Müxalifətin seçki boşluğu
Müxalifətin seçki boşluğu

Səfərbər olmaq mümkünsüzləşir
"Milli Şura" daxilində baş verənlər ifrat radikal partiyalarının rəhbərlərinin səviyyəsizliyini bir daha nümayiş etdirdi
"Milli Şura" daxilində yaranmış presedent vəziyyət və partiya sədrlərinin sosial şəbəkələrdə bir-birlərinin ünvanına təhqirlə dolu açıqlamaları düşərgənin ümumi mənzərəsini əks etdirir.
Ötən illərin təcrübəsi də sübut edir ki, aqressiv müxalifətin rəhbərləri hər zaman cılız siyasi maraqlarının girovuna çevrilirlər. Onların seçki kampaniyaları da təsdiqləyir ki, hakimiyyətə gəlmək üçün hər cür vasitəyə əl atan bu insanlar üçün müqəddəs sayıla biləcək heç nə yoxdur. Dağıdıcı müxalifətin başlıca məğlubiyyəti də məhz bununla bağlıdır.
Bu gün ifrat radikal düşərgədə baş verənlərin təhlili onu deməyə əsas verir ki, cəmiyyətə özlərini "yeni adlarla" təqdim edən "psevdoqəhrəmanlar" əslində, ənənəvi dağıdıcı və inkarçı xislətdən hələ də azad ola bilməyiblər. "Milli Şura" adlı qurumun mövsümi xarakter daşıması da məhz bu amillə bağlıdır. Bu "qüvvələr" öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Düşərgə təmsilçilərinin "birlik" imitasiyasının bumeranq effekti verməsini gözləmək o qədər də çox vaxt aparmadı.
"Milli Şura"nın fatihəsini ALP lideri Lalə Şövkət verdi. Əslində, qurum daxilində E.Namazovla İ.Qəmbərin və Ə.Kərimlinin arasında başlanan qarşıdurma oyuncaq "birliyin" siyasi taleyini həll etmişdi. Lakin Liberal Partiyasının lideri tərəfindən qurum təmsilçilərinin siyasi portretlərinin cızılması baş verənlərə tam aydınlıq gətirdi. "Belə razılaşma oldu ki, mən bu təşkilatın tədbirlərində ancaq Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışından sonra iştirak edəcəyəm. Bundan sonra Eldar Namazov ilk dəfə mənə yalnız iyun ayında zəng etdi. R.İbrahimbəyov Rusiya vətəndaşlığı məsələsini həll edə bilməyəndən sonra E.Namazov, Sülhəddin Əkbər və Mirmahmud Mirəlioğlu mənimlə görüşə gəldilər. Biz bu situasiyanı ətraflı müzakirə etdik və mən onlara bildirdim ki, bu layihə nə strateji, nə taktiki baxımdan düzgün düşünülməyib" - deyən L.Şövkət əbədi düşmənlərin bir arada olmasının qeyri-mümkün olduğunu bir daha sübuta yetirdi.
Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin"vahid namizəd" məsələsində qoca kinorejissor Rüstəm İbrahimbəyovu dublyor Cəmil Həsənli ilə "əvəz"ləmələri bu şəxslərin prinsipsizliklərini göstərdi. Bu "əvəzləmə" nəticədə düşərgədə parçalanmalara və qarşıdurmalara stimul oldu. Belə ki, "El" hərəkatının rəhbəri E.Namazovun qoca kinorejissorun seçkilərdə iştirak etməyəcəyini yəqinləşdirdikdən sonra "ehtiyat vahid namizəd" məsələsində yalnız özünü görməsi AXCP və Müsavat rəhbərliyində narazılıq yaratdı. Bu ərəfədə dublyor C.Həsənlinin "ehtiyat vahid namizəd" kimi ikincilər tərəfindən ortaya atılması antaqonist zidiyyətləri qabarıq şəkildə üzə çıxardı. Özlərini müxalifətin "real gücü" sayan İsa Qəmbər və Əli Kərimlinin E.Namazovun siyasi iflası üçün bütün imkanlarını işə salmaları vəziyyəti daha da dramatikləşdirdi.
Liberal Partiyasının lideri Lalə Şövkətin "Milli Şura"nı tərk etməsi və qurum üzvləri barədə şok açıqlamaları əks tərəfi də hərəkətə gətirib. Liberal Partiyasının sədrinin mətbuata verdiyi açıqlamanı yada salaq: "Belə də mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala, ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu, həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirirlərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb".
Müsavat başqanı isə öz növbəsində Liberal Partiyasının sədri Lalə Şövkəti ümummüxalifət maraqlarına zərbə vurmaqda günahlandırıb: "Müəyyən prosedur məsələlər, mövqelər var ki, ola bilər, Rüstəm müəllim o məsələlərdə Lalə xanımı müdafiə eləsin. Amma Lalə xanımın açıqlamasından sonra onun tərəfində olmaq mümkün olan bir məsələ deyil. Çünki Lalə Şövkət bəyanatında açıq şəkildə bildirib ki, o, bizlərlə bir yerdə olmağı özünə layiq saymır və Heydər Əliyevin komandasında təmsil olunması ilə fəxr edir. Yəni, faktiki olaraq, Lalə Şövkət öz tərəfini bəyan edib. O, öz tərəfini bəyan edəndən sonra demokratik düşərgədən kiminsə Lalə Şövkətin tərəfində olmasını söyləməsi, məncə, mümkün deyil".
Göründüyü kimi, ifrat radikal düşərgədə təmsil olunan partiya sədrləri eyni siyasi çətir altında birləşməyin qeyri-mümkün olduğunu göstərməklə, siyasi mübarizədə də primitiv metodlara üstunlük verdiklərini sübuta yetirirlər. Onlar bir-birlərinin siyasi keçmişini gündəmə gətirməklə bundan öz cılız maraqları üçün istifadə edirlər.
2013-cü ilin prezident seçkiləri tamam fərqli inkişaf mərhələsinə təsadüf edir. Elə bir mərhələyə ki, mövcud həyat reallıqları fonunda bu gün kiminsə səhv etməsi, yanılması istisnadır. Seçim anında vətəndaşın mövqeyinə təsir edəcək, onu tərəddüdlə üzləşdirəcək hansısa mühüm amil, yaxud da ciddi siyasi qüvvə yoxdur. Müdrik xalqımız iddiası ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin məğlubiyyətlərini əvvəlcədən bilir.
Azər