Cəmil Həsənli cəbhəçi və müsavatçı səslərindən məhrum oldu
Cəmil Həsənli cəbhəçi və müsavatçı səslərindən məhrum oldu

AXCP-də istefalar başladı

Milli Şura bir neçə bölgədə yaratdığı dayaqlarını da itirməyə başlayıb. Əsasən AXCP və Müsavat üzvlərindən təşkil olunan dayaq nöqtələrində ki, sıravi müxalifətçilər son günlər Milli Şura daxilində yaranan gərginliyi həzm edə bilmir və bunu annormallıq kimi dəyərləndirirlər.

Belə ki, bir neçə gün öncə ALP lideri Lalə Şövkət Hacıyeva Milli Şuradan getdiyini bəyan etdi və bəyan etdi ki, Heydər Əliyevin siyasi xətti müxalifətin bu gün həyata keçirtdiyi siyasətdən daha peşəkar və dəyərli idi. Məhz bu açıqlamadan sonra Müsavat başqanı İsa Qəmbər sərt açıqlama verərək bəyan etdi ki, Lalə Şövkət öz yolunu seçdi və bundan sonra onunla bir sırada ola bilməzlər. Hətta bildirdi ki, yaxınlarda daha çox adamın maskası cırılacaq. Amma Milli Şuranın vahid namizədi Cəmil Həsənli Lalə Şövkəti dəstəklədi və Lalə Şövkət Hacıyeva ilə görüş keçirərək bir araya gəldilər. Bu isə sözsüz ki, sadə cəbhəçiləri və müsavatçıları qane etmədi. İndi isə bunun əks-sədası gəlməkdədir. Belə ki, AXCP üzvü Həsən Şıxəliyev partiyadan istefa verib. Bu haqda o, müraciət edib.Müraciətdə deyilir: "Mən Həsən Şıxəliyev AXCP-nin Naxçıvan Muxtar Respublika Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olaraq artıq bu yolu davam etdirmək istəmirəm.Bu gün Milli Şura daxilində gedən xoşagəlməz proseslər məni bu addımı atmağa məcbur edir.Artıq Milli Şuranı yaradanlar bir-birini tənqid edir, bu qurumdan qoparaq öz ambisiyalarını davam etdirirlər.Milli Şura sədri Rüstəm İbrahimbəyov artıq Milli Şuraya qarşı çıxış edən Lalə Şövkət Hacıyevanı dəstəkləyib və hər şeyin xoşagəlməz olduğunu qeyd edib. Onun sözləri ilə desək, ümid xalqadır. Hələ Milli Şura sədri "hərəyə bir manat yığaraq" seçki kampaniyasını aparmağı da təklif edib. Düşünürəm ki, müxalifət düşərgəsində seçkidən qabaq və seçkidən sonra istefalar olacaq, eləcədə yeni bir müxalifət formalaşacaq".Daha sonra AXCP funksioneri bəyan edib ki, bütün bunları qeyd edərək istefa verir və gələcəkdə fəaliyyətini müstəqil şəkildə davam etdirəcək.Amma müşahidəçilər bildirir ki, bu hələ başlanığıcdır və belə məlum olur ki, bu seçkilərdə Cəmil Həsənli ilk növbədə cəbhəçi və müsavatçıların belə səsini qazana bilməyəcək. Nəyə görə? İlk növbədə ona görə ki, adı çəkilən hər iki partiya liderlər üzərində qurulan partiyalardır və bu partiyalar üçün Əli Kərimli ilə İsa Qəmbərin maraqları daha vacibdir. Yəni Cəmil Həsənliyə doğma lider kimi yanaşmırlar və seçki günü ona səs vermək üçün aktivlik göstərəcəkləri inandırıcı deyil. Digər tərəfdən Cəmil Həsənli İsa Qəmbərin və Əli Kərimlinin sərt mövqeyinə baxmayaraq Lalə Şövkət Hacıyeva ilə yolunu davam etdirdi. Bu isə sıravi cəbhəçi və müsavatçılar üçün arzuolunan hal deyil. Çünki bu günə qədər Lalə Şövkət Hacıyevanı müxalifətçi kimi qəbul etməyiblər və belə hesab ediblər ki, o, hər zaman kənar qüvvələrə işləyib. Hətta bir neçə il öncə İsa Qəmbər açıq şəkildə Lalə Şövkət Hacıyevanı Rusiyaya işləməkdə ittiham etdi. Bu gün isə Cəmil Həsənli İsa Qəmbərə yox, Lalə Şövkət Hacıyevaya meyilləndi. Bununla da əslində Cəmil Həsənli müsavatçı və cəbhəçi səslərindən mərhum oldu.
Toğrul Əliyev