçkiləri ətrafında baş verən oyunlarda heç nə dəyişilməyəcək. Özünə güvənən siyasi partiyalar artıq oyundan geri çəkilib və faktiki olaraq, Cəmil Həsənliyə güvənirlər. Amma prezident seçkilərinin nəticələrini indidən proqnozlaşdırmaq çox da çətin iş deyil. Müxalifətin seçki kampaniyası dövründə təşkil edəcəyi təbliğat kampaniyası yalnız və yalnız cəmiyyətin maariflənməsinə hesablana bilər, hansısa formada praktik nəticəyə ümid bağlamaq siyasi sadəlövhlükdür. Bunun əsas səbəblərindən biri odur ki, radikal müxalifət böyük bir vaxt itkisinə yol verdi. Həm də müxalifət prezident seçkilərində məruz qalacağı məğlubiyyətə görə bütün məsuliyyəti Cəmil Həsənlinin üzərinə yıxa bilər. Əslində, Cəmil Həsənli Milli Şura vasitəsilə Rusiyanın toruna düşmüş milli qüvvələri xilas etdi. Lakin vaxtilə İctimai Palata və Ziyalılar Forumu ümumi dil tapıb Cəmil Həsənlinin namizədliyinin üzərində dursaydılar, indiki aciz duruma düşməz və qat-qat güclü görünərdilər. Müxalifətin ən yanlış taktikası beynəlxalq dəstəyin olacağı gümanı idi. Lakin sonradan həm Qərb dairələri, həm də Rusiya iqtidarla sövdələşdiyindən müxalifət bütün dəstəklərdən məhrum oldu. Düşünürəm ki, Cəmil Həsənli radikal müxalifəti xilas etdi.
-Müsavat başqanının namizədlik iddiası, faktiki olaraq, İctimai Palatanın varlığına son qoydu, Milli Şurada xeyli gərginliklər yaratdı. Bütün bunlardan sonra onun geri çəkilməsi nə ilə izah oluna bilər?
-Mili Şuradakıların ilkin mərhələdə ən böyük şansı ondan ibarət idi ki, Rüstəm İbrahimbəyova çox inamla yanaşır və hesab edirdilər ki, bu formatla hərəkət edib ölkədə hansısa dəyişikliklərə nail ola bilərlər. Burada Rusiyada ilin əvəlində "Milyarderlər İttifaqının" yaradılmsı və "Azerros"un aktivləşməsi kimi məqamlar var. Moskva Azərbaycanın "Nabukko" layihəsinə maraq göstərməsindən ciddi narahat idi. Əsl həqiqətdə bir zamanlar həm hakimiyyət, həm də mətbuat Almaniyanın xarici işlər nazirini tənqid edirdilər. Almaniyada insan haqları məsələsi qabardıldı. Bu Norveçlə bağlı münasibətlərdə də özünü göstərirdi. Belə ziddiyyətlər müşahidə olunurdu. Amma sonradan vəziyyət dəyişdi. Azərbaycan "Nabukko"-dan imtina etdikdən sonra Almaniya TAP layihəsinə sahib çıxdı. Almaniyanın bu addımı Azərbaycan üçün manevr imkanları yaratdı. Rusiyanın Avropaya qaz ötürməsində əsas açar rolunu Almaniya oynayır. Hətta Rusiya özünün slavyan müttəfiqlərindən imtina edərək Baltik dənizinin altı ilə kəmər çəkdi. Faktiki olaraq, Rusiya Ukrayna və Belorusu oyundankənar vəziyyətdə saxladı. Eyni zamanda Rusiya Yaxın Şərqdə zəiflədikdən sonra bizim regionda güclənmək qərarı verdi. Azərbaycan faktiki olaraq, Rusiya və Almaniya arasında manevr etdi. Bundan az sonra isə Putin prezident İlham Əliyevlə əlaqə saxladı. Rusiyanın Azərbaycana silah satması məsələsi ortaya çıxdı və s. Mən artıq müxalifətin arxalandığı Rusiya faktorunun uğursuz olduğunu görürəm. Bütün bu ssenarilər Rusiyanın marağına hesablanmışdı. Başqa sözlə, Rusiya son addımları və ssenariləri ilə Azərbaycana təzyiqlər etmək və nə isə qoparmaq istəyirdi. Bu maraqlar qarşılıqlı şəkildə təmin edildikdən sonra Milli Şuraya Rusiya tərəfindən əvvəlki kimi dəstək olmadı və artıq proseslər dalana dirənib. Amma yuxarıda da vurğuladığım kimi, Milli Şuradakıların gözləntiləri gerçəkləşmədi. Buna görə də sonradan Müsavatın başqanı bəyanat verdi ki, "Bizim elə bir şansımız yoxdur". Bu da ondan irəli gəlir ki, Qərb dövlətləri Azərbaycandakı status-kvonun dəyişilməsini istəmir. Hazırda Qərbin bu bölgədə ən böyük marağı enerji təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan hökuməti TANAP layihəsi vasitəsilə Qərblə Rusiya arasında manevr etmək imkanını əldən buraxmadığna görə bu üçlük arasında ümumi mövqe yarandı. Azərbaycan müxalifəti indiki halda bu üçlüyün sövdələşmələrinin qurbanı oldu. Müxalifətin söykənə biləcəyi yeganə amil cəmiyyətin fəallığı ola bilərdi. Lakin proseslərin gedişi göstərdi ki, cəmiyyət müxalifətin strategiyasına maraq göstərsə də, taktikasını ümumiyyətlə qəbul eləmir. Sözün düzü, radikal müxalifətin son iyirmi ildə buraxdığı ciddi səhvlər cəmiyyəti ondan uzaqlaşdırıb.
