Milli Şurada söz savaşı
Milli Şurada söz savaşı

Lalə Şövkət Hacıyevadan sərt bəyanat

Dağıdıcı müxalifət cəbhəsində hər gün yeni forma və məzmun alan ziddiyyətlər göstərir ki, bu qurumun sadəcə adı qalıb

Dağıdıcı müxalifətin növbəti birlik formatı olan "Milli Şura"nın gələcəyi ilə bağlı hələ bir neçə ay əvvəl verilmiş proqnozlar prezident seçkiləri yaxınlaşdıqca özünü doğrultmaqdadır. Həyata vəsiqə almayan yalnız bu düşərgənin başbilənlərinin vaxtilə pafosla söylədikləridir. Budur, aqressiv müxalifət düşərgəsi hazırda müharibə meydanını xatırladır. Burada söz və kompromat savaşı, çəkişmələr, didişmələr hər gün yeni mərhələyə qoyur. Bir-birinin paxırını açıb tökür, bir-birini xarici dairələrə işləməkdə ittiham edirlər.

Müxalifətin və reneqatların yaratdığı "Milli Şura"nın indi yalnız quruca adı qalıb. Ötən ay ibrahimbəyovçuların ağır məğlubiyyətindən sonra bu qurum daxilindəki ziddiyyətlər daha da dərinləşdi.
Nəzarətlərindəki mətbu orqanlar və digər vasitələrlə "Milli Şura" daxilindəki rəqiblərinə qarşı kampaniya aparan, nəticədə "El" hərəkatı başda olmaqla ibrahimbəyovçuları neytrallaşdıran, bəzilərini öz tərəfinə çəkən İsa Qəmbərin təşəbbüsü ələ almasından sonra AXCP və Müsavat bu qurumda doğmaya, ACP, ALP, KXCP ögeyə çevriliblər. "El" hərəkatı faktiki olaraq "Milli Şura"nı boykot edib, onun iclaslarına qatılmır. KXCP, ACP və ALP rəhbərləri Rüstəm İbrahimbəyovun dublyoru olan Cəmil Həsənlinin "vahid namizəd" seçilməsindən sonra bir dəfə də olsun "Milli Şura"nı dəstəkləyən fikirlər səsləndirməyiblər. Əksinə, Rəsul Quliyev Cəmil Həsənlinin məhz siyasi keyfiyyətlərinin çox aşağı olduğunu nəzərə alaraq prezident seçkilərində cəmi 0,2 faiz səs toplaya biləcəyini proqnozlaşdırıb. Rəsul Quliyev bu mövqeyini son açıqlamasında da "Cəmil Həsənlinin prezident seçkisini udacağına inanmıram", - deyə ifadə edib.

