"Müxalifət özü özünü bədbəxt elədi"
"Müxalifət özü özünü bədbəxt elədi"

Zərdüşt Əlizadə: "Prezident seçkilərinin son nəticəsi artıq bu başdan məlumdur"

"Qarşılarında çox güclü və qorxulu rəqib var"

Ölkədə və o cümlədən bölgədə son günlərdə baş verən siyasi proseslərlə bağlı suallarımızı politoloq Zərdüşt Əlizadə cavablandırır.

-Zərdüşt bəy, bu gün (dünən-red.) ölkədə keçiriləck prezident seçkilərinə namizəd kimi qatılmağın qanuni müddəti başa çatdı. Qarşıdakı seçki marafonundan nə gözləyirsiniz və Sizcə, namizədlərdən hansı bu və ya digər dərəcədə müəyyən şanslara malikdir?
-Azərbaycan kimi ölkələrdə seçkilərin nəticələrini proqnozlaşdırmaq o qədər də böyük savad tələb eləmir və bunun üçün nə professor olmaq lazımdır nə də məşhur politoloq. Belə ki prezident seçkilərinin son nəticəsi artıq bu başdan məlumdur. Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra artıq bu problem həll edilmişdi. Yəni hakimiyyət Rusiyanın dəstəyini alandan sonra seçkilərin taleyini demək olar həll etdi.
-Bəs tanınmış ziyalı Cəmil Həsənlinin prezidentliyə namizədliyini irəli sürmüş Milli Şura bu addımla nəyə ümid bağlaya bilər?
-Milli Şuranın seçki ilə bağlı planlarına gəlincə qeyd etməliyəm ki, qurumun heç bir prespektivi yoxdur. Milli Şuranın prespektivi Rüstəm İbrahimbəyovla bağlı idi. Rüstəm İbrahimbəyovda Rusiya vətəndaşlığı məsələsini həll edə bilmədi. Buna görə də Cəmil Həsənliyə böyük hörmətimə baxmayaraq Milli Şuranın qarşıdan gələn prezident seçkilərində hansısa bir uğur qazanacağına inanmıram. Milli Şura Azərbaycandakı vəziyyəti dəyişmək istəyən bir qurum idi və müəyyən mənada sosial sifarişlə bağlıydı. Amma arzu ilə əsil gerçəklik arasındakı fərqləri unutmaq lazım deyil. Azərbaycan Xalq Cəbhəsi də Azərbaycanın suverenliyi uğrunda mübarizə aparan bir təşkilat idi. Amma bu təşkilata xeyli sayda nomenklatura casusları, tayfa-klan agentləri doluşmuşdu və onlar bu hərəkatı ümummilli maraqlara xidmət edən təşkilatdan mafioz maraqlara xidmət edən qiyamçı bir quruma çevirdilər. Nəticəsi də göz qabağındadır. İndi də Milli Şura da Azərbaycanda demokratik dəyişikliklərin baş tutmasını qarşısına məqsəd qoyduğunu bildirən bir təşkilat idi. Amma bu demokratik dəyişiklik siyasi mafiozların təsiri altına düşərək məzmununu tamamilə qeyb etdi. Söhbətlər gəzir ki, guya Milli Şura Rusiyanın projesi imiş. Bu cür səviyyədi olan müxalifətə heç bir proje lazım deyil. O özü özünü bədbəxt edib. Uzun sürən prosesdən sonra Milli Şura Cəmil Həsənlinin üzərində dura bildi. Amma bu da artıq gecdir. Müxalifətin 2013-cü il prezident seçkilərində vahid, əsas, iki və daha artıq namizədlə çıxış etməsi, yaxud da seçkiləri boykot etməsi bundan sonra heç bir əhəmiyyət kəsb etmir. Çünki indiyə qədər çox qiymətli bir zaman itirildi. Müxalifət seçkilərə qədər öz gücünü artıra bilmədi. Mən seçkiləri rinqdə döyüşən boksçulara bənzədirəm. Seçkidə iştirak edən tərəflərdən biri 5 il müddətində yaxşı məşq edib, gücünü artırıb, qidalanması, təbliğatı artıqlaması ilə olub. Digəri isə 5 ildə kabinetdən bayıra çıxmayıb. Və biz onları birdən-birə üz-üzə qoyuruq ki, vuruşun. Bu halda kabinetdə mürgüləmiş tərəf ilk raunddaca nokauta uğrayacaq. Bu gün bütün resurslar iqtidarın əlində cəmləşib. Müxalifətin resursları kasıbdır. Hətta seçki prosesini izləmək üçün lazımi sayda üzvləri yoxdur. Müxalifət ayrı-ayrı üzvlərdən, müxtəlif maraqlardan ibarətdir. Onlar lazım olanda birləşirlər. Vəzirovu, Mütəllibovu, hətta Elçibəyi hakimiyyətdən yıxmaq üçün müxalifət öz aralarında, həmçinin Heydər Əliyevlə birləşə bildilər. İndi də maraqlar tələb etəsə də, vaxtında birləşə bilmədilər. Birləşiblərsə də, hakimiyyətə gələ bilməyəcəklər. Çünki qarşılarında çox güclü və qorxulu rəqib var.
-İranlı iş adamlarının Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərinə investisiya qoymasını necə dəyərləndirərdiniz? Bu, İrana gözlənilən hərbi müdaxilə ilə əlaqəli deyil ki?
