Beynəlxalq təşkilatlar seçkilərə rəy verir
Beynəlxalq təşkilatlar seçkilərə rəy verir

Avropa Parlamentindən müsbət bəyanat

Prezident seçkiləri sona çatdı. Gözlənildiyi kimi prezident İlham Əliyev rəqiblərini arxada qoyaraq yüksək göstəricilərlə yenə prezident seçildi. İndi isə diqqət seçkidən sonra baş verənlərə yönəlib. Beynəlxalq aləm İlham Əliyevin qələbəsini qəbul edəcəkmi? Hazırda məlum olur ki, iki qonşu ölkə Gürcüstan və Rusiya prezidentləri İlham Əliyevi təbrik etdilər. Həmçinin MDB müşahidəçiləri seçkilərin demokratik keçdiyini bəyan etdilər. Gözlənilir ki, bu günlərdə bu təbriklərə və müsbət rəylərə qoşulanların sayı artacaq.

Bununla yanaşı qərbin hansı mövqe tutmasıda diqqətlə izlənilir və ilkin reaksiya artıq var.“İlk növbədə birləşmək, toplaşmaq və fundamental insan azadlıqlarına maneələr olub, ədalətli seçki mühiti təmin olunmayıb. Eyni zamanda seçki prosesinə müdaxilə olunub”.Bunu seçkinin nəticələri ilə bağlı ATƏT-in demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Michel Vousin oktyabrın 10-da Bakıda keçirdiyi mətbuat konfransında deyib.O ümumilikdə 1143 məntəqədə müşahidə apara bildiklərini qeyd edib. Michel Vousin seçki günü proseslərin hər bir mərhələsində əhəmiyyətli problemlərin müşahidə olunduğunu vurğulayıb:“Bunlar da ATƏT qarşısında həqiqi və demokratik seçkilərlə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsindəki ciddi maneələrin olduğunu göstərir”.Michel Vousin seçici fəallığının 72 faiz olmasını Avropa ilə müqayisə oluna bilən fəallıq adlandırıb. Amma o problemlərə də toxunub:-“Səsvermənin 12 faizi düzgün olmayıb. Kopenhagen aktına zidd olaraq məntəqələrin 58 faizində pozuntu olub”Tana de Zulueta: “Ən ciddi narahatçılıq seçkilər başa çatandan sonra səslərin sayılması zamanı olub. Seçki müşahidə missiyasının səslərin sayılması prosesində belə qənaətə gəlib ki, əhatə etdiyi ərazilərdə 58 faiz pis və ya çox pis kimi qiymətləndirilib.Azərbaycanda qanunvericiliyə edilən dəyişiklərdən sonra seçki təşfiqatı 22 günə endirilmişdi. Bu 22 gün namizədlər üçün həddindən artıq az idi. Məhdudiyyətlərin daha bir forması mitinqlər və görüşlər üçün ancaq 152 yerin təklif olunması idi. Ondan kənar aparılan görüşlərdə ciddi problemlər var idi”. O sonda ümid edib ki, Azərbaycan vətəndaşları bütün bu haqlarının bərpasına nail olacaqlar: "Mən buna çox ümid edirəm ki, Azərbaycan rəhbərliyi Müşahidə Missiyasının səsvermə ilə bağlı nəticələrini və tövsiyyələrini nəzərə alacaq. Çünki Azərbaycan xalqı daha təkmil islahatlara qadirdir". İlk baxışdan sərt bəyanat kimi dəyərləndirilsədə ekspertlər hesab edir ki, bu bəyanat heç də seçkilərin nəticəsinin legitimliyinə problem yaratmayacaq. Çünki hazırda qərb təşkilatları fərqli mövqelər sərgiləyirlər və buda Azərbaycanın maraqlaını təmin edir. Məsələn, Avropa Parlamentinin rəsmiləri tamam başqa fikirdədilər. “Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezidentləri azad şəkildə, heç bir problem olmadan baş tutdu”.Bu barədə Avropa Parlamenti Xarici əlaqələr komitəsinin vitse-prezidenti Fiorello Provera bildirib.F.Provera 7 nəfərlik nümayəndə heyəti ilə müxtəlif yerlərdə olduqlarını, 18 seçki məntəqəsinə baş çəkdiklərini vurğulayıb: “Keçmiş illərlə müqayisədə əhəmiyyətli irəliləyişlərin olduğun müşahidə etdik. Heç bir problemlə qarşılaşmadıq. Bizə hansısa problem barədə məlumat çatdırılmadı. Bizim missiya seçkiləri müşahidə idi, hansısa prosesə müdaxilə etmək deyil. Seçki prosesi bizdə müsbət təəssürat yaratdı”.F.Provera Avropa Parlamentinin üzvlərinin rəyi ilə Avropa Şurası və ATƏT DTİHB üzvlərinin rəyi arasında fərqlərin mövcud olduğunu deyib: “Bəzi ölkələrdə bəzi qruplar, bəzi insanlar öz vətənlərində olmayan demokratiyanı başqa ölkələrdə görmək istəyirlər. Bizim vəzifəmiz ondan ibarətdir ki, Azərbaycana demokratiya yolunda addım-addım irəliləməyə kömək etməkdir. Biz