Oqtay Şirəliyevlə Şahin Mustafayevin işbirliyi alınacaqmı?
Oqtay Şirəliyevlə Şahin Mustafayevin işbirliyi alınacaqmı?

“Dərman bazarı”nın söz sahibləri iki nazirə qarşı üsyan edə bilər

Azərbaycanda apteklərdə dərmanların vahid qiymətə satılması ilə bağlı təkliflər hazırlanıb. Səhiyyə Nazirliyi dərmanların vahid qiymətə satılması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi ilə birgə hazırladığı təklifləri artıq Nazirlər Kabinetinə təqdim edib. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təkliflər hazırlanan zaman dünya təcrübəsinə istinad olunub, təkliflərdə dərmanların hər yerdə vahid qiymətə satılması nəzərdə tutulur.
Nazir müavini yaxın zamanlarda bununla bağlı müvafiq işlərə başlanacağını bildirib. O, qeyd edib ki, apteklərdə dərmanların üzərində qiymətləri göstəriləcək.
Qeyd edək ki, Azərbaycan apteklərində dərmanların vahid qiymətə satılması məsələsi çoxdan gündəmdədir. Səhiyyə naziri Oqtay Şirəliyev bu məsələdə bir neçə ildir israr etsə də, bəzi iddialara görə, dərman bazarının böyük payçıları bu məsələdə dirəşirlər. Onlar vahid qiymət siyasətinə qarşıdırlar. Elə prosesin belə yubanması da dərman biznesindəki söz sahiblərinin məlum müqaviməti ilə izah olunur.
Hesab edilir ki, sonradan Şirəliyevin bu məsələdə iqtisadi inkişaf naziri Şahin Mustafayevlə işbirliyinə keçməsi, məhz İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə məlum təklifləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməsi təsadüfi deyil. Səhiyyə naziri bununla dərman biznesmenlərinin təkbaşına hədəfinə gəlmək istəyib.
Ümumiyyətlə, ölkənin dərman bazarındakı söz sahibləri ilə Oqtay Şirəliyevin nazirliyi arasında münasibətlər xeyli gərgindir. Bu yaxınlarda məlumat yayıldı ki, Səhiyyə Nazirliyinin dərman preparatlarının reklamlarını çətinləşdirən qaydaları təsdiqləməsi dərman preparatlarının idxalını və satışını həyata keçirən firmaları qıcıqlandırıb. Yeni qaydaların həddən artıq sərt olması həmin firmalarda narazılıqla qarşılanıb. “Bu qaydalara görə Azərbaycanda tibbi xidmətlərin və dərman preparatlarının reklamı çətinləşəcək. Bundan sonra ölkə ərazisində yalnız həkim resepti olmadan buraxılan dərmanların reklamına icazə veriləcək, tibbi xidmətlərin reklamını isə yalnız bu sahədə ixtisaslaşmış mütəxəssislər həyata keçirə biləcək. Eyni zamanda yeni qaydalara əsasən, tibbi xidmətlərin və dərmanların reklamına rəy almaq istəyən şəxs Oqtay Şirəliyevin nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəçi qismində tibbi xidmətlərə münasibətdə özəl tibb fəaliyyətinin subyektləri, dərmanlara münasibətdə isə dərman vasitələrinin istehsalı ilə məşğul olan hüquqi şəxslər çıxış edə bilərlər” deyə “Unikal”a daxil olan məlumatlarda bildirilir, əlavə olaraq isə qeyd edilirdi ki, ilk baxışda qaydaların vətəndaşların maraqlarına uyğun olduğu nəzərə çarpsa da, dərman biznesi ilə məşğul olanlar həmin qaydaları onların önündə bürokratik əngəlləri artıran yeni maneələr kimi qəbul edirlər. Hesab olunur ki, həmin qaydalar korrupsiya üçün münbit şərait hazırlayır. Çünki təcrübə göstərir ki, hansı işdə tələb olunan sənədlər çoxdursa, orada rüşvət almaq imkanları da genişlənir.
İndi isə dərmanların vahid qiymət siyasəti əsasında satışının həyata keçirilməsi də əslində vətəndaşların maraqlarına müəyyən qədər uyğun olsa da, dərman firmaları bu təklifi heç cür qəbul etmir və onun reallaşmasına qarşı çıxırlar. Düzdür, bu məsələdə Səhiyyə və İqtisadi İnkişaf nazirliklərinin birgə hərəkət etməsi “dərman bazarı”nın söz sahiblərinin müqavimətini “sındırmağa” kifayət edə bilər. Amma son nəticədə iki nazirin ciddi problemlə üzləşməsi də istisna olunmur.
Belə ki, ölkədə dərman biznesinin iri oyunçuları olaraq qəbul edilən firmalar (hansılar ki, onların arxalarında bu və ya digər məmurların dayana biləcəyi də istisna edilməməlidir) adıçəkilən nazirlərə qarşı çıxa bilər. Yetərincə güclü dayaqlara malik dərman biznesmenləri əgər məlum təklif reallaşarsa, bunun qisasını Şahin Mustafayev və Oqtay Şirəliyevin “vurulması” ilə almağa çalışmaları kifayət qədər real görünür.

Günel Əkbər