“Qadın hüquqlarından danışanda çox  zaman modern dəyərlərə istinad olunur”
“Qadın hüquqlarından danışanda çox
zaman modern dəyərlərə istinad olunur”

Mahirə Əmirhüseynova: “Bizdə qadın deyərkən, daha çox ailə, darçərçivəli cəmiyyət ağla gəlir və onun liderliyi bəyənilmir”

Müasir Azərbaycan qadınının sosial-siyasi durumu və o cümlədən seçkilər prosesindəki rolu barədə suallarımızı “XXI Əsrin Qadınları” İctimai Birliyinin Sədri, Qadın QHT Forumunun sədri Mahirə Əmirhüseynova cavablandırır.

-Mahirə xanım, müasir Azərbaycan qadını özünün seçki hüququndan tam şəkildə istifadə edə bilirmi?
-Hər bir ölkənin, cəmiyyətin inkişafında qadınların rolu danılmazdır. Bu da danılmaz bir həqiqətdir ki, qadınların yüksək təhsilə, biliyə, mədəniyyətə, dünyagörüşünə malik olduğu, ictimai, siyasi, mədəni həyatda fəal iştirak etdiyi dövlətin inkişafı daha sürətlə gedir. Görünür, məhz bu təbii qanunauyğunluğun nəticəsidir ki, son on ildə cəmiyətimizin bütün sahələrində qadınlarımızın ictimai fəallığı müşahidə olunmağa başlanıb. Ölkənin demokratikləşməsi istiqamətində ən önəmli göstəricilərdən hesab edilən vətəndaş cəmiyyəti institutlarına, yəni QHT-lərə nəzər salsaq, görərik ki, onların 50 faizdən çoxuna rəhbərliyi qadınlar həyata keçirirlər. Eyni zamanda hal-hazırda cəmiyyətdə kifayət qədər qadın jurnalist, siyasi xadim, deputat var və bu say ildən-ilə artmaqdadır. Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2000-ci il martın 6-da “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman verib. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması qeyd edilir.
Bu huquqlara malik olan xanımlarımız seçki prosesində də fallıq göstərirlər. İnanırıq ki, qarşıdan gələn 9 oktyabr Prezident seçkilərində xanımlarımız düzgün seçim edib cənab İlham Əliyevə və öz gələcəklərinə səs verəcəklər.
Bununla belə, təəssüflə olsa da qeyd etməliyik ki, bir sıra ailələrdə bəzən seçkiyə, seçiləcək namizədə və səsverməyə münasibətdə kişi hegemoniyası faktları qeydə alınır. Yəni kişilər ailə başçısı hüquqlarından sui-istifadə edərək öz həyat yoldaşlarının adından səs verməyə və yaxud onun kimə səs verməkdə məcbur etməyə cəhdlər edirlər. Bu kimi hallar bölgələrmizdə daha çox qeydə alınır. Amma inanırıq ki, cəmiyyətin tədricən maariflənməsi və tam şəkildə demokratikləşməsi sayəsində bu cür neqativ faktlar tam şəkildə aradan qalxacaq.
-Qadınlarımızın sosial-siyasi və o cümlədən seçib-seçilmək potensialının tam gerçəkləşməsi üçün daha hansı işlər görülməlidir?
-Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını ümummilli mərhum liderimiz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində həllini tapması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsinin 2-ci hissəsində göstərilir: "Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır".
-Sizcə, Azərbaycan qadınının dövlət strukturlarında təmsilçilik səviyyəsinin aşağı olması nə ilə izah edilir?
-Hazırda ölkədə 100-ə yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün də etibarlı zəmin formalaşdırır. Bu baxımdan 2007-ci ilin dekabrında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında fərman böyük əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətinin mühüm bir istiqamətinin də ailə, qadın və uşaq məsələlərinə yönəlməsi dövlətin bu sahəyə xüsusi diqqətinin ifadəsidir. Gender siyasətinin tələblərinə uyğun olaraq ölkədə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunmuş, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdır. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda parlament sədrinin 3 müavinindən biri, 125 deputatından 19-u, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, TQDK sədri, üç nazir müavini, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti sədrinin müavini, Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili, Ali Məhkəmədə işçilərin 15 faizi, ümumi məhkəmələrdə 9 faizi, Konstitusiya Məhkəməsi sədrinin müavini və bir hakim, 4 min 137 nəfər (26,5 faiz) bələdiyyə üzvü, 302 nəfər (17,7 faiz) bələdiyyə sədri, AMEA-nın, Dövlət Neft Şirkətinin vitse-prezidenti, 85 rayon üzrə 35 icra hakiminin müavini qadındır. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti yüksək peşəkarlıq və zəka, həmçinin yüksək əxlaqi və mənəvi keyfiyyətləri, vətənpərvərliyi və Vətənə hədsiz sədaqəti ilə seçilən gənclərin yetişdirilməsini diqtə edir. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan qadını analıq missiyasını şərəflə həyata keçirərək gənclərin milli-vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə bağlı olmasına, layiqli insan və vətəndaş kimi formalaşmasına çalışır. Gənc nəslin düzgün təlim-tərbiyəsi, fiziki və mənəvi inkişafı, gənclərin dünya dəyərlərinə yiyələnməsinə öz töhfəsini verir.
-Qadınlarımızın ictimai-siyasi fəallığı cəmiyyətin və dövlətin həyatına nələri əlavə edə bilərdi?
-Bilirsiniz, bu baxımdan yanaşanda təkcə Azərbaycan qadını deyil, ümumən dünya ölkələri üzrə bütün qadınlar öz potensiallarını tam şəkildə təsdiq edə bilməyiblər. Sizə adicə bir misal gətirim. Yaxın qonşumuz olan Rusiya hökumətində nazir və yaxud nazir müavini portfellərinin neçə faizi qadınların payına düşür? Və yaxud bütün dünya üzrə demokratiyanın tam şəkildə qələbə çaldığı hesab edilən Amerika Birləşmiş Ştatlarının hökumətində neçə qadın nazir var? Və yaxud Fransada, Almaniyada, qardaş Türkiyədə bu göstəricilər hansı səviyyədədir? Bu faktları sadalamaqla onu demək istəyirəm ki, vurğuladığınız məqam dünyanın bütün dövlətlərində bu və ya digər dərəcədə mövcuddur. Konkret olaraq Azərbayacana gəlincə isə, unutmayaq ki, bizdə demokratikləşmə prosesinin cəmi 22 yaşı var. Bu məqamda daha mühüm digər amili də xüsusən vurğulamalıyam: Azərbaycan ümumşərq məkanının bir hissəsi olmaqla tədricən Qərbə doğru inteqrasiya xətti götürüb.
Bu inteqrasiya prosesi məlum siyasi gerçəkliklər baxımından müəyyən ziqzaqlarla baş verməkdədir və keçmişdən bizə miras qalan ümumşərq məkanının kişi hegemoniyası kompleksi qadınlarımızın tam şəkildə ictimai-siyasi dövriyyəyə qoşulmasına ciddi şəkildə mane olur. Yəni bu sahədə problemlər hələ də qalmaqdadır. Bu özünü bir sıra beynəlxalq hesabatlarda göstərir. Dünya İqtisadi Forumunun «Qlobal gender bərabərsizliyi -2012» hesabatına görə, iqtisadiyyatda gender bərabərsizliyi baxımından Azərbaycan 135 ölkə içərisində 74-cü, siyasi iştiraka görə 113-cü, təhsil almağa görə 84-cü yerdədir. Öz hüquqlarını qoruya bilməyən qadının, üstəlik, əlavə öhdəlikləri də var. Bizdə qadın deyərkən, daha çox ailə, darçərçivəli cəmiyyət ağla gəlir və onun liderliyi bəyənilmir. Üstəlik, daxili baryerlər də var. Şirkətlərdə də qadınlar rəhbər vəzifələrdə çalışmır. İdarə heyətlərində də, ən yaxşı halda, bircə qadın görə bilərsiniz. Qadının biologiyası, ana olması da işlərinə əngəl törədir. Ailəsi dəstək olmasa, uşağını qoyub işləyə bilmir. Qadın hüquqları ilə bağlı danışarkən çox zaman modern dəyərlərə istinad olunur, müasir qanunlar göz önünə gətirilir. Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan bir sıra beynəlxalq konvensiyaların üzvüdür. Lakin o konvensiyalarda qeyd olunanlar çox zaman ölkənin real həyatı ilə uyğun gəlmir. Bunlara uyğun hərəkət edəndə isə “milli mentalitet” məsələsi ortaya atılır. İnanırıq ki, zamanla qadınlarımız bu qeyd edilən problemlərin öhdəsindən gəlib Azərbaycanda özlərinin haqqı olan yerləri qazanacaqlar.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli