Azərbaycanda sahibkar gömrük borcunu necə qaytaracaq?
Azərbaycanda sahibkar gömrük borcunu necə qaytaracaq?

Təminatın məbləği 5 min manatdan 5 milyon manatadək müəyyənləşdiriləcək

Nazirlər Kabineti "Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları"nı təsdiqləyib.

Gömrük orqanları mövcud və ya gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya gələcəkdə borclu olacaq şəxslərdən girov, veksel zaminliyi (aval), bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi və avans ödəmələri kimi təminatın verilməsini tələb etmək hüququna malikdirlər.
Təminatın məbləğini gömrük orqanları müəyyən edir. Gömrük orqanı tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə gömrük borcunun yarandığı yer 2 aydan gec olmayaraq, mümkün qədər qısa müddətdə müəyyənləşdirilməlidir. Bu müddətdə gömrük borcunun yarandığı yeri müəyyənləşdirmək mümkün olmadıqda, gömrük borcu malların aidiyyəti gömrük proseduru altında yerləşdirildiyi yerdə, yaxud həmin prosedur daxilində gömrük ərazisinə gətirildiyi yerdə yaranmış hesab edilir. Şəxs tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş təminatlardan istifadə edilməklə gömrük borcunun ödənilməsinə təminat verildikdə, gömrük orqanları yaranmış gömrük borcunun ödənilməsinə fors-major hallar nəticəsində borclu şəxsə zərər dəydikdə və gömrük borcunu birdəfəyə ödədiyi təqdirdə, borclu şəxsin iflasa uğramaq təhlükəsi olduqda 14 gündən 60 günədək möhlət verirlər.
Gömrük borcunun ödənilməsi üçün möhlət verilməsi barədə qərarı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı qəbul edir. Şəxs gömrük ödənişləri üzrə yaranmış borc üzrə möhlət verilməsi üçün gömrük borcunun yaranmasını müəyyən edən sənədlər (bəyannamə, malın qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri, müqavilə və s.), müvafiq gömrük təminatını təsdiq edən sənəd, fors-major hallarda hadisənin baş verməsi və hadisə nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları və iflasa uğramaq təhlükəsi olduqda, müraciət edilmə tarixinə borclu şəxsin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilməklə, debitor və kreditor borcları barədə arayışlar əlavə edilməklə, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına yazılı formada ərizə ilə müraciət etməlidir. Ərizədə "İnzibati icraat haqqında" qanun ilə müəyyən edilmiş məlumatlarla yanaşı borclu şəxsin bank rekvizitləri, gömrük borcunun yarandığı yer, onun məbləği, yaranma tarixi və səbəbləri, VÖEN-i, istifadə olunması nəzərdə tutulan təminat barədə məlumat, habelə bu Qaydalara müvafiq olaraq gömrük ödənişləri üzrə yaranmış borc üzrə gömrük orqanından möhlət verilməsinin istənilməsinin üzrlü səbəbi göstərilməlidir. Gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən müraciətə daxil olduğu tarixdən 3 iş günü müddətində baxılır və qəbul edilmiş qərara əsasən müvafiq inzibati akt tərtib edilərək şəxsə təqdim edilir. Gömrük borcunun ödənilməsinə verilən möhlətin müddəti növbəti maliyyə ilinə keçdikdə, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı bu barədə Dövlət Gömrük Komitəsinə, Komitə isə Maliyyə Nazirliyinə məlumat verməlidir. Gömrük borcunun ödənilməsinə verilən möhlət müddətində borcun məbləğinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə dövlət büdcəsinə ödənilən faizlər hesablanır.
Təminatın verilməsinin məcburi hallarına gömrük borcunun ödənilməsinə möhlət verilməsi, qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal olunması, malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə və ya digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyinin təmin edilməsi, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsi, malların emal və ya xüsusi istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük orqanı tərəfindən icazənin verilməsi, müvəqqəti saxlanc və gömrük anbarlarının təsis edilməsi üçün gömrük orqanı tərəfindən lisenziyaların verilməsi və gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barədə sərəncam verilməsi daxildir. Gömrük orqanları yaranmış və ya yarana biləcək gömrük borcunun müəyyən edilmiş müddətdə ödənilməsinə əmin olmadıqda, təminat verilməsinin fakültativ (məcburi olmayan) hallarında da təminat verilməsini tələb etmək hüququna malikdirlər. Təminatın verilməsinin fakültativ (məcburi olmayan)hallara malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi daxildir.
Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən, onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə Komitəyə əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə və ya digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyinin icrasının təmin edilməsi üçün ərizəçi bu Qaydalarda göstərilən təminatlardan birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği 5000 manatdan 5 milyon manatadək olmaqla, gömrük orqanları tərəfindən müəyyən olunur. Gömrük orqanının depozit hesabı gömrük orqanı tərəfindən gömrük borcunun ödənilməsinə təminat verilməsi üçün pul vəsaitlərinin qəbulu məqsədi ilə milli valyutada açılmış müvafiq bank hesabıdır. Gömrük təminatı başa çatdıqdan sonra ödəyicinin müraciəti əsasında gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitləri və ya onun artıq qalan hissəsi müvafiq bank qəbzinin əsli təqdim edilməklə, 1 iş günü müddətində depozit hesabına pul vəsaitləri köçürülmüş gömrük orqanı tərəfindən geri qaytarılır. Ödəyicinin arzusu ilə bu vəsaitlər şəxsin göstərdiyi bank hesabına köçürülür və ya nağd şəkildə qaytarılır.
Müəyyən edilmiş müddətdə gömrük borcu üzrə ödəniş həyata keçirilmədiyi halda, həmin borc üzrə ödənişlər dəbbə pulu da daxil olmaqla, təminatı verən banklar və ya bank olmayan kredit təşkilatları tərəfindən ödənilir. Gömrük borcunun ödənilməsinin təmin olunması məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Mülki Məcəlləsinə və sığorta fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Gömrük borcunun ödənilməsinin təminatı kimi sığorta müqaviləsi yalnız sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan sığorta təşkilatları tərəfindən verildiyi halda qəbul olunur. Müəyyən edilmiş müddətdə gömrük borcu üzrə ödəniş həyata keçirilmədiyi halda həmin borc üzrə ödənişlər dəbbə pulu da daxil olmaqla, təminatı verən sığorta təşkilatları tərəfindən ödənilir. Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq, üçüncü şəxsin zaminliyi gömrük orqanı ilə zamin arasında yazılı formada bağlanılmış müqavilə əsasında rəsmiləşdirilir. Zamin şəxs gömrük ərazisi daxilində müəyyənləşdirilən üçüncü şəxs olmalıdır. Zamin kimi gömrük brokerləri, müvəqqəti saxlanc və gömrük anbarlarının sahibləri, rüsumsuz ticarət mağazalarının sahibləri və gömrük borcunun ödənilməsi imkanını təsdiqləyən müvafiq arayışları təqdim edən digər şəxslər də çıxış edə bilərlər. Gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun ödənilməsinin təminatı kimi ödəyici gömrük orqanlarının hesabına avans şəklində pul vəsaitləri köçürə bilər. Belə ödəmələr avans ödəmələri hesab edilir. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi istənilən əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər.

Sənan Mirzə