Kərəm Həsənov seçki günü qanunu pozdu
Kərəm Həsənov seçki günü qanunu pozdu

Komitə sədrinin göstərişi işçilərdə narazılıq yaratdı

Srağagün Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Bununla bağlı həmin gün qeyri-iş günü elan edilmişdi.
Amma əldə etdiyimiz məlumata görə, Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsində işçilərin bu qanuni haqqı yerinə yetirilməyib. Belə ki, komitə sədrinin göstərişi ilə onun rəhbərlik etdiyi qurumun rəhbər və sıravi işçilərinin hamısı həmin gün iş başında olublar.
Hüquqşünaslar Kərəm Həsənovun qanunla qeyri-iş günü elan edildiyi halda öz işçilərinin həmin gün işə gəlməsini təmin etməsini doğru saymır və bunu əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması hesab edirlər. Komitə sədrinin belə bir qeyri-rəsmi tapşırığı qanunvericiliyin tələblərinə əsasən məhkəmə predmeti doğurur. Əlbəttə, əgər onun işçiləri bundan şikayətçi olub iddia qaldırsalar!
Qeyd edək ki, adıçəkilən komitənin əməkdaşlarının qeyri-iş günündə məcburi işə çağrılmalarından şikayətçi olub-olmadıqlarını bilmirik. Amma onların bundan ciddi narazı qaldıqları dəqiqdir.
Ümumiyyətlə, Kərəm Həsənovun komitəsində ondan narazılıqların olduğu barədə iddia yeni deyil. Hətta bəzi qaynaqlar iddia edirlər ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bir çox vəzifəli şəxsləri seçkidən sonra formalaşdırılacaq yeni hökumət kabinetində adıçəkilən komitə sədrinin ola bilməyəcəyinə dair yayılan məlumatlardan çox sevinclidirlər. Onlar ümid edirlər ki, Həsənov formalaşdırılacaq yeni hökumətdən kənarda qalacaq və beləliklə, komitə sədrinin idarəçiliyindən narazı qalan bəziləri üçün bu toy-bayram olacaq.

Qalib Qabiloğlu