Rəqibləri Azad Rəhimovun planına qarşı
Gənclər və idman nazirinin güclənmə projesi baş tutacaqmı?

Bir neçə gün əvvəl Azad Rəhimovun nazirliyindən maraqlı bir açıqlama verildi. Həmin açıqlamada bildirilirdi ki, Azərbaycanda gənclər üçün mənzil kooperativlərinin yaradılması layihəsi hazırlanır.
Məlumata görə, gənclər üçün mənzillərin tikilməsi layihəsi Türkiyənin təcrübəsindən istifadə olunaraq hazırlanır. Layihəyə əsasən, çoxmənzilli binalar dövlət hesabına tikilərək gənclərə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan, bir növ kirayə verilir. Lakin müəyyən müddət keçdikdən sonra həmin mənzillər şəxsin mülkiyyətinə keçir. Layihənin məqsədi aşağı və orta gəlirli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir.
Qeyd edək ki, Türkiyədə Baş nazirin dəstəyi ilə dövlətə məxsus Toplu Evlər İdarəsi (TOKİ) tərəfindən gənc ailələrə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan 25 illik mənzillər təqdim olunur. Artıq Türkiyədə gənc ailələrə 520 mindən çox mənzil təqdim olunub. Türkiyə təcrübəsində orta aylıq ödəniş təxminən 70-100 dollar təşkil edir.
Xatırladaq ki, hazırda Azərbaycanda verilən ipoteka kreditlərinin şərtlərinə görə, adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcəsi ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.
Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir. Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.
Əldə etdiyimiz məlumata görə, Azad Rəhimovun gənclər üçün mənzil kooperativləri yaradılması planı onun iqtidar daxilindəki rəqiblərində ciddi narahatlıq yaradıb. Daha doğrusu, gənclər və idman nazirinin bu yolla iri büdcə vəsaitləri üzərində nəzarət imkanı qazanmaq ehtimalı hökumət içindəki anti-Rəhimovçu çevrələri qıcıqlandırıb. Ona görə də onların bu təşəbbüsün reallaşmasına qarşı çıxacaqları, ən pis halda belə bir təşəbbüsdə daha çox öz paylarının təmin edilməsinə nail olacaqları gözlənilir.
Hazırda mənzil tikintisi bir çox iri məmurlar üçün əsas yeyinti yerlərindən biridir. Qaçqın və məcburi köçkünlər üçün binaların inşası "Qaçqınkom" sədri Əli Həsənova, əlillər üçün mənzillərin tikintisi Füzuli Ələkbərova və s. kifayət qədər böyük pullar üzərində nəzarət və həmin pullarla istədikləri kimi "rəqs etmək" imkanları tanıyıb. Azad Rəhimovun da eyni fürsəti əldə etmək üçün cəhdlər göstərdiyi, artıq bununla bağlı hökumət rəhbərliyindən ilkin müsbət rəy aldığı bildirilir. Amma nazirin iqtidar içindəki rəqibləri buna yol verməməkdə israrlıdırlar və müqavimət göstərəcəklər. Onlar ən yaxşı halda haqqında danışılan mənzil kooperativləri yaradılarkən özlərinin (daha doğrusu, öz nəzarətlərindəki tikinti şirkətlərinin!) də kifayət qədər mühüm pay sahibi olmasını təmin etmək istəyəcəklər.
Rəhimovun isə buna isti yanaşacağı istisna olunur. Onun "biznes imperiyası"na tikinti firmaları da daxildir və mənzil kooperativlərini gənclər və idman naziri məhz onların hesabına yaratmaq arzusundadır. Bununla belə, çətin ki, rəqibləri ilə dil tapa bilməyəcəyi halda Azad Rəhimov sözügedən planını gerçəkləşdirə bilsin.
Şübhəsiz ki, sözügedən projeyə gənclər və idman naziri həm də iqtidar daxilində yenidən güclənmək, üstünlüklər qazanmaq üçün önəmli bir həmlə olaraq baxır. Elə rəqibləri də bunu bilməmiş deyillər və Rəhimovun hakimiyyət daxilində mövqelərini möhkəmləndirəcək, təsir imkanlarını artıracaq hər hansı addımı önləmək üçün bütün güclərini səfərbər edəcəklər.
Elvin Rüstəmov