Milli Şurada savaş başladı
Milli Şurada savaş başladı

AXCP Müsavata son zərbəsini vurur

Müxalifət düşərgəsində proseslər get-gedə gərginləşir. Artıq aydın olub ki, Milli Şurada ACP,ALP və "El" hərəkatı yeni blok yaratmaq üzrədilər və əsas hədəfləri Müsavat partiyasıdır.

Belə ki, Müsavat başqanı İsa Qəmbər Lalə Şövkət Hacıyevanın Milli Şuradan getməsinə sərt təpki göstərdi və bundan sonra parçalanma daha da dərinləşdi. İsa Qəmbər açıq şəkildə bəyan etdi ki, liberallar hakimiyyətlə iş birliyindədir və bu səbəbdən onlardan kənarda durmaq vacibdir:-" Mən hər cəfəngiyyata münasibət bildirməyə ehtiyac görmürəm. Sadəcə olaraq Liberal Partiyasının rəhbərliyi görünür Milli Şuradan məsafələnmək fikrinə gəlib və bunun üçün bəhanə axtarmağa çalışırlar. Bu zaman onların gətirdiyi bəhanələr məni maraqlandırmır. Mənim ünvanıma deyilən böhtanlar, yalanlarsa birinci dəfə deyil, yeni bir yalan deyil, bunlar dəfələrlə deyilmiş yalanlardır. Ona görə də mən onlara cavab verməyə ehtiyac görmürəm. Sadəcə olaraq mövqelərini müəyyənləşdirdilər və bizimçün sirr deyildi ki, onların mövqeyi nədir. İndi isə onların mövqeləri bütün cəmiyyət üçün bir daha aydın şəkildə təqdim olundu. Bu qədər bəsit". İsa Qəmbərin bu açıqlamasına isə maraqlıdır ki, liberallar yox, Rəsul Quliyev reaksiya verdi. Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev qalmaqalda Lalə Şövkətin günahsız olduğunu deyib:-"Lalə xanımın atdığı addıma gəldikdə elementar həqiqətləri bilmək lazımdır. O sadə insan deyil və çox asanlıqla hansı proseslərin getdiyini görür. Sovet dövründə kifayət qədər varlı ailədən olan, Moskvada elmi dərəcə və professor rütbəsinə layiq görülən bir şəxs, sözsüz keçmişi olmayan, bu günü müxalifət pərdəsi altında hökumətin korrupsiya çirkabında olanlar tərəfindən təhqir edilməsinə dözə bilməzdi. Hökumətə, rejimə qulluq edən bəzi qəzetlərin normal insana yaraşmayan nalayiq sözlərlə Lalə xanım kimi bir şəxsin əleyhinə şər, böhtan yağdırırsa hadisələrin belə cərəyan etməsinin günahı kimdədir? Azdan çoxdan qəzetinin sanballı olmasını iddia edən redaktorlar insan ləyaqətini təhqir edən yazılar yazmaz. Dünya praktikasında hələ indiyə qədər belə bir hadisə olmayıb. Qəzetin hansı isə bir jurnalisti sifarişlə təhqiramiz məqalələr yaza bilər, ancaq redaktor bu işi görməz. Uzun müddətli fəaliyyətlə də öyünmək olmaz. Bəd əməllə məşğul olanların uzun müddətli fəaliyyəti faciədir". Çox maraqlıdır ki, bu prosesdə AXCP -də ikili siyasət yürütməkdədir. Belə ki, Müsavatla bir olduğunu nümayiş etdirən AXCP həm də Lalə Şövkətə dəstəyini verir və İsa Qəmbərlə konfliktin dərinləşməsinə cəhd edirlər. Ekspertlər hesab edir ki,hazırda AXCP tam gücünü bu məsələyə yönəldib ki, seçkilərdə Cəmil Həsənlinin məğlubiyyətini Müsavatın üzərinə yıxsın. Başqa cürə desək Əli Kərimli üçün bu an ən vacib məsələ seçkilərdən sonra ana müxalifət olmaqdır. Həmçinin seçkilərdən sonra Müsavat başqanlığının dəyişəcəyi və çox böyük ehtimalla Arif Hacılının başqan olacağı proqnozlaşdırılır və iddia olunur ki, Arif Hacılı partiya sədri olandan sonra AXCP ilə yollarını ayıracaq. Bunu nəzərə alan AXCP həm də bu səbəbdən indidən Müsavatın sıradan çıxarılması və qınağa tuş gəlməsi üçün səylərini artırıb.

Mehdi Əli