“Avropa və dünya miqyasında  Ermənistanın ifşasını təşkil etməliyik”
“Avropa və dünya miqyasında
Ermənistanın ifşasını təşkil etməliyik”

Qabil Hüseynli: “Müxaliflər xalqın içərisinə getmək, onları təşkil edib öz arxalarınca aparmaq əvəzinə bir-birləri ilə mübarizə aparırlar”

Son günlərdə ölkədə və ümumən bölgəmizdə baş verən proseslərlə bağlı suallarımızı tanınmış politoloq Qabil Hüseynli cavablandırır.

-Qabil müəllim, indiki prezident seçkiləri marafonu inteqrasiya baxımından müxalifətin tam iflası ilə nəticələndi. Bu fiaskonun bir əlaməti də son günlər bir AXCP mənsubunun Rəsul Quliyevi “donqili” adlandırması oldu. Donqili naxçıvanlıların deyimidir və mənası “saxta, girdirmə” deməkdir. Sözüm bunda deyil. Niyə müxaliflər bu qədər məsul bir mərhələdə belə bir siyasi səviyyəsizlik nümayiş etdirib, iqtidardan daha çox bir-birlərini yamanlamağa başladılar? Onlar bu baqajla hara gedirlər?
-Mənim zənnimcə, müxalifət düşərgəsində ciddi dünyagörüşə, oturuşmuş baxışlara malik olan sanballı siyasi lider qıtlığı hiss edilməkdədir. Yəni onların içində elə bir lider olmalıdır ki, cəmiyyətdə böyük nüfuzu olsun və adamları öz ətrafına toplayıb saxlaya bilsin. Üstəlik də, bu lider hər dəfə yeni ideyalarla həm cəmiyyəti həyəcanlandırıb öz ətrafına toplaya bilər, həm də öz ətrafındakı insanları yeni hədəflərə doğru yönəltməyi bacara bilər. Müxalifət düşərgəsinin ciddi şəkildə zəif düşməsinin başlıca səbəblərindən buri budur. Müxaliflərin bir-biri ilə atışması, bir-birinə qarşı güzəştə getmək niyyətində olmaması, müxalifət cəbhəsində liderlik uğrunda mübarizə, xoşagəlməz ambisiyalar – bütün bu amillərin hamısı müxalifəti içəridən didib parçalayır və bu düşərgənin inkişafına ciddi şəkildə maneçiliklər əmələ gətirir. Bunlar xalqın içərisinə getmək, onları təşkil edib öz arxalarınca aparmaq əvəzinə bir-birləri ilə mübarizə aparırlar. Bu isə qətiyyən yolverilməz hərəkətdir və sonda onların tam şəkildə iflasa uğramasına səbəb olacaq. Bax, sadaladıqlarım Azərbaycan müxalifətinin ciddi problemləri sırasında olan məsələlərdir.
-Belə çıxır ki, Azərbaycan cəmiyyətində hələlik siyasi mədəniyyətin, siyasi təfəkkürün səviyyəsi çox aşağıdır...
-Azərbaycanda siyasi şüurun səviyyəsi də, inkişaf səviyyəsi də çox aşağıdır. Cəmiyyətimizdəki siyasi mədəniyyət də arzu olunan səviyyədə deyil. Ən başlıcası isə, Azərbaycanda normal siyasi mühitin formalaşmasında ciddi problemlərin müşahidə edildiyini qeyd etməliyik.
-Ermənistanın prezidenti Sərkisyanın Avropadakı çıxışı və Ermənistanın MDB-nin gömrük birliyinə daxil olması niyyəti, yəqin ki, Güney Qafqaz bölgəsində yeni bir siyasi gerçəkliyin yaranmasına doğru aparacaq. Sizcə, belə bir situasiyada Azərbaycanın manevr imkanları nə dərəcədə əlverişli olacaq?
-Azərbaycan Ermənistanın atdığı addımları ata bilməz. Yəni Azərbaycan Rusiyanın ciddi-cəhdlə qurmağa çalışdığı Avrasiya İttifaqına və MDB-nin gömrük birliyinə daxil olmaqdan hər vəchlə kənar durmalıdır. Çünki Azərbaycan necə ki, Kollektiv Təhlükəsizlk Müqaviləsi Təşkilatında yoxdur və bu təşkilat da Azərbaycanı təhdid etməkdə davam eləyir, Azərbaycan Ermənistanın daxil olduğu təşkilatlardan kənarda dayanmağı bacarmalıdır. İndi əgər Ermənistan Avrasiya ittifaqına və gömrük birliyinə daxil olubsa və üstəlik də Avropa ilə bazarlıqlar aparırsa, Azərbaycan cəhd etməlidir ki, Avropada Ermənistanın mövqeləri daha da laxlasın və bu ölkənin Avropa və dünya miqyasında ifşasını təşkil etməliyik. Zənnimcə, Azərbaycan bu işi bacara bilər. Çünki bu istiqamətdə iş görmək üçün dövlətimizin kifayət qədər lazımi potensialı var. Ermənistan elə hesab eləyir ki, hər iki cəbhədə oynamaqla, yəni həm Avropa, həm də Rusiya cəbhəsində oynamaqla nələrisə qazana biləcək. Amma mən buna inanmıram. Çünki Rusiya ilə strateji müttəfiqlik əlaqələrinə malik olan ölkənin Avropa dövlətləri ilə müttəfiqlik əlaqələri qurması mümkünsüzdür.
-Qabil müəllim, amma bu həqiqət də var ki, biz Ermənistanın Rusiya ilə qurduğu müttəfiqlik səviyyəsində Avropa və Birləşmiş Ştatlarla yaxın münasibətlər qura bilməmişik. Yəni Güney Qafqazda güclü disbalans müşahidə olunur... Belə bir durumda Azərbaycan təklənməmək üçün hansı addımları atmalıdır?
