“Dekabr ayında Azərbaycan özünün gələcək taleyinin müəyyən  edilməsi baxımından qəti addımlar atmaq seçimi qarşısında qalacaq”

“Dekabr ayında Azərbaycan özünün gələcək taleyinin müəyyən
edilməsi baxımından qəti addımlar atmaq seçimi qarşısında qalacaq”
Asəf Quliyev: “Rusiya Azərbaycanı gömrük birliyinə qatmaq üçün yeni təzyiq mexanizmlərini işə salıb”

Son günlərdə Rusiyada və ölkədə baş verən proseslərlə bağlı suallarımızı AXCP sədrinin keçmiş müavini Asəf Quliyev cavablandırır.

-Asəf bəy, Sizcə, Rusiyada başlamış antiazərbaycan kampaniyası adi kriminal-etnik motivlərlə bağlıdır, yoxsa problemin kökündə siyasi amillər durur?
-Sözsüz ki, Rusiyadakı soydaşlarımıza qarşı başlamış kampaniyanı adi bir kriminal və yaxud milli zəmində baş vermiş ötəri hadisələr kimi qəbul etmək düzgün deyil. Bu proseslərin hamısı birbaşa Azərbaycanın yürütdüyü geopolitik kursla bağlıdır. Rusiyada baş verən hadisələrin kökü bu gündən qaynaqlanmır. Məlumdur ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsinə bir xeyli qalmış Rusiya bu seçkilərin nəticələri ilə bağlı mövqeyini gizlətmirdi və hətta müxtəlif üsullarla ona təsir etməyi planlaşdırırdı. Bu təsirlər isə Rusiyanın Azərbaycandakı maraqlarının təmin edilməsi, Azərbaycanı tam şəkildə özünün təsir dairəsində saxlaması üçün idi. Amma Azərbaycanda artıq prezident seçkiləri başa çatıb. Bununla belə qarşıdan dekabr ayı gəlir və Rusiya Azərbaycanı bu ayda gömrük birliyinə qatmaq üçün yeni təzyiq mexanizmlərini işə salıb. Hesab edirəm ki, son günlərdə Rusiyada soydaşlarımıza qarşı süni şəkildə qızışdırılan hadisələr Azərbaycan dövlətçiliyini laxlatmaq üçün törədilib. Və bu hadisələr təkcə Azərbaycanla bağlı deyil. Ortalıqda maraqlı bir üçbucaq da var: Avropa-Rusiya-Azərbaycan. Rusiyanın bu hadisələri törətməsi həm də Azərbaycanda tam şəkildə möhkəmlənməmiş Qərbə meydan oxuması deməkdir. Və mənə elə gəlir ki, Rusiyada soydaşlarımıza qarşı törədilmiş təxribat hadisələri bu üçlük arasında gedən proseslərin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
-Reallıq budur ki, Azərbaycan dövləti iki yolayrıcında qalıb və vəziyyət o qədər də xoşagələn deyil. Qərblə münasibətlərimiz istənilən səviyyədə deyil ki, Rusiya ondan çəkinsin. Rusiya ilə indiyə qədər zahirən mülayim görünən münasibətlər birdən-birə kəskinləşdi. Belə bir durumda Azərbaycan hansı addımları atmalıdır?
