"Seçici ilə real əlaqələr və canlı təmaslar qurmağı bacaran namizəd daha şanslı olacaq"
"Seçici ilə real əlaqələr və canlı təmaslar
qurmağı bacaran namizəd daha şanslı olacaq"

Rəfail Becanov: "Azərbaycan seçicisi inqlabi proseslərə əvvəlcə vəcdlə
yanaşsa da, sonradan bu qənaətə gəlir ki, inqilablar özünü doğrultmur"

Azərbaycanda seçki öncəsi mühitdə baş verən proseslərlə bağlı suallarımızı QHT Əməkdaşlıq Alyansının həmsədri Rəfail Becanov cavablandırır.

-Rəfail bəy, prezident seçkilərindən əvvəl apardığınız monitorinqin əsas məqsədi nə idi?
-Keçirdiymiz monitorinqin məqsədi seçki prosesinə ictimai nəzarətin təşkili və seçki mühitinin, seçki rəqabətinin, seçki subyektlərinin fəaliyyətinin izlənilməsi idi. Biz bu monitorinqlərin nəticəsi olaraq obyektiv hesabatlar hazırlamağa cəhd edirik. Bu hesabatlar həm beynəlxalq qurumlara, həm də Azərbaycan cəmiyyətinə təqdim ediləcək. Bu proses artıq avqust ayının əvvəlindən etibarən Gəncə-Qazax, Şamaxı-İsmayıllı zonalarında başlayıb və yekunlaşıb. Monitorinqin nəticələri ekspertlərə təqdim edilib ki, hesabatlar hazırlansın. Eyni zamanda Gəncədə "Azad və ədalətli seçkilər demokratiyanın qalasıdır" mövzusunda ictimai forum keçirilib. Avqust ayının 30-da isə Qəbələdə də eyni məzmunlu forum keçirilib və bu təbirlərdə yerli ictimaiyyətin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, müxtəlif aktiv zümrələrin nümayəndələri və gənclər iştirak ediblər. Tədbirdə seçkilərin ədalətli və şəffaf keçirilməsi, vətəndaşların seçkilərdə fəallığı, vətəndaş cəmiyyəti institutlarının aktivliyi üçün, seçkilərdə müşahidəçilik missiyası ilə bağlı geniş məruzələr edilib. Bu cür bir tədbirmiz sabah (bu gün-red.) Quba şəhərində keçiriləcək. Tədbirdə həmin regiondakı QHT-lərin iştirakı ilə forum da keçiriləcək. Təmsil etdiyim alyansın monitorinq qrupu hal-hazırda Quba-Xaçmaz zonasında monitorinqdədir.Monitorinqin metodologiyasına uyğun olaraq tədbirlərə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri cəlb edilir. Monitorinq bir neçə istiqaməti əhatə edir.
-Monitorinqin ilkin nəticələri nə göstərir: Azərbaycan seçicisi aktivdir, yoxsa, passiv?
-Belə demək mümkündürsə, prezident seçkilərinin digər seçkilərdən üstün və fərqli cəhəti ondan ibarətdir ki, seçicilərin bu prosesə marağı həmişə çox böyük olur. Bu tendensiya indi də müşahidə olunur. Bizim ünsiyyətdə olduğumuz, monitorinqə cəlb etdiyimiz subyektlərlə söhbətlər, ictmai yerlərdə təşkil etdiyimiz görüşlər göstərir ki, vətəndaşlar seçkilərə biganə deyil və seçkidə aktiv şəkildə iştirak eləmək istəyirlər. Təbii ki, indi bu proses nə qədər sönük görünsə də, seçkiqabağı təbliğat-təşviqat kampaniyası başlayanda fəallıq daha da artacaq. Amma ilkin müşahidələr göstərir ki, seçicilərin prezident seçkilərinə yanaşım tərzi müsbətdir. Yəni seçkilərdə iştirak etməyə çox həvəslidirlər.
-Müxalifət mənsubları bildirirlər ki, Azərbaycanda keçirilən seçkilərdə saxtakarlıqlar qeydə alınır, seçicilərin iradəsinə təzyiqlər edilir. Sizin müşahidələr bu baxımdan hansı nəticələri doğurur?
-Biz keçmişə yox, gələcəyə baxmalıyıq. Buna görə də gələcək seçkilər barədə indidən rəy söyləmək mümkün deyil və indidən seçkilərin saxtalaşdırılacağını proqnozlaşdırmaq özünü doğrultmayacaq. Ona görə də seçkilərin necə keçəcəyi və hansı nəticələri verəcəyi, təbii ki, seçkilər günündə və sonrakı günlərdə məlum olacaq. Hazırda əsas məsələ seçicilərin aktivliyinin təmin edilməsdir. Bu aktivlik təmin edilsə və seçicilər seçkiyə maraq göstərsə, demək mümkündür ki, seçkilər şəffaf olacaq.
-Monitorinqləriniz nə göstərir: indiki seçici radikallığa meyllidir, yoxsa cəmiyyətin tədricən təkamülə uğramasına üstünlük verir?
-Ümumiyyətlə, bütün dünyada baş verən siyasi proseslərin də seçicilərin psixologiyasına güclü təsiri həmişə qeydə alınıb. İndi informasiya almaq imkanları çox genişdir. Müxtəlif sosial şəbəklərdən, onlayn xəbər portallarından və telekanallardan bu informasiyalar əldə edilir. Monitorinqlərin nəticələri göstərir ki, Azərbaycan seçicisi inqilabi proseslərə əvvəlcə vəcdlə yanaşsa da, sonradan bu qənaətə gəlir ki, inqilablar özünü doğrultmur. Seçicilər hesab edirlər ki, təkamül və tədrici inkişaf strategiyası daha perspektivli və maraqlı prosesdir.
