Cəmil Həsənlidən Müsavata tərs sillə
Cəmil Həsənlidən Müsavata tərs sillə

Bu dəfə Müsavatın hədəfində AXCP olacaq

Milli Şurada gözlənilməz olay baş verdi. Belə ki, bir müddət öncə Müsavatla ALP və ACP arasında problem yarandı və Müsavatın addımlarına etiraz edən hər iki partiyanın Milli Şuradan gedəcəyi gözlənilirdi. Çünki İsa Qəmbər sonuncu müsahibəsində açıq şəkildə bəyan etmişdi ki, artıq çoxlarının maskası cırılacaq və onlar bu düşərgəni tərk etməlidir.

İsa Qəmbər daha sonra Lalə Şövkət Hacıyevaya işarə olaraq bildirmişdi ki, o seçimini edib və Heydər Əliyev düşərgəsinə xüsusi hörmətlə yanaşır. Bu səbəbdən də onlarla yolları ayırıblar. Amma İsa Qəmbərin bu jestlərindən sonra Cəmil Həsənlidən gözlənilməz addım atıldı. Belə ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli sentyabrın 9-da Liberal Partiyasının lideri Lalə Şövkətlə görüşüb. Məlumatı ALP sədri Əvəz Temirxan verib.Əvəz Temirxanın sözlərinə görə, Lalə Şövkət görüşdə Cəmil Həsənliyə dəstək ifadə edib: "Lalə xanım Cəmil bəyə söz verdi ki, seçki kampaniyasında onu dəstəkləyəcək. Dəstəyin hansı formada olacağı seçki kampaniyası dövründə məlum olacaq. Vəziyyətə uyğun addım atılacaq".Əvəz Temirxan bildirib ki, görüşdə Lalə Şövkətin Milli Şuradan çıxması məsələsi müzakirə olunmayıb.Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli isə görüşlə bağlı deyib: "Seçkiqabağı duruma, Azərbaycandakı vəziyyətə, Milli Şura ilə bağlı bir sıra məsələlərə toxunduq. Səmərəli bir fikir mübadiləsi oldu. Liberal Partiyasının Milli Şurada qaldığı bildirildi".Bu arada xəbər yayıldı ki, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər vəzifədən gedir və partiya Cəmil Həsənliyə dəstək olmayacaq. Sülhəddin Əkbər deyib ki, sədrlikdən istefa verməsi müzakirə olunmur və belə bir plan yoxdur: "Partiyada narazılıqların olması haqda yayılan məlumatlar məqsədyönlü kampaniyadır, tam yalandır. Belə məlumatlar Milli Şuranı dağıtmaq planının tərkib hissəsidir. Nə prezident seçkisinədək, nə seçkidən sonra sədrlikdən istefa vermək niyyətim var. Nizamnaməyə uyğun formada, təşkilatın lideri Rəsul Quliyevin və partiya üzvlərinin razılığı olduğu müddətdə sədr kimi fəaliyyətim davam edir. Mənim sədr vəzifəsindən getməyim heç bir zaman gündəmə gəlməyib".Partiya sədri bildirib ki, onunla Rəsul Quliyev arasında Milli Şurada iştirak, Cəmil Həsənlinin namizədliyinin dəstəklənməsi və digər siyasi proseslərlə bağlı fikir ayrılığı yoxdur: "Biz Milli Şuranın üzvüyük, şuranın qəbul etdiyi qərarlara hörmətlə yanaşırıq. Milli Şuranın vahid namizədinin seçki kampaniyasında fəal iştirak edəcəyik.Sentyabrın 9-da Cəmil bəy partiyamızın rəhbərliyi ilə görüşdü. Milli Şuradakı vəziyyət, seçki kampaniyasının gedişi, ACP-nin prosesdə iştirakı, maliyyə dəstəyi ilə bağlı müzakirələr apardıq. Cəmil Həsənli dedi ki, ACP-nin seçki kampaniyasında aktiv iştirakını istəyir. Faydalı görüş oldu, Cəmil Həsənli razı qaldı. ACP kampaniyada aktiv iştirak edəcək. Şuranın vahid namizədi də buna bir daha əmin oldu. Milli Şuranın namizədi ilə keçirilən görüşdə əldə olunan razılaşmalar Rəsul Quliyevin də mövqeyini əks etdirir. Rəsul Quliyev bildirib ki, Cəmil Həsənlinin dəstəklənməsi üçün xalqa müraciət edəcək.ACP-nin Milli Şuradan narazılığı yoxdur. Müzakirə olunan məsələlər haqda müxtəlif mövqelər ola bilər. Rəsul Quliyevin açıqlamaları da bu kontekstdə olub. Bu, ACP ilə Milli Şura arasında münaqişənin olması anlamına gəlmir. Şura siyasi və sosial baxımdan demokratik, rəngarəng bir qurumdur. Siyasi mövqeyimizi qərar qəbul edilənədək bildirmişdik. Artıq qərar qəbul olunub, yeni mərhələdəyik. Yeni mərhələdə Milli Şuranın qərarlarına uyğun olaraq fəal iştirak edəcəyik. Seçki prosesinə Milli Şuranın namizədi Cəmil Həsənli özü rəhbərlik edir. Eyni zamanda Seçki Strateji Mərkəzi yaradılıb. Mən də ACP sədri kimi orada təmsil olunuram. Əsas qərarlar orada qəbul olunacaq".Müxalifət partiyalarının maliyyə imkanlarının az olduğunu vurğulayan S.Əkbər bildirib ki, ACP Milli Şuranın namizədinə maddi dəstək verəcək.
Bununla da ekspertlər hesab edir ki, Müsavat partiyası nakaut duruma düşdü. Çünki ALP və ACP Milli Şuradan gedərdisə bu o demək idi ki, Cəmil Həsənli Müsavatdan aslı duruma düşəcək. Cəmil Həsənli isə vəziyyəti düzgün dəyərləndirdi və baş verəcək parçalanmanın qarşısını aldı. Çünki Rüstəm İbrahimbəyovda bəyan etmişdi ki, o Lalə Şövkət Hacıyevanın yanındadır. Amma Cəmil Həsənlinin bu manevrindən sonra hesab etmək olar ki, "El" hərəkatıda növbəti gedişini edəcək. Ekspertlər hesab edir ki, Cəmil Həsənlinin bu addımının arxasında həm də AXCP dayanır. Belə ki, hadisələrin ən gərgin məqamında AXCP Müsavata yox, məhz bu düşərgəyə dəstək olmuşdu. Bunu da unutmayaq ki, Cəmil Həsənli illərlə AXCP rəhbərliyində təmsil olunub və o, Əli Kərimliyə daha yaxındır. Müşahidəçilər bunu da bildirir ki, Müsavat mövcud reallıqla barışmayacaq və növbəti həmlə onlardan olacaq. Çox böyük ehtimal ki, bu dəfə Müsavatın hədəfi AXCP olacaq.
Fuad Əliyev