-Bilirsiniz, mənə elə gəlir ki, Azərbaycan deyərkən məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür. Bir var hakimiyyət məsələsi, bir də var dövlətçilik məsələsi. Hakimiyyətin həm Qərbə, həm də Rusiyaya fasiləsiz vədlər verməsi ciddi problemlər yaradıb. Yəni Azərbaycan xarici siyasətdə balanslaşmaya çoxdan son qoymalı idi ki, indiki durum yaranmasın. Rusiya bu vəziyyətdən maksimal şəkildə öz maraqları baxımından istifadə eləyir. Prezident seçkilərindən əvvəl Rusiyanın indiki hakimiyyəti müdafiə etməsinin əsil səbəbləri indi ortalığa çıxır. Seçkiöncəsi proseslərə təsir etmək üçün Rusiya prezidenti Vladimir Putinin Bakıya gəlişi zamanı Azərbaycan qarşısında müəyyən şərtlər qoyulub və bu şərtlər yerinə yetirilməsi tələb olunur. Bütün bunların müqabilində isə Azərbaycanla Avropanın münasibətlərində də ciddi problemlər yaranıb. Avropa çalışır ki, Azərbaycanı tam şəkildə Rusiyanın təsir dairəsindən azad eləsin. Mübarizə bu istiqamətdə gedir və vəziyyət çox gərginləşə bilər. Hazırda Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükələr yaranıb. Son iki ildə Rusiya mətbuatında keçmiş SSRİ-nin modern formada bərpası ilə bağlı müxtəlif səpgili materiallar dərc edilir. Bu bərpa prosesi isə iki istiqamətdə nəzərdə tutulur: MDB-də gömrük birliyinin yaradılması və Avrasiya İttifaqının təşəkkülü. Ona görə də Azərbaycan dövlətçiliyi məsələsi ciddi problem olaraq gündəmə çıxır. Belə bir vəziyyətdə biz bir millət olaraq bu təhlükə qarşısında susa bilmərik. Biz bu azadlığı, dövlət müstəqilliyimizi qan bahasına əldə eləmişik və Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasətə kəskin şəkildə etirazımızı bildirməliyik.
-Rusiyanın Azərbaycana təsir etmək üçün çoxlu imkanları var. Dağlıq Qarabağ problemindən yararlanıb Ermənistanın əli ilə bizə təzyiqlər göstərə bilər, ölkədəki etnik azlıqları Bakının üzərinə qaldıra bilər və yaxud Rusiyadakı soydaşlarımıza qarşı indiki kimi təxribatlar törədilə bilərdi. Proses isə artıq işə salınıb. Bu vəziyyətdə Azərbaycan neyləməlidir? Faktiki olaraq, Qərb də bizə bu ağır durumda dəstək vermir.
-Bilirsiniz, dəstək deyəndə, Qərbin də bu regionda öz maraqları var. Nə Qərb strukturları, nə də Rusiya bizim strateji müttəfiqimizdir. Hətta bizim qardaş hesab etdiyimiz Türkiyə də bu proseslərə özünün dövlət maraqları baxımından yanaşır. Azərbaycan dövlətçiliyinin, azdan-çoxdan əldə edə bildiyimiz demokratik dəyərlərin qorunub saxlanması naminə kimlərəsə ümidvar olmağımız hədər səylərdir. Lazımdır ki, özümüzü aldatmayaq. Belə bir durumda, sadəcə, millətin öz iradəsini ortalığa qoyması lazımdır. Bu millət öz iradəsini ortalığa qoya bilmirsə və öz dövlətini qoruya bilmirsə, Avropadan, Birləşmiş Ştatlardan və yaxud Türkiyədən nə isə gözləmək, mənə elə gəlir ki, yanlış düşüncədir və bizi məğlubiyyətə aparır. Buna görə də hazırda daxildə bütün səylər ona sərf edilməlidir ki, cəmiyyət dövlətçilik naminə ciddi şəkildə birləşsin. Hazırda müxalifətdə olan milli qüvvələr Avropaya meyllidir və Rusiyanın əleyhinədir. Bu yaxınlarda ölkədə keçirilmiş bir rəy sorğusunun nəticələri ilə tanış olarkən gördüm ki, rəyi soruşulanların 26%-i Rusiya və İrana meyllidir. Düzdür, bu rəqəm ciddi bir tutumu ifadə eləmir. Amma Rusiya sözsüz ki, bu faktordan da istifadə eləməyə çalışacaq. Bu müstəvidə Rusiyanın əlindəki başlıca kozır etnik azlıqları Bakının üzərinə qaldırmaq və yaxud daxildə müəyyən qatışıqlıqların törədilməsidir. Hətta iki-üç gün bundan öncə Bakıda şayiələr yayıldı ki, Bakıda ruslarla azərbaycanlıların arasında qarşıdurma olubdur. Mənə elə gəlir ki, bu şayiələrin yayılması da təsadüfi deyil. Rusiyanın Azərbaycanda kifayət qədər kəşfiyyat qüvvələri var və istənilən anda belə bir qarışıqlıq salıb Azərbaycana hansısa formada təsir etmək imkanlarına sahib ola bilər. Buna görə də hesab edirəm ki, qarşıdan gələn dekabr ayı Azərbaycan dövlətçiliyinin gələcək taleyi baxımından çox önəmli olacaq. Dekabr ayında Azərbaycanda siyasi vəziyyət həddindən artıq gərginləşəcək. Belə bir vəziyyətdə hakimiyyətə ən böyük təzyiq Rusiyadan qaynaqlanacaq. Belə bir durumda iqtidara həsəd aparmazdım. Azərbaycan Avrasiya İttifaqına və MDB-nin gömrük birliyinə daxil olarsa, bütövlükdə Qərbi və Birləşmiş Ştatları itirəcək. Bu, Azərbaycan üçün, indiki hakimiyyət üçün çox təhlükəlidir. Çünki Azərbaycan Rusiyanın ittifaq və gömrük birliyi tələblərinə boyun əysə, Qərb tərəfindən ciddi sanksiyaların tətbiqi ilə üzləşə bilər. Yox, Rusiyanın tələbləri ödənilməsə, o zaman Rusiyadan ciddi təhlükələr gözləməliyik. Ona görə də dekabr ayında Azərbaycan özünün gələcək taleyinin müəyyən edilməsi baxımından qəti addımlar atmaq seçimi qarşısında qalacaq.
-Üzvlüyündən istefa verdiyiniz Milli Şura, Sizcə, prezident seçkilərinə nə dərəcədə adekvat hazırlaşa bildi və bu hazırlığın nəticəsi niyə belə acınacaqlı oldu? Fikrimcə, radikal müxalifət hələ indiyə qədər bu qədər aciz durumda qalmamışdı...
-Milli Şura yarananda nəzərdə tutulmuşdu ki, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov olacaq. O zaman AXCP dəfələrlə bəyan eləmişdi ki, vahid namizəd ideyasının gerçəkləşməsinə tam şəkildə razıdır. Rüstəm İbrahimbəyov Milli Şura ideyasını ortalığa atarkən siyasi partiyaların əksəriyyəti bu ideyanın ətrafında sürətlə birləşdi. Am ma bu məqamda müəyyən epizodlara aydınlıq gətirmək bir qədər müşkül məsələdir. Ya əvvəlcədən belə planlaşdırılmışdı, ya da işə kifayət qədər məsuliyyətlə yanaşılmadı. Mən belə deyərkən Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq məsələsini nəzərdə tuturam. Hüquqi baxımdan yanaşanda, Rüstəm İbrahimbəyov vaxtında Rusiyanın müvafiq dövlər qurumlarına müraciət eləsəydi, problem vaxtında da həll oluna bilərdi. Amma bu problem də Rusiyanın əlində olduğu üçün onun vaxtında həll edilməsinə imkan verməyəcəkdi. Çünki Azərbaycanda milli qüvvələrin bir araya gəlib vahid hədəf uğrunda mübarizə aparması Rusiyanın maraqlarına uyğun deyildi. Rusiyanın seçkiöncəsi gedişləri Azərbaycandakı müxalifət düşərgəsində ciddi gərginliklər yaratdı. Yəni Rusiya müxalifət daxilində gedən proseslərə dolayısı ilə təsir edə bildi.

Söhbətləşdi: Savalan