Radikal müxalifətin digər böyük səhvi zamanca xeyli itkiyə yol verməsi oldu. Çox yox, cəmi bir həftə bundan əvvəl radikal müxalifətin konkret namizədi hələ məlum deyildi. Amma prezident seçkiləri kimi ciddi və ağır bir siyasi marafona bir il əvvəldən hazırlaşmaq lazım idi. Müxalifət cəmiyətədə dayaqlar yaratmaq əvəzinə kənardan dəstək axtarmaqla məşğul olurdu. Ona görə də tədricən öz elektoratlarını da itirməyə başlayıblar. Əgər Müsavatla AXCP yalnız öz güclərinə güvənə bilsəydi, daha onların İctimai Palatanı yaratmalarına və yaxud Milli Şuraya girmələrinə ehtiyac qalmazdı.
-Prezdient seçkilərinin keçirildiyi günü sabahısını, yəni oktyabrın 10-dakı ictimai-siyasi durumu necə təsəvvür edirsiniz?
-Cəmil Həsənlinin bu seçkilərdə iştirakı dolayısı ilə radikal müxalifətə böyük bir legirtimlik gətirəcək. Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə. Hesab edirəm ki, seçkilər norma şəkildə keçəcək və qeyd etdiyiniz gün adi günlərdən biri olacaq. Çünki bu gün hakimiyyətin maraq və istəkləri bu bölgədə olan beynəlxalq güclərin maraqları ilə üst-üstə düşür. Ona görə də seçkilərdən sonra ayrı-ayrı bəyanatlar, müəyyən iddialar qeydə alınacaq, amma bütün bunlar ümumi prosesin gedişini dəyişdirə biləcək gücə malik olmayacaq. Yəni hadisələr indiki kimi öz axarında davam edəcək.
-Yaxın Şərqdə, xüsusən də Suriyada baş verməkdə olan proseslər bütün dünyanın narahatlıq mənbəyinə çevrilib. Bu hadisələr Azərbaycan ictimaiyyətini isə daha çox Türkiyə sarıdan rahatsız edir. Hiss olunur ki, Suriyada Əsəd rejimi son dövrünü yaşayır...
-Beynəlxalq güclər Yaxın və Orta Şərqin siyas coğrafiyasında müəyyən dəyişikliklər etmək niyyətindədir. Suriyada yekunlaşmnaqda ola qanlı vətəndaş müharibəsi də bu planın tərkib hissəsidir. Bu planın başlıca qayəsi Yaxın Şərqdəki diktatura rejimlərinə son qoymaqdır. Bu proses baş tutarsa, Yaxın və Orta Şərq regionu həm də Rusya ilə İranın təsirindən azad olunacaq və Qərbin caynaqlarına keçəcək. Qərb çalışır ki, bu regionda şəffaf siyasi sistemlər bərqərar olsun. Müşahidələr göstərir ki, Qərbin "Yaxın Şərq layihəsi" başa çatandan sonra gündəmə İran və Rusiya gələ bilər. Hələlik Yaxın Şərq hadisələrindən ən çox fayda götürən kürdlərdir. Onlar faktiki olaraq, İraqın şimalında muxtariyyətə nail ola biliblər, indi isə Suriyada baş verən proseslərdə də olduqca fəal davranırlar. İraq hadisələri baş verəndə Türkiyə Mosuldakı tükmənlərə sahib çıxa bilmədi. Çünki Türkiyənin Böyük Millət Məclisi türk ordusu İraqa girməməsi barədə qərar qəbul etdi. Hadisələrin sonrakı gedişindən məlum oldu ki, bu cür qərarın qəbul edilməsi Birləşmiş Ştatların maraqlarına uyğun imiş. Türkiyə bu gün Suriya proseslərində də ciddi taktiki səhv buraxsa, regiondakı nüfuzunu xeyli dərəcədə itirmiş olacaq. Bu gün Tükiyənin başqa qərar qəbul etməsi bizi çox sevindirir. Çünki vaxtilə Osmanlı İmperiyasının tərkibində olmuş İraq və Suriya türkmənlərinin bu gün müəyən müsbət nəticələr əldə etmək imkanları var. Ola bilsin ki, gələcəkdə Türkiyənin sərhədləri boyu özəl muxtar cümhuriyyətlər yaransın. Bu bölgədə Yuqoslaviya modeli tətbiq edilə bilər və etnik zonalara uyğun şəkildə parçalanma proseslərinə start verilməsi ehtimalı çoxc realdır.

Söhbətləşdi: Savalan