Kərəm Həsənovun rayonlardakı qəbulu ilə bağlı maraqlı iddia
Kərəm Həsənovun rayonlardakı qəbulu ilə bağlı maraqlı iddia

Komitə sədrinin vətəndaşlarla görüşdə verdiyi vədlər elə yerindəcə qalır?

Artıq bir neçə aydır Azərbaycanda bəzi nazirlər və komitə sədrləri rayonlarda vətəndaşlarla qəbula ezam olunurlar. Bəziləri bunu seçkiöncəsi hökumətin özünəməxsus taktiki gedişi hesab edir və düşünürlər ki, bu, ölkədə vətəndaşların məmur özbaşınalığından narazılığını əhəmiyyətli şəkildə azalda bilər.

Bəzi rəylərə görə isə nazirlərin rayonlarda qəbul keçirməsi gözlənilən effekti vermir - mərkəzi hakimiyyətlə toplum arasında təmasların qurulmasına yönəlmiş bu layihə demək olar ki, uğursuzluğa düçar olmaqdadır. İddialara görə, rayonlardakı əksər qəbullar polis və yerli icra hakimiyyətinin nəzarəti və müşayiəti ilə keçirilir, arzuolunmaz şikayətçilər yaxına buraxılmır, nazirlərin bir çoxu xalqla birbaşa təmasa mühafizəçilərlə çıxırlar. Təbii ki, belə formatda keçirilən qəbullar əhalinin real problemlərini araşdırmağa imkan vermir. Bəzi hallarda isə bu qəbullar hökumətin imicinə izafi mənfi çalarlar əlavə edir.
Belə ki, yüksək vəzifəli şəxslərin vətəndaşları dinləməsi formal xarakter daşıyır, onların problemlərinin həlli istiqamətində heç bir əməli addım atılmaması ilə müşaiyət olunur.
Bildirildiyinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rayonlardakı qəbullarından narazı qalanların sayı xüsusilə çoxdur. Belə ki, komitə sədrinin həmin qəbullarda verdiyi vədlər əksərən elə vəd olaraq da qalır və Kərəm Həsənovun yerli işçiləri o, Bakıya qayıtdıqdan sonra sədrin tapşırıqlarını "unudurlar".
Məsələn, bu günlərdə may ayında Şirvanda keçirilən görüşdə Kərəm Həsənova öz xahişini çatdıran bir vətəndaş aradan üç ay keçməsinə rəğmən, probleminin həlli istiqamətində heç bir addım atılmamasını görərək məsələni ictimailəşdirib. Onun sözlərinə görə, Kərəm Həsənov ilə 24 mayda vətəndaşları qəbul edərkən görüşdə olub, komitə sədri ilə şəxsən görüşüb, öz xahişini və problemini dilə gətirib, deyib ki, rayondakı yaşayış binalarından birinin zirzəmisini ofis üçün icarəyə götürmək istəyir. Görüşdə iştirak edən, Şirvan şəhərində yerləşən ƏMDK-nın 7 saylı ərazi şöbəsinin müdiri Məhəmməd Qanbayev Kərəm Həsənova bildirib ki, bu obyektin icarəyə götürülməsində heç bir problem yoxdur. Sonda isə Kərəm Həsənov ərazi şöbəsinin müdirinə tapşırıq verdi ki, lazım olan sənədləri komitəyə göndərsinlər və ən qısa müddətdə həmin obyektin icarəyə verilməsi məsələsini həll etsinlər.
Görüşdən təxminən 1 həftə sonra bütün sənədlər ərazi şöbəsinin müdirinə təqdim olunub, artıq təqdim edilən sənədlərin üstündən 3 ay keçib, amma hələ də heç bir cavab alınmayıb. "Dəfələrlə bu haqda aidiyyatı dövlət orqanına müraciət olunsa da, eşitdiyim cavab bu oldu:iş Komitəlikdir" deyə problemlə üzləşən şəxs bolgeçeber.com saytına bildirib.
"Unikal"ın əldə etdiyi məlumatlara görə, oxşar problemlərlə üzləşən vətəndaşların sayı həddən artıq çoxdur. Müxtəlif rayonlarda Kərəm Həsənovun qəbuluna gələnlər ümidlə geri dönsələr də, sonradan onların komitə sədrinin diqqətinə çatdırdıqları şikayət və problemlərin həlli istiqamətində heç bir addım atılmır, ənənəvi süründürməçilik, bürokratizm davam edir.
Belədə isə sual yaranır: əgər vətəndaşlarla görüşlərdə qaldırılan problemlərin, çətinliklərin həlli istiqamətində heç bir addım atılmayacaqsa, əksər hallarda onlar yenə də problem, əngəl olaraq qalacaqsa, onda havayı vaxt və enerji sərf edib bu cür qəbullar keçirməyə nə ehtiyac var?
Günel Əkbər