İlin sonuna kimi prezidentlər görüşə bilər
İlin sonuna kimi prezidentlər görüşə bilər

Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını öz üzərinə götürən Minsk qrupu bəyan edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır. Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, görüşün nə vaxt baş tutacağını dəqiqləşdirməyən həmsədrlər istisna etmirlər ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyan bu ilin sonuna kimi görüşə bilərlər.

Nəşr yazır ki, Azərbaycanda prezident seçkiləri keçiriləcək və hələ ki, bu seçkilərdə qalibin kim olacağı bəlli deyil. “Onun qələbə qazacağına isə şübhə yoxdur” - deyə nəşr vurğulayıb. Beləliklə, Rusiya nəşrinin yazdıqlarına inansaq, münaqişənin həlli istiqamətində aparılan danışıqlar bu il yenidən start götürə bilər. Ermənistanın yürütdüyü barışmaz siyasət ucbatından danışıqlar prosesində yaranan durğunluğun aradan qalxacağı Qərb və Rusiya dairələrində geniş müzakirə olunur.
Belə ki, 2013-cü il başlayandan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nə bir addım atılıb, nə prezidentlər görüşüb, nə də üç həmsədr hansısa təklif və ya vasitəçilik təşəbbüsü ilə çıxış edib. Belə bir vaxtda xarici işlər naziri Elmar Məmmədyarovun BMT ali tribunasından bu ölkənin işğalçılıq siyasətini kəskin tənqid etməsi erməniləri özündən çıxarıb. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu ittihamları cavablandırmağa çalışsa da, cəhdi uğursuz olub. Yenə köhnə fikirlər, absurd ittihamlar. Erməni nazir uğursuz formada BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı Azərbaycanın “misli görünməmiş miqdarda” hücum silahları əldə etməsindən narahatlıq bildirib. Nalbandyan iddia edib ki, Azərbaycanın böyük miqdarda hücum silahları cəmləşdirməsi təkcə regional deyil, beynəlxalq vəziyyəti də təhdid edir. Erməni nazirə görə, gücdən istifadə Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək. “Lakin BMT Təhlükəsizlik Şurasının üzvü statusunu daşımasına baxmayaraq, Azərbaycan misli görünməmiş həcmdə hücum silahlarını əlində cəmləşdirməklə təkcə regional vəziyyəti deyil, beynəlxalq vəziyyəti də təhdid edir” - deyə Nalbandyan əlavə edib.
Azərbaycan XİN rəhbərinin BMT-də etdiyi çıxışdan dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan təcili Fransaya işgüzar səfər edib. Əvvəl Parisə baş çəkəcək Sarkisyanın fransalı həmkarı və Senat sədri ilə görüşləri planlaşdırılıb. Sarkisyan oktyabrın 2-də Strasburqda AŞ PA sədri, Avropa Şurasının baş katibi və Avropa Şurasının insan haqları komissarı ilə görüşəcək, elə həmin gün AŞ PA-nın iclasında çıxış edib deputatların suallarını cavablandıracaq. Qərb dairələrində belə bir fikir formalaşıb ki, Avropadan üz döndərib üzünü Avrasiya Birliyi və Gömrük İttifaqına üz tutan Serj Sarkisyan bu səfərlə Qərbin könlünü almağa çalışır.
Münaqişədən söz düşmüşkən, Beynəlxalq Böhran Qrupunun (İCG) münaqişə ilə bağlı açıqladığı son hesabatı maraq doğurur. Qrup hesabatında bəyan edib ki, 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının dayanması ilə Azərbaycan və Ermənistan qeyri-intensiv, lakin həssas qarşıdurma dövrünə qədəm qoyublar. Hər iki tərəf "blitskriq", “önləyici zərbə”, “total müharibə” kimi ifadələrə getdikcə daha tez-tez müraciət etməkdədir. İCG hesab edir ki tərəflərin öz hərbi gücü və imkanlarını düzgün dəyərləndirə bilməməsi əsas narahatlıq mənbəyidir. “Bunun nəticələri isə digər dondurulmuş lokal post-sovet münaqişələrilə müqayisədə daha ağır ola bilər, çünki Cənubi Qafqaz regionu böyük dövlətlərin marağının kəsişdiyi və rəqabət apardığı bölgə olmaqla yanaşı, həm də enerji dəhlizi kimi mühüm əhəmiyyətə malikdir” – deyə hesabatda qeyd olunub. Dağlıq Qarabağdan uzaqda, Azərbaycan-Ermənistan sərhədində atışmanın baş verdiyini qeyd edən İCG iyul ayında Azərbaycanın, sentyabrda isə Ermənistanın hərbi təlim keçirdiyini xatırladıb. Hesabatda yaxın həftə və aylarda zorakı qarşıdurmanın baş verməsi ehtimalını azaltmaq üçün beynəlxalq aləmin işə qarışmasının vacibliyi vurğulanır. “Diplomatik səyləri dalan vəziyyətindən çıxarmaq üçün beynəlxalq aləmin tələb olunan güclü və əlaqələndirilmiş təzyiqi çatışmır”. Hesabat müəllifləri yenidən müharibənin alovlanması ehtimalının yüksək olduğunu iddia etmədiklərini, lakin sabitliyi risk altına alan hazırkı təhlükələrin getdikcə kəskinləşdiyini qeyd ediblər. İCG hazırkı dövr üçün sadaladığı təhlükələrin qarşısını almaq məqsədilə bir sıra tövsiyələrlə çıxış. edib:
- Minsk qrupu, Avropa İttifaqı və digər qurumlar diplomatiya yolu ilə tərəfləri sakitliyə, ritorikalarını yumşaltmağa çağırmalıdır. Tərəflərə vəziyyətin düzgün dəyərləndirilməməsinin riski və düşmənçiliyin baha başa gələcəyi izah edilməlidir. 2013-cü ildə Azərbaycanda prezident seçkilərinin keçirilməsi və Ermənistanda siyasi böhran meyilləri qarşılıqlı təmkinlik nümayişini prioritet məsələyə çevirir. İntensiv təmaslar, nazir və parlament üzvləri arasında görüşlər bu mənada səmərə verə bilər və dəstəklənməlidir.
- Hərbi eskalasiya ehtimalını azaltmaq üçün Yerevan ilə Bakı arasında qaynar xətt yaradılmalıdır. Qarşılıqlı etimadın qurulması yollarından biri kimi tərəflər arasında müharibə əsirləri məsələsini həll etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə səylər artırılmalıdır.
- Münaqişənin bütün aspektlərində nüfuza malik olan və yeni müharibə başlayarsa, onun təsirini daha çox hiss edəcək Rusiya Minsk Qrupunun həmsədri kimi razılıq əldə edilməsində daha qətiyyətli olmalıdır. Rusiya buna silah təchizatını dayandırmaqla şərait yarada bilər. Cənubi Koreya və İsrail kimi digər silah təchizatçıları da eyni addımı atmalıdır.

Mehdi Əli