Daha dörd iri məmura böyük şok
Daha dörd iri məmura böyük şok

Kərəm Həsənov, Qərib Məmmədov, Oqtay Şirəliyev və Əkbər Hacıyevin rəhbərlik etdikləri qurumlar "ən çox korrupsiyalaşanlar" arasında!

Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adı açıqlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev dünən keçirdiyi mətbuat konfransında ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə etdiyini deyib.

Həmin cinayət işlərinin əsasən əlaqədar olduğu qurumların arasında Oqtay Şirəliyevin məsul olduğu səhiyyə sahəsi, Kərəm Həsənovun sədrlik etdiyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Əkbər Hacıyevin rəisi olduğu "Azəriqaz" İstehsalat Birliyi və Qərib Məmmədovun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi var.
K.Əliyev korrupsiyanın bir xəstəlik olduğunu və onu əməliyyat vasitəsilə sağaltmaq mümkün deyil. "Bunu tədricən müalicə üsulu ilə sağaltmaq lazımdır. Yəni maarifləndirmə işləri aparılmalıdır. Təbliğatlar aparılmalıdır. Burada vətəndaşlar da öz köməkliklərini əsirgəməməlidirlər".
Bizim diqqətimizi çəkən isə ən çox korrupsiyalaşan qurumlar arasında yuxarıda adları çəkilən iki dövlət komitəsi, bir nazirlik və bir istehsalat birliyinin adının xüsusi ilə ön plana çıxmasıdır. Doğrudur, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi bütün sahələrdə, hətta öz rəhbərlik etdiyi idarədə də korrupsiya hallarının olduğunu vurğulayıb.
Amma yuxarıda adları çəkilən məmurların rəhbərlik etdikləri qurumların adları ona görə özəlliklə maraq doğurur ki, həmin məmurlar haqqında son vaxtlar KİV-də də maraqlı iddialar səslənir. Məsələn, Kərəm Həsənovun adı artıq baş nazirliyə iddialılar arasında belə çəkilir, bununla bərabər onun görəvindən alınacağına - prezident seçkilərindən sonra formalaşacaq yeni komandada təmsil olunmayacağına dair fikirlər var.
Yaxud, Qərib Məmmədovun da "vurulma" ehtimalı yüksək qiymətləndirilən məmurlardan biri olduğunu demək lazımdır. Onun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə birləşəcəyi deyilir. Daha doğrusu, Qərib Məmmədovun komitəsinin ləğv edilərək, səlahiyyətlərinin Kərəm Həsənovun sədri olduğu komitənin tərkibində yaranacaq xüsusi idarəyə verilməsinə dair iddialar var.
"Azəriqaz" mətbuatın ən çox tənqid etdiyi dövlət qurumlarından biridir. Səhmdar cəmiyyətdən istehsalat birliyinə çevriləndən sonra bu qurumun xüsusilə ölkənin qazlaşdırılmasını sürətlə başa çatdıracağına dair inam vardı. Amma bəzi iddialara görə, bu proses istənilən sürətlə və effektivliklə həyata keçirilmir, üstəlik, ortada ciddi mənimsəmə şübhələri var. Ötən yay Əkbər Hacıyevin rəisi olduğu bu qurum bəyan etmişdi ki, 1 avqust 2012-ci ilə Azərbaycanda qazlaşdırma 76,4, o cümlədən Bakı şəhərində 96,3, regionlarda isə 65,4 faizə çatdırılıb. Cari ilin sonuna kimi isə qazlaşdırmanın 95 faizə çatdırılması planlaşdırılır. Amma ekspertlər deyir ki, bəzən bu qurumun yalan üzərində qurulan təbliğatını elə onun özünün rəsmi rəqəmləri ilə rahatca yalana çıxarmaq olur. Belə ki, rəsmi statistikaya görə, 2005-2012-ci illərdə Azərbaycanın kəndlərində cəmi 60 min ev qazlaşdırılıb və kənd ərazilərində qazlaşdırılan mənzillərin sayı 335 mindən 395 minə çatıb. Kənd yerlərində mənzillərin ümumi sayının 750 mini ötdüyünü nəzərə alsaq, deməli, əhalinin tam yarısı hələ də kərmə və odunla qızınır. Ən azı 360 min mənzilin qazlaşdırılmasına ehtiyac var.
Ekspertlərə görə, Əkbər Hacıyevin qurumundan verilən açıqlamalara inansaq, son 7-8 il regionlarda qazlaşdırmanın ən sürətli getdiyi dövrdür. Amma rəsmi rəqəmlərdən də göründüyü kimi, hər il ən yaxşı halda kəndlərdə orta hesabla 7-8 min evə qaz çəkilib. Əgər hökumət qazlaşdırmanın sürətini dəyişməsə, 360 min kənd mənzilinə qaz çəkmək üçün ən azı 45 il lazım gələcək.
Bir sözlə, Əkbər Hacıyev "Azəriqaz" üzərinə düşən vəzifəni istənilən kimi yerinə yetirmir və bu da həmin istehsalat birliyinin rəhbərliyinin dəyişiləcəyinə dair xeyli vaxtdır iddialar yaranmasına səbəb olub.
Oqtay Şirəliyevin məsul olduğu səhiyyə sektorundakı problemlər isə mətbuatın bir nömrəli müzakirə və tənqid mövzusudur. Əksəriyyət hesab edir ki, bu sahə hədsiz korrupsiyalaşıb, üstəlik, keyfiyyətli tibbi xidmət təmin edilmədiyindən imkanlı azərbaycanlılar Qərbi Avropa ölkələrinə, imkansızlar isə İrana axın etmək məcburiyyətində qalıblar. Hesab edilir ki, səhiyyə sektorunda da "yeni nəfəs"ə ehtiyac var.
Bir sözlə, haqqında danışılan dörd qurumun rəhbərlərinin əvəzlənməsi yönündə iddia və xəbərlər çox intensivləşib. Belə bir vaxtda onların adlarının "ən çox korrupsiyalaşan qurumlar" sırasında ön plana çıxması adıçəkilən iri məmurların da prezident seçkilərindən sonra "vurulma" ehtimalının çox olduğuna işarə sayıla bilər.
Ülviyyə Qasımlı