hakimlər kimi deyil, dost kimi bu prosesdə iştirak etməliyik. Mənə bəzi tənqidi fikirlər çatıb. Azərbaycanda 9 jurnalist müxtəlif səbəblərdən həbsxanadadır. Qeyd etməliyəm ki, mənim vətənim İtaliyada 4 jurnalist diffamasiyaya görə həbsdədir. Onlardan birinin yaşı 74-dür. Tənqid olunan başqa bir məqam namizədlərin arasında qadının olmamasıdır. Bunu deyənlərin yadına salmaq istəyirəm ki, ABŞ-da da namizədlərin arasında qadın olmayıb. Heç kim deyə bilməz ki. Birləşmiş Ştatlar demokratik ölkə deyil”.F.Proveranın sözlərinə görə, Azərbaycan 22 ildir müstəqildir. İtaliyada isə demokratik institutlar 65 ildir mövcuddur: “Avropada qadınlara seçim hüququ verilməmişdən illər əvvəl, 1918-ci ildə Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Azərbaycan Avropa və İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkədir. Fikrimcə, beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycanın ərazilərinin işğalına, qaçqın və məcburi köçkünlərinə yönəlməlidir. Bu problem həllini tapmayınca digər problemlər də mövcud olacaq”.F.Provera Azərbaycanın Avropa Parlamentində lobbiçilik fəaliyyəti həyata keçirməsini müsbət qiymətləndirib: “Bu normal haldır. Digər ölkələr də belə işlər həyata keçirirlər ki, Aİ-nin diqqətini özlərinə çəksinlər. Qeyd etmək istəyirəm ki, erməni lobbiçiliyi onların mili maraqlarının təmin edilməsində mühüm rol oynayır”.Bu arada okeanın o tayından da müsbət rəy gəldi.Belə ki, ABŞ Konqresinin üzvləri Bill Şuster və Stiven Kohen prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda qeyd edilir:“ABŞ Konqresinin ABŞ-Azərbaycan dostluq qrupunun həmsədrləri olaraq, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirik. Sizin Prezident seçilməyiniz Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələdir. Demokratik prosesin mühüm hissəsi olan ümummilli seçkilər vətəndaşların seçki hüququnu təmin edir.
ABŞ və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Bizim ölkələr ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Biz Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm dəstəyini yüksək qiymətləndiririk.
Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) “Cənub” qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır.ABŞ və Azərbaycanı müxtəliflilik, tolerantlıq, azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.Cənab Prezident, Azərbaycanın dostları olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq”. MDB müşahidəçilərinin də rəyi kifayət qədər müsbətdir və hesab edirlər ki, müəyyən texniki qüsurlara görə seçkilərin nəticələrini şübhəyə almaq olmaz. MDB İcraiyyə Komitəsinin katibi Sergey Lebedev bildirib ki, uzunmüddətli missiya öz işinə sentyabrın 10-dan başlayıb, MDB-nin üzvü olan 9 ölkənin nümayəndələrindən ibarət olub və iş zamanı daim MSK ilə əlaqədə olub.Onun sözlərinə görə, müşahidəçilər 1973 seçki məntəqəni ziyarət edib və müşahidə zamanı seçkilərə tam hazırlığını müşahidə edib. S.Lebedev vurğulayıb ki, missiyanın əsas vəzifəsi seçkilərin ölkə qanunlara uyğun keçirilməsinə nəzarət etməkdən ibarət olub: “Mən şəxsən özüm 21 seçki məntəqəsini ziyarət etdim. Ciddi pozuntular aşkar olunmayıb, sadəcə, bəzi texniki nöqsanlar olub. Məsələn, bir seçki kabinəsinə iki nəfər daxil olub, ya da seçici bülleteni alıb yerindəcə səs verib onu qutuya atıb. Bəzi seçki məntəqələri təyin olunan vaxtından gec açılıb. Bununla belə, bütün seçki məntəqələrində çoxlu müşahidəçilər iştirak edib, minlərlə məntəqələrdə veb-kameralar quraşdırılıb”.Nəticələrə gəlincə, S.Lebedev vurğulayıb ki, qeydə alınan texniki qüsurlar seçkinin nəticələrinə təsir göstərmək gücündə malik deyil və seçkilər legitim olub: “Seçkilər açıq və şəffaf şəkildə, qəbul olunmuş demokratik normalar, ölkənin Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib”.S.Lebedev əlavə edib ki, artıq İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Mehdi Əli