Rüstəm İbrahimbəyovdan müxalifətə zərbə
Rüstəm İbrahimbəyovdan müxalifətə zərbə

O, yenidən hakim düşərgəyə yaxınlaşır

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığına qəbul olunmaq istəyən əcnəbi vətəndaşların müraciətinə baxıb və bununla bağlı fərman imzalayıb. Putinin 30 sentyabr 2013-cü il tarixində imzaladığı 756 saylı "Rusiya Federasiyası vətəndaşlığına qəbul haqqında" fərmanına uyğun olaraq vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərə baxılıb. Ümumilikdə müxtəlif xarici ölkələrdən Rusiya prezidentinə müraciət etmiş 24 əcnəbiyə Rusiya vətəndaşlığı verilib.

Bu fərmanda Rusiya vətəndaşlığından imtina etməklə bağlı müraciətlərə cavab yoxdur. Nəticədə Azərbaycan müxalifətinin - Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması haqqında V.Putinə göndərdiyi müraciətə yenə baxılmayıb və kinodramaturq qonşu ölkənin vətəndaşlığında qalıb. Rusiya qanunlarına görə, vətəndaşlığa qəbul və ondan çıxarılma ilə bağlı məsələlər barədə qərarı prezident qəbul edir. Bunun üçün Prezident yanında Vətəndaşlıq məsələləri üzrə Komissiya yaradılıb. Rusiya qanununa görə, vətəndaşlıqdan imtina edilməsi ilə bağlı ərizə müvafiq quruma baxılmaq üçün təqdim olunan gündən qəbul edilmiş sayılır. Ərizəyə baxılma müddəti iki aydır. Bu müddət ərzində ərizəyə baxılmalıdır.Milli Şura sədri Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxma üçün hələ iyul ayında rəsmi müraciət etdiyini bildirmişdi.Amma ekspertlər hesab edir ki, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina ərizəsi özü tərəfindən geri götürülüb. Belə ki, ilk anlarda Rusiya-Azərbaycan münasibətləri qaydasında olmayanda Rüstəm İbrahimbəyov elə Rusiyanın vasitəsi ilə siyasətə gəlmişdi. Amma sonradan məsələlər qaydaya düşəndən sonra Rusiya Milli Şuradan və Rüstəm İbrahimbəyovdan imtina etdi. Buna görə də Rüstəm İbrahimbəyov vətəndaşlıqdan çıxmaq iddiasından imtina edib. Ekspertlər bunu da bildirir ki, hazırda Rüstəm İbrahimbəyov müxalifətə verdiyi vədləri yerinə yetirməkdən də imtina edib. Çünki öncələr Rüstəm İbrahimbəyov prezident seçkilərində müxalifətin aktiv iştirakı üçün bir neçə milyon manat pula ehtiyacın olduğunu demişdi və göstərmişdi ki, Azərbaycana ona görə qayıtmır ki, həmin məbləği toplasın. Amma Rusiyanın Rüstəm İbrahimbəyov proyektindən imtinasından sonra Rüstəm İbrahimbəyovda konkret olaraq müxalifətdən imtina etdi. Bildirilir ki, Rüstəm İbrahimbəyov müxtəlif bəhanələr gətirərək Cəmil Həsənlinin problemlərini həll etmək üçün 3 min manat pul verib. Bu isə sözsüz ki, gülməli bir rəqəmdir. Buda bildirilir ki, axır vaxtlar Rüstəm İbrahimbəyov müxalifət liderləri ilə telefonla danışmaqdan da imtina edib. Çünki hazırda Rüstəm İbrahimbəyov bütün gücünü səfərbər edərək hakimiyyətlə əlaqələrini bərpa etmək istəyir. Hətta bunun üçün yaxın qohumu olan xarici işlər naziri Elmar Məmmədyarovla əlaqədə yaradıb. Ancaq Rüstəm İbrahimbəyova bildirilib ki, müxalifətlə bütün əlaqələrini kəsərsə və seçkilərdə hakimiyyəti dəstəkləyərsə onun Bakıya qayıtmasına problem olmaz və yenidən hakim düşərgədə normal qəbul oluna bilər. Müşahidəçilər bildirir ki, Rüstəm İbrahimbəyov bu səbəbdən müxalifətlə əlaqələrini kəsməyə başlayıb.
Mehdi Əli