Beləliklə, "Milli Şura" daxilində cərəyan edən proseslər bu qurumun faktiki olaraq iflasına gətirib çıxarıb. Reallıq ondan ibarətdir ki, "Milli Şura" əsasən Müsavatın və AXCP-nin yeni birlik formatına çevrilib. Düzdür, Əli Kərimli və İsa Qəmbər illərin mehriban düşmənləri olsalar da, bu məsələdə birləşiblər. Lakin Rüstəm İbrahimbəyovun Bakıya gəlməyəcəyi məlum olduqdan sonra İsa Qəmbərin səhvini düzəltməkdən başqa çarəsi qalmadı. Ona görə adı qalan "Milli Şura" əsasən Müsavat və AXCP-nin birliyi kimi görünsə də, bunun da uzun çəkməyəcəyi məlum məsələdir. Bunu gələcək sübut edəcək. Hazırda reallıq ondan ibarətdir ki, Müsavat öz cəbhəsində təşəbbüsü o qədər ələ alıb ki, hətta digər partiyaların "Milli Şura"dan çıxarılmasını tələb edirlər. Xatırladaq ki, belə bəyanatla İsa Qəmbərin müşaviri Səxavət Soltanlı çıxış edib. O, Rəsul Quliyevin və Lalə Şövkətin "Milli Şura"dan çıxarılmasını tələb edib. Müsavat başqanının müşaviri bildirib ki, bu adamlar indiyədək "Milli Şura"nın fəaliyyətini və onun namizədini dəstəkləyən bəyanatla çıxış etməyiblər.
Müsavatçıların Rəsul Quliyevin və Lalə Şövkətin "Milli Şura"dan çıxarılmasını tələb etməsi müxalifət daxilindəki vəziyyəti daha da kəskinləşdirib. Bu məsələyə münasibət bildirən ALP sədri Əvəz Temirxan bildirib ki, tələbin arxasında İsa Qəmbər dayanır. Qeyd edək ki, İsa Qəmbər ALP-ni Müsavata qarşı mübarizə aparmaqda ittiham edib və Əvəz Temirxana "Sizə qarşı elə təbliğat apararıq ki, dəymişiniz dura-dura kalınız tökülər", - deyə cavab verib.
"10 ildən artıqdır Əvəz Temirxanın böhtanları ilə üz-üzəyik. Hesab edirəm ki, onun hər yeri "sakat"dır. O cümlədən də başı. Bunu birmənalı şəkildə deyirəm". Bunu isə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib. Onun sözlərinə görə, ALP sədri qeyri-ciddi və bədbəxt adamdır: "Mənim ona deyəcəyimi tale özü deyib. Yanlış yerdədir. Həm Lalə Şövkət, həm Rəsul Quliyev, həm də Eldar Namazov iqtidarın qurulmasında, formalaşmasında iştirak ediblər. Amma sonradan oradan qovulublar, düşərgəni tərk etmək məcburiyyətində qalıblar. Necə oranı zibilləmişdilərsə, indi də gəlib buranı zibilləyirlər və müxalifət düşərgəsini bir-birinə qatırlar".
"Facebook" sosial şəbəkəsində yazdığı statusa da aydınlıq gətirən R.Arifoğlu deyib: "Mənim konkret yazıma gəldikdə isə, bu yazı "Milli Şura"nın son sessiyasının sabotaj olunması faktı ilə bağlıdır. Əvəz Temirxan da bu sabotaj dəstəsinin içində olub. Desinlər ki, yalandır, sabotaj etməmişik. Əvəz Temirxan da, ALP-çilər də iclasda iştirak etməyiblər. "El" hərəkatı da son sessiyanı sabotaj edib, iclas gedə-gedə "Şuşa" restoranında iclas keçirib və həmin gün "Milli Şura"ya dəhşətli bir zərbə vurub. Cəmil Həsənlinin "Mili Şura"nın prezidentliyə "vahid namizəd"i statusunda ilk dəfə idi sessiya keçirilirdi və onlar həmin sessiyanı da boykot etdilər. Bundan da böyük pislik varmı?"
R.Arifoğlu artıq "Milli Şura" formatının iflasa uğradığını qeyd edib: "Milli Şura" deyilən bir qurum artıq yoxdur. Hərə ağzını bir tərəfə çevirib, hamı küsülüdür, hərə bir bəhanə gətirir. Bu gün bütün proseslər prezidentliyə "vahid namizəd" Cəmil Həsənlinin seçki qərargahı formatında gedir. "Milli Şura" varsa, ALP haradadır? "Milli Şura" varsa, "El" hərəkatının rəhbərliyi niyə bəyan edib ki, onlar İlqar Məmmədovu müdafiə edəcəklər?! Bəs "Milli Şura"nın namizədi harada qaldı? "Milli Şura" varsa, niyə "El" hərəkatının təmsilçiləri həmin gün gedib "Şuşa" restoranında iclas keçirirlər?! Öz aralarında olan problemləri sessiyada iştirak edəndən sonra həll edəydilər.
Bu məsələlərdə adı keçən ALP-nin lideri Lalə Şövkətin cavabı isə gecikməyib. "Milli Şura"ya ancaq Rüstəm İbrahimbəyovun zəngindən sonra qoşulduğunu deyən Lalə Şövkətin sözlərinə görə, o, hələ o zaman kinorejissora deyib ki, bu qurumda onun üçün qəbuledilməz insanlar təmsil olunub və onlarla bir masa arxasında oturmağı özünə rəva bilmir: "Belə razılaşma oldu ki, mən bu təşkilatın tədbirlərində ancaq Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışından sonra iştirak edəcəyəm. Bundan sonra Eldar Namazov ilk dəfə mənə yalnız iyun ayında zəng etdi. R.İbrahimbəyov Rusiya vətəndaşlığı məsələsini həll edə bilməyəndən sonra E.Namazov, S.Əkbər və M.Mirəlioğlu mənimlə görüşə gəldilər. Biz bu situasiyanı ətraflı müzakirə etdik və mən onlara bildirdim ki, bu layihə nə strateji, nə taktiki baxımdan düzgün düşünülüb".
Lalə Şövkət onu da əlavə edib ki, R.İbrahimbəyov pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra onu dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar bu insana qarşı dərhal təhqirə keçdilər və qəzetlərində əks-təbliğata başladılar: "Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu, həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilərlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam". ALP lideri bu gün "Milli Şura"da ona qarşı mübarizə aparanların bu qurumu "İctimai Palata"ya çevirmək istədiklərini deyib.
Seçkilərə təxminən bir ay qaldığı vaxtda müxalifət cəbhəsində cərəyan edən proseslər göstərir ki, əslində tarix təkrarlanır. O tarix ki, hər seçki öncəsi müxalifət birlik nümayiş etdirir, lakin seçki başlamamış bir-birini xəyanətdə, yalan danışmaqda, mənəviyyatsızlıqda ittiham edir. Bu gün dağıdıcı müxalifət cəbhəsində "Milli Şura"nın şəninə 3-4 ay əvvəl deyilən pafoslu sözlər daha eşidilmir. Çünki "Milli Şura", Rauf Arifoğlu demişkən, daha yoxdur. Dağıdıcı müxalifət cəbhəsində hər gün yeni forma və məzmun alan ziddiyyətlər göstərir ki, bu qurumun sadəcə adı qalıb.
Toğrul Əliyev