Tələbə yoldaşı Arif Əsgərovu xilas edə bilmir
Tələbə yoldaşı Arif Əsgərovu xilas edə bilmir

Musa Pənahov idarə rəisini Ziya Məmmədovun əlindən almağa çalışır, ortada isə 48 yox, 34 milyon manatlıq yeyinti var

Artıq bir neçə gündür gündəmi zəbt edən əsas xəbərlərdən biri də Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovla bağlı məsələdir. Ortada 48 milyon manatlıq yeyinti faktının olduğu və bununla əlaqədar hüquq mühafizə orqanlarının artıq əməliyyat keçirdiyi və bir neçə nəfəri saxladığı barədə məlumatlar isə idarə rəisini çıxılmaz vəziyyətə salıb.

Qeyd edək ki, bu yaxınlarda belə bir məlumat yayılmışdı ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynov həbs edilib. Həmin məlumatda vurğulanırdı ki, R.Hüseynov 48 milyon manatlıq yeyintidə ittiham olunur. İri maliyyə fırıldağında əli olan Rahib Hüseynov Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin sədri Arif Əsgərovun bacısı oğludur. O da məlum olub ki, Arif Əsgərovun və Rahib Hüseynovun qurduğu iri maliyyə fırıldağında bir necə sahibkar zərər çəkib ki, onlarında şikayəti nəticəsində Rahib Hüseynov həbs olunub. Verilən xəbərdə oda bildirilir ki, bu fırıldaqda Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alıb və məlumata görə, o öz atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir.
O da bildirilirdi ki, E.Əsgərov və Rahib Hüseynov sahibkarlara 50 milyon manata qədər borclu qalıb. Sahibkarların dəfələrlə Arif Əskərova müraciət etmələrinə baxmayaraq onların pullarını qaytaran olmayıb."Unikal"ın əldə etdiyi məlumatlarda isə daha maraqlı məqamlar var. Həmin məlumatlarda deyilir ki, bu hadisənin üzəri açıldıqdan sonra nəqliyyat sektorunda ortalıq qarışıb. Belə ki, nəqliyyat naziri Ziya Məmmədov onun "kassası"na girmiş Arif Əsgərovu yanına çağıraraq, sərt formada danlayıb. Hətta bu danlama prosesi o qədər sərt olub ki, nazirin köməkçisi qeyri-ixtiyari otağa daxil olaraq, Məmmədovu sakitləşdirməyə çalışıb.İddialara görə, Arif Əsgərovun bu hadisədən sonra vəziyyəti daha da pisləşib. Amma onun bu qədər pulu niyə və hansı məqsədlər üçün ümumi "kassa"dan gizlətməsi də maraqlı bir məsələ ilə bağlıymış. Məlumatlara görə, Arif Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi olsa da, o, hər ay "paket" alırmış. Qalan əldə olunan pulların isə ona qətiyyən aidiyyatı yox imiş. Ortada iri pulların dövr etdiyini görən idarə rəisi də nəfsinə qalib gələ bilməyərək, gizli şəkildə işlər görməyə başlayıb. Nəticədə, ortaya milyonluq yeyinti halları çıxıb ki, bu da artıq Əsgərov üçün çox ciddi başağrısına çevrilib. "Unikal"a verilən məlumatlarda yeyilən pulların miqdarı ilə də bağlı bilgilər var. Həmin xəbərdə deyilir ki, Arif Əsgərovun ayağına yazılan pulun məbləği 48 milyon deyil, 34 milyon manatdır. Bir başqa maraqlı məqam da odur ki, Arif Əsgərovun məsələsinə onun tələbə yoldaşlarından biri müdaxilə edib. Nəqliyyat naziri Ziya Məmmədovla onu barışdırmaq istəyən nazir müavini tələbə yoldaşına bu şəkildə köməklik etmək istəyir. Hələlik istəyi baş tutmasa da, israrlarına davam edən Pənahovun əsas arqumenti budur ki, ortadakı 34 milyon manatlıq yeyintidən idarə rəsinin xəbəri yoxdur. Və bütün işləri də onun qohumları ediblər, özü də gizli şəkildə. İddialara görə, Musa Pənahovun bu cəhdləri işə yaraya bilər. Çünki o, nəqliyyat nazirinin yaxın adamlarından biri sayılır. Həm də onun bir sıra işlərinə rəhbərlik edir. İstisna edilmir ki, tutduğu mövqeyindən istifadə edən nazir müavini tələbə yoldaşını xilas etməyə nail olacaq. Amma o da deyilir ki, Ziya Məmmədovun qəzəblənmə forması bu işin baş tutmasını əngəlləyə də bilər. Qeyd edək ki, Arif Əsgərov özü Dövlət Dəmiryolu İdarəsinin rəisi olsa da, qardaşlarına da vəzifə tapa bilib. Belə ki, onun bir qardaşı Ayaz Əsgərov hal hazırda Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Digər qardaşı isə həbsxanalardan birinə rəislik edir. Onun ayrı-ayrı qohumları da digər vəzifələrin başında əyləşir ki, bununla bağlı araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Elvin Rüstəmov