Siyasi partiyalar maliyyə hesabatını necə verəcək?

Siyasi partiyalar maliyyə hesabatını necə verəcək?

Nazirlər Kabineti "Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları"nı təsdiqləyib

Bu Qaydalar siyasi partiyalar tərəfindən sadələşdirilmiş mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və tərtib edilməsi qaydalarını müəyyən edir.
Maliyyə hesabatlarının tərkib hissələri "Maliyyə vəziyyəti haqqında hesabat"dan, "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"dan, "Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər"dən ibarətdir. Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması zamanı konseptual əsaslarla iki əsas prinsipin - hesablama metodu və təşkilatın fəaliyyətinin fasiləsizliyinin mövcudluğu gözlənilir. Hesablama metodu əsasən, gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda müvafiq hesabat dövründə tanınaraq, maliyyə hesabatlarında əks etdirilir. Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipi təşkilatın fəaliyyətinin davam edəcəyi və dayandırılması və ya həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin olmadığı təqdirdə tətbiq edilir. Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipi ilk növbədə maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur. Təşkilatın ləğv olunacağı təqdirdə, aktivlərin qiymətləndirilməsi zamanı bu aktivlərin alınması üçün çəkilmiş məsrəflərdən deyil, onların ehtimal olunan satış dəyərindən istifadə olunur. Bu halda təşkilat tərəfindən aktivlərin uzunmüddətli və qısamüddətli kimi təsnifləşdirilməsi öz əhəmiyyətini itirir və təşkilatın aktivləri satış məqsədi ilə saxlanılan qısamüddətli aktivlər kimi təsnifləşdirilməklə maliyyə hesabatlarında tanınır.
Hesablar Planı təşkilat tərəfindən təqdim edilən "Maliyyə vəziyyəti haqqında hesabat"dan və "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"dan fərqli olaraq özündə maliyyə informasiyasını daha dolğun təcəssüm etdirir. Hesablar Planı maliyyə hesabatı elementlərinin qruplaşdırılması və dəyər ifadəsində cari vəziyyətinin əks etdirilməsi üçün nəzərdə tutulub. Hesablar Planı üzrə hesablar azalan likvidlik dərəcəsi qaydasında düzülür. Hesablar Planında maliyyə hesabatının bölməsinin nömrəsi bir, maddəsinin nömrəsi iki, mühasibat uçotunun hesablarının nömrəsi isə üç rəqəmdən ibarət olmaqla müəyyən edilir. Təşkilatlar tərəfindən Hesablar Planında təhlilin, nəzarətin aparılması və maliyyə hesabatlarının tərtib olunması tələblərindən asılı olaraq müvafiq subhesablar açılır. "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"ın müvafiq maddələrində isə təşkilat tərəfindən hesabat dövrünün sonuna və əvvəlinə mühasibat uçotu (sintetik) hesablarının yekunlaşdırılmış dövriyyələri əks etdirilir. Sintetik hesablar maliyyə hesabatlarının elementlərinin (aktivlərin, öhdəliklərin və kapitalın, habelə gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını təmin edir. Sintetik hesabın bir hissəsini təşkil edən subhesab isə özündə qruplaşdırılmış analitik uçot məlumatlarını əks etdirməklə, göstərilən sintetik hesabda maliyyə hesabatlarının elementləri barədə ümumiləşdirilmiş informasiyanı açıqlayır.
Uzunmüddətli aktivlər qeyri-maddi aktivlər, torpaq, tikili və avadanlıq, daşınmaz əmlaka investisiyalar, uzunmüddətli debitor borcları və sair uzunmüddətli aktivlər üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir. "Qeyri-maddi aktivlər" maddəsinin "Qeyri-maddi aktivlər" və "Qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər" hesablarında əks etdirilən məbləğlərdən "Qeyri-maddi aktivlərin amortizasiyası" hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Qısamüddətli aktivlər ehtiyatlar, qısamüddətli debitor borcları, pul vəsaitləri və onların ekvivalentləri və sair qısamüddətli aktivlər üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir. Xalis aktivlər (kapital) ehtiyat fondu və bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər üzrə ümumiləşdirilmiş məlumatları, uzunmüddətli öhdəliklər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər, uzunmüddətli qiymətləndirilmiş öhdəliklər, uzunmüddətli kreditor borcları və sair uzunmüddətli öhdəliklər üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir. Qısamüddətli öhdəliklər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər, qısamüddətli qiymətləndirilmiş öhdəliklər, vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər, qısamüddətli kreditor borcları və sair qısamüddətli öhdəliklər üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir. Təşkilat tərəfindən hesabat dövründə tanınmış bütün gəlir, xərc və mənfəət (zərər) haqqında maliyyə informasiyası "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"da əks olunmaqla, gəlirlər, xərclər və ümumi mənfəət (zərər) maliyyə elementləri üzrə qruplaşdırılır.
"Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"da gəlirlər üzvlük haqları, əmlakdan götürülən gəlir, tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir, ianələr şəklində götürülən gəlir, seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait, aşağı təşkilatların ödənişləri, dövlət büdcəsindən ayrılan vəsait, hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak, digər gəlirlər (o cümlədən borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ), cəmi gəlirlər üzrə ümumiləşdirilir. "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat" da xərclər cari işlərə sərf olunan vəsait, siyasi partiyanın saxlanılmasına və informasiya təminatına çəkilən xərclər, ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər, aşağı təşkilatlara ödənclər, kreditlər üzrə faizlər, fərdi xərclər və sair xərclər üzrə ümumiləşdirilir. "Ümumi mənfəət (zərər)" maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş cəmi gəlirlərindən cəmi xərcləri çıxılmaqla, ümumi mənfəətin (zərərin) məbləği eyniadlı maddə üzrə "Maliyyə fəaliyyətinin nəticələri haqqında" hesabatda ümumiləşdirilir. Təşkilatın maliyyə hesabatlarına əlavə edilən "Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər"də "Maliyyə vəziyyəti haqqında hesabat" və "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"da təqdim edilən maliyyə informasiyaları açıqlanır.
Maliyyə hesabatlarının hazırlanması zamanı uçot siyasətinin konkret aspektləri haqqında məlumat maliyyə hesabatlarının ayrıca komponenti kimi təqdim edilir. Təşkilatın təqdim etdiyi "Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər"də aşağıdakılar əks etdirilməlidir:
- maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmənin əsasları (maliyyə hesabatlarında bir neçə qiymətləndirmə əsası istifadə edildikdə, qiymətləndirmə əsasına müvafiq olaraq aktivlərin və öhdəliklərin kateqoriyası göstərilir);
- maliyyə hesabatlarına görə məsul şəxslərin qəbul etdiyi və maliyyə hesabatlarında tanınmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən qərarlar;
- "Maliyyə vəziyyəti haqqında hesabat" və "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"ın hər bir maddəsinin təqdim edilməsinə əhəmiyyətli təsir göstərən əlavə informasiyalar.
Maliyyə hesabatlarındakı məlumatların təfərrüatı ilə açıqlanması göstərilən bu hesabatlarda maddələrin xarakterindən, funksiyasından və məbləğlərinin həcmindən asılıdır.
"Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər"də maliyyə vəziyyəti haqqında hesabatla bağlı təqdim edilməli olan informasiyada aktivlər, xalis aktivlər (kapital) və öhdəliklər çərçivəsində onların xüsusiyyətləri və məqsədi təsvir edilməklə açıqlanmalıdır. "Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər"də maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı təqdim edilməli olan informasiyada gəlir və xərc maddələrinin xüsusiyyətləri və məbləğləri təsvir edilməklə açıqlanmalıdır.
Mehdi