-Bu günki Azərbaycan seçicisinin güclü və zəif tərəfləri hansılardır? Onun səviyyəsinin yüksəlməsi üçün daha hansı işlər görülməlidir?
-Seçici ilə düzgün şəkildə işləməyin ən optimal üsulu onunla birbaşa ünsiyyətdir. Ona görə də seçici ilə real əlaqələr və canlı təmaslar qurmağı bacaran namizəd daha şanslı olacaq. Bizim də müşahidələrimiz onu göstərir ki, kim seçici ilə daha sıx və səmimi şəkildə ünsiyyətdə olacaqsa, onun qələbə şansı daha yüksək olacaq. Bu prosedur həm də seçki kampaniyasının zəruri elementlərindən biridir. Seçici ilə canlı görüş və ünsiyyət seçicini öz seçki kampaniyasının tərkib hissəsinə çevirmək deməkdir. Belə olan hallarda seçici həmin namizədə daha çox meyllənir.
-Bu gün Azərbaycanda hamı düşünür ki, qarşıdan gələn prezident seçkiləri Azərbaycan cəmiyyətinin həyatında mühüm bir mərhələnin başlanğıcı ola bilər. Sizcə, bu seçkilər Azərbaycan seçicisinin ümumi dünyagörüşündə, ümumi səviyyəsində nələri dəyişə bilər?
-Bu məsələ baxımından mənim düşüncə tərzim bir qədər fərqlidir. O baxımdan ki, təkcə bu seçki yox, istənilən seçki insanların həyatında dəyişikliyə doğru ciddi bir addımdır. Yəni seçicinin dünyagörüşündə dövrə, cəmiyyətin qarşısında duran vacib problemlərin həlli üsuluna uyğun olaraq dəyişikliklər baş verir. Məhz bu baxımdan hesab edirəm ki, indiki seçkilər də əvvəlki seçkilər kimi çox əhəmiyyətli olacaq.Hesab edirəm ki, Azərbaycan xalqı bu seçkilərdən inkişaf gözləyir. Yəni daha sürətli inikşaf, daha güclü inkişaf. Elə bir inkişaf ki, növbəti seçkilərdə daha inkişaf barədə danışmayaq. Bu seçkilərdə həm də seçki mədəniyyətimiz formalaşır. Biz bu gün dünyaya mədəniyyətimizin və incəsənətimizin yüksək nümunələrini nümayiş etdirə biliriksə, deməli, Azərbaycan cəmiyyəti dünyaya yüksək seçki mədəniyyəti də təqdim etməyə hazırdır. Seçicilər hesab edirlər ki, digər sahələrdə ortalığa qoya bildiyimiz yüksək göstəriciləri seçki sahəsində də nümayiş etdirə bilərik. Bu günki seçicinin istədiyi budur: şəffaf və ədalətli seçkilər.
-Cəmiyyətimizin bir qütbündə iqtidar, o bir qütbündə isə müxalifət durur. Ortada isə vətəndaş cəmiyyətinin institutları var. Kəskin təzadlar halında olan iqtidar-müxalifət münasibətləri fonunda vətəndaş cəmiyyəti qurumları balanslaşdırıcı rol oynaya bilirmi?
-Bu rol hər şeydən əvvəl vətəndaş cəmiyyəti institutunun istəyindən asılıdır. Belə bir istək varsa, onlar bu rolu oynaya bilər. Və eyni zamanda obyektiv və qərəzsiz mövqe sərgiləyə bilir. İndiyə qədər QHT Əməkdaşlıq Alyansının imkanları daxilində bir neçə dəfə monitorinq aparmaq imkanlarımız olub. Siyasi partiyaların resursları baxımından böyük bir monitorinqimiz keçirilib və nəticələri ictimaiyyətə və beynəlxalq qurumlara təqdim olunub. Həmin hesabata yanaşma tərzi göstərir ki, biz öz işimizdə obyektiv olmağı bacarmışıq. Yəni cəmiyyətdə nə varsa, onu təhrif etmədən analiz etmişik. Bu ilin may ayında seçki öncəsi mühitlə bağlı bir açıqlamamız da olub və həmin təhlili açıqlamaya olan ictimai münasibət də təsdiq edir ki, vətəndaş cəmiyyəti qurumu öz işinin öhdəsindən gələ bilir.
-Qeyd etdiniz ki, siyasi partiyaların resursları ilə bağlı hesabat hazırlayıbsınız. Sizin hesabata görə, seçki öncəsi mərhələdə ölkədə fəaliyyət göstərən siyasi qurumlardan hansı daha güclü görünür?
-Sözügedən monitorinqin nəticələri bu ilin yanvar ayında elan olunub. Siyasi mühitin özəlliklərindən biri budur ki, onun dinamikası sürətlə dəyişə bilir. Bizm monitorinqin nəticələrinə görə, Azərbaycanda çoxpartiyalı sistemin inkişafı müsbət tendensiya nümayiş etdirir. Bu baxımdan, iddialı partiyaalrın əksəriyyəti real gücə malik partiyalardır. Yəni onlar artıq formalaşmış, oturuşmuş və institutlaşmış siyasi qurumlardır. Siyasi partiyaların mərkəzi və regional strukturlarının analiznə görə Yeni Azərbaycan Partiyası birinci yeri tutdu, Azərbacan Xalq Cəbhəsi Partiyası ikinci, Müsavat partiyası isə üçüncü yerə çıxıb.Həmin monitorinqin nəticələri cəmiyyətə geniş şəkildə çatdırılıb.
Söhbətləşdi: Savalan