Xaricdən bahalı müğənni gətirən məmurlar
Xaricdən bahalı müğənni gətirən məmurlar

Ölkə başçısının sonuncu sərt xəbərdarlığı kimlərə yönəlib?

Ölkə başçısı İlham Əliyev növbəti dəfə məmurların özbaşınalığı ilə bağlı sərt açıqlamalarla çıxış edib. Bundan əvvəl iki dəfə belə məmurlara xəbərdarlıq edən dövlət rəhbərinin bu dəfəki çıxışı da kəskin notlarla zəngindir.

"Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir" deyə Bərdədə məcburi köçkünlərlə görüşündə bildirən dövlət başçısının sözlərinə görə, əgər dövlət o məsuliyyəti vəzifəli şəxsin üzərinə qoyursa, yaxud da ki, prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır: "Yəni, rəhbər kadrlar nümunə olmalıdırlar. Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar. Bir daha demək istəyirəm, mən elə özüm dövlət başçısı kimi təşəbbüs irəli sürdüm ki, xaricdə oxumaq üçün belə bir proqram icra edilsin. Ancaq indiki mərhələdə hesab edirəm ki, yeni bir yol, yanaşma olmalıdır. Əminəm ki, vəzifəli şəxslər bundan ibrət götürəcəklər".
İlham Əliyev bəyan edib ki, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər: "Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə, hesab edirəm ki, bu da dərs oldu. Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları vardır. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar" - deyə, Prezident əlavə edib.
"Unikal" ölkə başçısının bu çıxışından sonra toy və ad günü mərasimlərinə xaricdən baha məbləğə müğənnilər gətirən məmurların kimliyi ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsini sizə təqdim edirik.

Övlad toylarına bahalı
xarici müğənni
gətirənlər kimlərdir?

Ötən ilin iyun ayında Bakıdakı "Buta Palace"də keçirilən bir toy məclisində Azərbaycanın və Rusiyanın məşhur iş adamları ilə yanaşı bir çox tanınmış əcnəbi və yerli müğənnilər də iştirak edib. Toyda iştirak edən Cennifer Lopezə, Rihannaya və Beyonsa 6 milyon dollar ödənilib. Məlumata görə, həmin toyun sahibi Rusiyada yaşayan azərbaycanlı iş adamıdır.
İki il əvvəl subaylığın daşını atan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toyunda da əcnəbi müğənnilər iştirak edib. Xəbərlərə görə, toyun qonaqları arasında Ledi Qaqa, Şakira, Dima Bilan, Türkiyənin əksər meqastarları, habelə yerli estrada ulduzları olub. Təkcə əcnəbi müğənnilərin Bakıya gətirilməsinin xərci bir neçə milyon avro ilə ölçülüb.
Türkiyənin populyar estrada müğənnisi Bengü də 2011-ci ildə Bakıda yerli məmurlardan birinin oğlunun toyunda bir saat çıxış edib. Dəqiq rəqəm bəlli olmasa da Bengünün toya gəlmək üçün böyük qonorar aldığı bildirilir.
Bakıya məmur toylarına tez-tez gələn müğənnilər sırasında İbrahim Tatlısəsin də adı çəkilir. Bundan başqa, tanınmış bir biznesmenin oğlunun toyunu Eros Ramazotti, Filip Kirkorov, Tina Törner idarə ediblər. Türkiyəli ulduz Əmrah da 50 min dollara Qubada toy aparıb. Bu siyahıda Mahsun Kırmızıgülün adı isə lap çox hallanır.
Ötən il məşhur Amerika müğənnisi Ledi Qaqa və tanınmış türk müğənnisi Tarkan da Bakıda bir toyda çıxış etmişdilər. Buna görə onlara qonorar olaraq ən azı 3 milyon manat ödənildiyi bildirilir. Həmin toy mərasiminin də adı açıqlanmayan bir məmur-biznesmenə aid olduğu bildirilirdi.