-Biznesmenin əsas bir məqsədi var: o da pul qazanmaqdır. Azərbaycanda pul qazanmaq imkanları Ermənistanla müqayisədə qat-qat çoxdur. Amma Azərbaycan hakimiyyəti iranlı iş adamlarına öz kapitalını burada yatırmağa icazə vermir. Kapitalın da belə bir xüsusiyyəti var ki, o həmişə özünə gəlir axtarır. Ona görə də bu investorlar daha az gəlir gətirən Ermənistana kapital qoymaq məcburiyyətindədirlər. Digər bir tərəfdən də İran biznesi üçün Avropa və başqa ölkələrdə böyük çətinliklər yaradılır. Çünki Qərb İran rejimini bəyənmir, ona qarşı sanksiyalar tətbiq edir, o cümlədən də maliyyə əməliyyatları sahəsində maneələr var. Bu mənada Azərbaycan və Ermənistana yollar açıqdır. Lakin Azərbaycan bunu istəmir, Ermənistan isə bunda maraqlıdır. İranlı iş adamlarının Ermənistana investisiya qoymasında mən başqa məqsəd və İrandan qaçma meyli də görmürəm.
-Yatırılan sərmayələr Ermənistan iqtisadiyyatının inkişafında rol oynaya bilərmi?
-Bu sərmayələr çox cüzidir, Ermənistana güclü sərmayə də gəlmir. Çünki Ermənistanda faktiki olaraq daxili bazar çox məhduddur, ödəmə qabiliyyəti də olduqca aşağıdır. Əhali kasıbdır, çıxış yolları da olduqca məhduddur. Yalnız Gürcüstan vasitəsilə Batumi yolu sayəsində Qara dənizə çıxa bilir. Yəni burda böyük sərmayə, layihə gözlənilmir. Bütün bunlar isə ümumilikdə Ermənistan iqtisadiyyatının inkişafından danışmağı mümkünsüz edir. Ona görə ki, müasir iqtisadiyyat ya xammala söykənməlidir, ya da beynəlxalq əmək bölgüsü olmalıdır. Təbii ki, bunun üçün sərhədlər açıq olmalı, böyük inteqrasiya prosesi getməli, beynəlxalq əmək bölgüsündə fəal iştirak tələb olunur. Bunların isə heç biri Ermənistan üçün mümkün deyil.
-Əgər imkanlar məhduddursa, o zaman iranlı biznesmenlər niyə Ermənistana yatırım qoyur? Bu dövlətlərarası münasibətlərin səmimilik göstəricisidir?
-Dövlətlər arası münasibətlərdə səmimilik olmur, maraqlar olur. Ona görə də səmimilikdən danışmaq səfehlikdir. Dövlətlərarası beynəlxalq münasibətlərdə yalnız və yalnız daha çox maraqların müşahidə olunduğu da heç kimə sirr deyil. Bu mənada iranlı biznes adamlarının Ermənistana cüzi miqdarda sərmayə qoymasını qüvvələr nisbətinə, Ermənistanın iqtisadi inkişafına ciddi təsir göstərən amil hesab etmirəm.
-Amerika artıq Suriyanı vurmağa hazırlaşır və bu addımın atılacağı şübhə doğurmur. Qonşuluğumuzda daha bir partlayış ocağı əmələ gəlib....
-ABŞ və NATO qüvvələri BMT Təhlükəsizlik Şurasının qərarını gözləmədən də Suriyaya hərbi müdaxilə edə bilər. Necə ki, İraqa hücum etdilər, Suriyanı da eyni yolla xarabaxanaya çevirəcəklər. Əsəd isə öldürüləcək. Qərbin Suriya ilə bağlı qərar verməsinə sayılı günlər qalıb: Onlar kənarda durub gözləyirdilər ki, radikal müxalifət, dini ekstremist qüvvələr Əsədin sonuna çıxacaq. Amma Əsəd qüvvələri güclü oldu, müxalifət ona qalib gələ bilmədi. İndi Qərb özü hərəkətə keçmək istəyir. BMT Təhlükəsizlik Şurasının iki üzvü - Çin və Rusiya Suriyaya hərbi müdaxiləyə qarşı çıxsalar belə, onların mövqeyi heç nəyi həll etməyəcək. Qərb Suriyaya müdaxilə edəndən sonra orada vəziyyət düzəlməyəcək. Əvvala, müstəqil dövlətə qarşı hərbi əməliyyatın aparılması kobud qanun pozuntusudur. İraq məsələsində bu qanun pozuldu. İndi İraqda vəziyyət düzəldimi? Dünən İraqda iki nəfəri güllələdilər. İndi Suriyaya hücum edib onu İraqın gününə salmaq istəyirlər. Rəsmi Kremlin Suriyanın müdafiəsindən çəkinməsinə gəlincə qeyd edim ki, Rusiya satqın, xəyanətkar dövlətdir. Rusiya dünya sosializm və dünya kommunizm hərəkatını satdı. 2-ci Dünya Müharibəsində Azərbaycan Rusiyaya yaxından kömək etdi. Əvəzində nə baş verdi? Rusiya Azərbaycanı Ermənistana satdı. İndi də Suriyanı satır. Bundan əvvəl də İraqı və başqa dövlətləri satıb.
-Bəs Suriyadan sonra Yaxın Şərqdə nələr gözlənə bilər?
-Suriyaya müdaxilədən sonra növbədə İran, Türkiyə və Rusiyadır. İndilikdə isə ən yaxın hədəf İrandır. Faktiki olaraq, gözümüzün qabağında Qərb İslam məkanına növbəti total ekspansiyasına başlayıb və bunun qabağını alacaq qüvvə görünmür. Baş verənlərin fonunda Azərbaycanın tutduğu mövqeyə gələndə isə bu cür proseslərdə balaca dövlətlərin rolu olmur. Kiçik dövlətlərin taleyi böyük dövlətlərin əlindədir. Azərbaycan indiki halda yalnız müstəqilliyini qoruyub saxlamaq, proseslərdən daha az zərər görmək barədə düşünməlidir.

Söhbətləşdi:
Fərzuq Seydbəyli