-Avropa dövlətləri və Birləşmiş Ştatlarla tam şəkildə yaxınlıq qurmağa cəmi bir neçə ildir ki, başlamışıq və artıq bu istiqamətdə müəyyən məsafə qət eləmişik. Amma əlbəttə, bu sahədə hələlik ciddi çatışmazlıqlar müşahidə olunmaqdadır. Geopolitik planda Azərbaycanın Qərbə inteqrasiya olunmasında müəyyən problemlər var və fikrimcə, prezident seçkilərindən sonra Azərbaycan bu münasibətlərə yenidən baxmalı və bu münasibətlərin qaydaya salınması və lazımi səviyyəyə qaldırılması üçün praktiki addımlar atmalıdır.
-Necə bilirsiniz, prezident seçkilərindən sonra yenilənmiş hakimiyyət ölkədəki “iyirmiillik nazirlər” praktikasına son qoyacaqmı, ölkədə ciddi kadr islahatları başlanacaqmı? Və yeri gəlmişkən, biz bu sahədə də dünyada anoloqu olmayan pratika nümayiş etdiririk...
-Məncə, yenidən seçilmiş prezident ölkədə ciddi dəyişikliklər ab-havası yaratmaq istəyirsə, komanda da müəyyən korrektələr etməli, müəyyən dəyişikliklərə getməlidir. Yəni köhnə komanda ilə yeni vəzifələri həll etməyin çətinliyini hamı başa düşür. Yəqin ki, prezident bu məsələni mütləq nəzərə alacaq. Mən güman edirəm ki, prezident seçkilərindən sonra ölkədə kadr islahatlarına gedilə bilər.
-İki gündən sonra (sabah-red.) ölkədə prezident seçkiləri keçiriləcək və düşünmürəm ki, həmin gün və yaxud ondan bir müddət sonra ölkədə hansısa bir fövqəladə hadisə baş verə bilər. Və bu prosedur bitəndən sonra Azərbaycanın yenilənmiş Ali İcra Hakimiyyətinin nəzərdə tutmalı olacağı ən başlıca məsələlərdən biri də, sözsüz ki, Dağlıq Qarabağ problemidir. Sizcə, yaxın altı ayda və yaxud bir ildə bu prosesdə hansı yeniliklər müşahidə oluna bilər?
-Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfindən qeyri-adi, fövqəladə və yaxud müharibə xarakterli hadisələrin baş verəcəyini gözləmirəm və bu tipli addımların atılacağını da proqnozlaşdırmaq da mümkünsüz görünür. Çünki Ermənistan-Azərbaycan cəbhəsində və ümumən Güney Qafqaz bölgəsində elə bir durum formalaşıb ki, Azərbaycanın Ermənistanla müharibə tonunda danışması hələlik arzu olunan nəticələr verə bilməz. Yaxın illərdə biz hərbi qüdrətimizi artırmaqla yanaşı regiondakı geosiyasi vəziyyətin dəyişməsini də gözləməliyik. Yəni o geosiyasi vəziyyətin dəyişməsinin əsas göstəricisi Rusiyanın bu bölgədəki fəallıq dərəcəsinin azalması ilə bağlıdır. Və Qərb ölkələrinin də, xüsusən də Birləşmiş Ştatların bu regiona aktiv siyasi müdaxiləsinin yüksəlməsi ilə bağlı olacaq. Belə bir durum formalaşandan sonra Azərbaycan bu şansdan mütləq şəkildə istifadə etməyə çalışacaq. Amma indiki mərhələdə bu vəziyyətin formalaşmasının işartıları çox zəif şəkildə müşahidə olunur. Dediyiniz kimi, bu proses yaxın bir neçə ayda baş tuta bilməz. Bu proses uzun çəkəcək. Bax, bu səbəbdən də Dağlıq Qarabağ probleminin həlli istiqamətində hələ ki siyasi danışıqlar mərhələsi uzanıb gedəcək və yenə də ATƏT nümayəndələrinin effektsiz səfərlərinin şahidi olacağıq. Gündəmin aparıcı prosesləri bunlar olacaq.
-Qərblə İranın münasibətlərində yumşalma, danışıqlar ruhu hiss olunur. Eyni zamanda regiondakı əsas strateji tərəfdaşlarımızdan biri olan Gürcüstanla əvvəlki qədər hərarətli münasibətlər yoxdur. Suriyadakı proseslər Rusiya ilə İranın istədiyi istiqamətdə cərəyan etməyə başlayıb. Bu dəyişikliklər Azərbaycana nə vəd edə bilər?
-Hələ ki İranla Rusiyanın bölgədəki aktivliyi Azərbaycana yaxşı heç nə vəd etmir. Azərbaycan indiki vəziyyətdə hər iki ölkə ilə ehtiyatlı davranmağa və münasibətləri pis-yaxşı formada qoruyub saxlamağa məhkumdur. Çünki həm İran, həm də Rusiya bir çox məsələlərdə Azərbaycanla ortaq məxrəcə gəlmir. Elə, bu məsələlərin başında da Xəzər dənizinin statusu problemi durur. Üstəlik də, Azərbaycanın uğurlarını həm Rusiya tərəfindən, həm də İran tərəfindən gözgötürməzliklə qarşılandığı açıq-aydın şəkildə hiss olunur. Buna görə də bir müddət Rusiya və İranla münasibətlərdə bir qədər ehtiyatlı davranmağa məcbur olacağıq.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli