Eldar Həsənov  Bakıya dönür
Eldar Həsənov Bakıya dönür
Hakimiyyət içində ona qarşı olanlar geri çəkilmək
məcburiyyətində qalıb, proses noyabrda yekunlaşacaq

Azərbaycanın Montoneqrodakı səfiri Eldar Həsənov seçkilərdən sonra yeni vəzifəyə təyinat alacaq. Bu barədə "Unikala" etibarlı mənbələrdən məlumat daxil olub.Həmin xəbərlərdə vurğulanır ki, hələ Rumıniyada səfir işlədiyi zaman bir sıra işlər görərək, hakimiyyət dairələrinin etimadını qazanmış Eldar Həsənova qarşı, həm də ciddi bir müxalifət də yaranmışdı.
Onun Bakıya dönərək, yeni bir vəzifə alacağından narahat olan həmin qüvvələr israrla bu prosesin qarşısını almağa çalışırdılar. Amma onun daha böyük bir ərazi üzrə səfir təyin edilməsi haqqında aparılan əks təbliğatın effektsiz olmasına gətirib çıxardı. Mənbə bildirir ki, Eldar Həsənovun Montoneqroda da bir sıra mühüm layihələr həyata keçirməsi və hakimiyyətin tapşırıqlarını qüsursuz reallaşdırması ona etimadın artmasına səbəb olub. Eyni zamanda, o, Rumıniyada səfir olduğu zaman dövlət başçısına məktubla müraciət etməsi, onunla bağlı yaranmış baryerlərin aradan qalxması üçün zəmin yaradıb. Elə buna görə də, səfirin noyabr ayında yüksək bir posta keçiriləcəyi artıq qəti şəkildə qərarlaşdırılıb. Qeyd edək ki, Eldar Həsənov səfir olmasına baxmayaraq, siyasi proseslərdə bilici və təsir imkanlarına malik olan fiqurlardan hesab olunur. Onun baş prokuror vəzifəsini diplomat vəzifəsi ilə əvəzləməsi isə sadəcə, siyasi gediş hesab olunur. Hətta deyilənlərə görə, keçmiş baş prokurora qarşı olanlar onun işdən çıxarılması üçün bir müddət mübarizə apardıqdan sonra istəklərinə çatıblar. Amma Həsənovun yenidən revanş götürərək, Bakıya qayıtmaq istəyi çoxdan məlum idi. Hər dəfə bunun üçün əlverişli imkan yarandıqda isə Bakıdakı rəqibləri hərəkətə keçərək, onun qarşısını almağa nail olurdular. Görünən və bilinən isə odur ki, bu dəfə həmin maneələr işə yaramayacaq, və Eldar Həsənov noyabr ayında mühüm postlardan birinə rəhbər təyin olunacaq.
Toğrul Əliyev