Azad Rəhimovla Füzuli
Ələkbərovun xarici
müğənnilərdən
bol övlad toyları

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov qızlarından birini Rusiya Gömrük Komitəsi sədrinin müavininin oğluna ərə verib. Maraq doğurduğundan onu da bildirək ki, iki dövlətin quda olan vəzifə sahibləri övladlarının toy mərasimini Yunanıstanın paytaxtında Afinanın ən bahalı otellərindən birində təşkil ediblər. Toyda bir çox dünya şöhrətli müğənnilər iştirak ediblər və onlara bunun müqabilində bir neçə milyon dollar ödənilib.
Azad Rəhimovun oğlunun toyu Ramazan bayramından bir neçə gün əvvəl olub. Mənbənin sözlərinə görə, "Buta" Sarayında baş tutan toy mərasimində dünyanın bir çox məşhur müğənnisi iştirak edib. Toyda heç kimin çəkiliş aparmasına imkan verilmədiyini deyən mənbənin sözlərinə görə, hətta mərasimdə xidmət göstərən ofisiantların telefonları da saray administratorları tərəfindən alınıb.
Təxminən üç il əvvəl isə Azad Rəhimov oğlunun toy mərasiminə dünyanın ən məşhur qruplarından biri olan "Black Eyed Peas" qrupunu gətirib. Deyilənə görə, nazir bunun üçün təxminən 1 milyon manatından keçməli olub. Azad Rəhimov adı çəkilən qrupdan başqa İsrailin məşhur müğənnilərindən birini də 50 min manat xərc çəkərək oğlunun toyuna gətirib. Toyda daha çox Rusiya və Avropanın məşhur musiqi qruplarının iştirak etdiyi bildirilib, ümumilikdə bu mərasimin Azad Rəhimova təxminən 2 milyon manata başa gəldiyi açıqlanıb.

Natiq Əliyevin oğlunun
Bodrumdakı toyuna
"ulduz yağışı"

Sənaye və energetika naziri Natiq Əliyevin oğlunun toyu isə Bodrumda baş tutub. Müğənni Safura Əlizadə ilə ailə quran nazir oğlunun toyuna hər iki ailəsi və yaxın dostları qatılıblar.
Toyla bağlı Azərbaycanın sənət dünyasının tanınmış simaları artıq bir neçə gün əvvəl Bodruma yollanıblar. Onlar arasında şoumen Murad Dadaşov, xalq artisti Zülfiyyə Xanbabayeva, prodüser Tolik və stilist Anar Ağakişiyev də yer alıb. Toya gedən qonaqlar Mübariz Mənsimovun "Palmalife Resort" otelində qalıblar.
Bu toy mərasiminə bir neçə tanınmış türk və Qərb estrada ulduzunun qatıldığı bildirilib. Onlara, ümumiyyətlə isə, toyun təşkilinə nə qədər pul xərcləndiyini müəyyənləşdirmək mümkün olmayıb.

Azərbaycanlı
məmurlar
hansı əcnəbi
müğənnini
toylara neçəyə
gətirirlər?

Xarici müğənnilərin toy qiymətlərinə gəlincə, Cenifer Lopezi okeanın o tayından bu tayına 1,5 milyon dollara gətirə bilərsiniz. Riki Martin və Şakiranın pərəstişkarları isə 800 min dollarından keçməlidir. Türk sənətçilərindən Mustafa Sandal 65000 avroya, Mahsun Kırmızıgül 60000 avroya, Sərdar Ortaç 55000 avroya, Kənan Doğulu isə 35000 avroya toyunuzu idarə edə bilər.
Toyunuza təşrif buyurması üçün Rusiya ulduzlarından Filip Kirkorov 60000 dollar, Valeri Meladze 30000 avro, Jasmin 15000 dollar, "Slivki" qrupu 10000 dollar istəyəcək.
Təbii ki, istənilən məbləği övladlarının xeyir işlərində ödəmək bizim məmurlarımız üçün problem deyil. Onların bu qədər iri, fantastik məbləğdə pulları necə qazandığına da şübhə yoxdur.
İndi isə ölkə başçısının bu məsələyə xüsusi diqqət göstərməsi və sərt xəbərdarlıq etməsi artıq məmurların belə davranışlarının hədsiz çoxaldığı anlamına gəlir. Görün vəziyyət nə yerdədir ki, dövlət rəhbəri buna ayrıca münasibət bildirmək, olduqca kəskin üslubda xəbərdarlıq etmək məcburiyyətində qalır. Hər halda ümid edək ki, korrupsiya hesabına varlanmış məmurlarımız həmin xəbərdarlıqdan lazım olan dərsi alacaqlar. Əks halda onları hansı aqibətin gözlədiyini bilmək çətin deyil.
Azər Aslan