Bəzi generalların Zakir Həsənov qorxusu
Bəzi generalların Zakir Həsənov qorxusu

Yeni müdafiə naziri təyinatı kimlərdə və niyə narahatlıq yaratdı?

Dünən Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov oktyabrın 23-də Müdafiə Nazirliyinin kollektivinə və ordu rəhbərliyinə təqdim olunub. Müdafiə Nazirliyində keçirilən mərasimdə yeni müdafiə naziri Zakir Həsənov, keçmiş müdafiə naziri Səfər Əbiyev, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev, qoşun komandanları, korpus komandirləri iştirak ediblər.
Yeni nazir Zakir Həsənovu Müdafiə Nazirliyinin kollektivinə general Vahid Əliyev təqdim edib. O, yeni nazirin təyin olunması haqda prezident İlham Əliyevin sərəncamını oxuyub, Zakir Həsənova uğurlar arzulayıb.
Vahid Əliyev prezident, ali baş komandan İlham Əliyevin adından vəzifədə olduğu müddətdə gördüyü işlərə və vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə Səfər Əbiyevə təşəkkür edib.
Mərasimdə Zakir Həsənov və Səfər Əbiyev çıxış ediblər. Səfər Əbiyev Zakir Həsənova uğurlar arzulayıb.
Zakir Həsənov kimdir?

Xatırladaq ki, oktyabrın 22-də prezident İlham Əliyev Zakir Həsənovu müdafiə naziri təyin edib. Həmin gün dövlət başçısı Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verilməsi haqda da sərəncam imzalayıb. Yeni müdafiə nazirimizin tərcümeyi-halını oxucuların diqqətinə çatdırırıq.
Zakir Əsgər oğlu Həsənov 1959-cu il iyunun 6-da Astara rayonunda anadan olub.
1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən sovet ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.
1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsini tutub.
2003-cü il yanvarın 17-də daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib.
2013-cü il oktyabrın 22-dən müdafiə naziridir.
Zakir Həsənov 2003-cü il mayın 15-də general-mayor, 2005-ci il mayın 6-da general-leytenant ali xüsusi rütbəsi, 2013-cü il oktyabrın 22-də general-polkovnik hərbi rütbəsi alıb.
Azərbaycan prezidentinin sərəncamları ilə 2002-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2004-cü ildə “Azərbaycan Bayrağı“ ordeni ilə, milli təhlükəsizlik nazirinin 1998-ci ildə imzaladığı əmrə əsasən isə “Sərhəddə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir. İki övladı var.

Səfər Əbiyev “vurulması”
haqqında nə dedi?
On səkkiz ildən çox müdafiə naziri olmuş general-polkovnik Səfər Əbiyev açıqlama verib. “Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına Səfər Əbiyev belə cavab verib: “Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”.
Qeyd edək ki, Səfər Əbiyev 1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.

General Əkbərov yeni nazir
təyinatı haqqında nə dedi?

Azərbaycan ordusunun tanınmış generallarından general-leytenant Rövşən Əkbərov da yeni müdafiə naziri təyinatı ilə bağlı maraqlı açıqlamalar verib. O, deyib: “Prezident, ali baş komandan İlham Əliyev həmişə olduğu kimi yenə də çox düzgün qərarlar qəbul edib. Biz yeni müdafiə naziri Zakir Həsənovu peşəkar, düzgün, təmiz, intizamlı və yaxşı bir zabit kimi tanıyırıq. Hesab edirəm ki, dövlətimiz və ordumuz üçün gözəl işləyəcək. Vətəninə, prezidentinə, ali baş komandanına canla-başla xidmət etmək istəyən hər bir generalın əl-qolu yenidən açıldı, imkanlar yarandı. Yeni nazirə uğurlar arzulayıram. Zakir Həsənov da, mən də Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişik, oranın məzunuyuq. Bu təhsil ocaqlarını bitirənlərin hamısı bir-birini tanıyır. Təbii ki, Zakir Həsənovu çoxdan tanıyıram”.
“Sizcə, yeni müdafiə nazirinin qarşısında duran əsas vəzifələr hansılardır? Orduda nə dəyişməlidir” sualına Əkbərovun cavabı belə olub: “Hesab edirəm ki, əsas vəzifələr ali baş komandanın tapşırıqlarını vaxtında, düzgün yerinə yetirmək, təmiz işləmək, ordunun döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaqdır. Eyni zamanda ali baş komandan əmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olmaqdır. Biz zabitlər, əsgərlər, bütün ordu hər an buna hazır olmalıyıq.
Vacib işlərdən biri də zabitlərin, əsgərlərin şəraitinin yaxşılaşdırılmasıdır. Biz yeni nazirdən şəraitimizin yaxşılaşdırılmasını gözləyirik. Elə etməliyik ki, hər bir valideyn uşağını əsgərliyə göndərəndə arxayın olsun, narahatlıq keçirməsin və bilsin ki, övladı yaxşı şəraitdə qulluq edir və sağ-salamat evinə qayıdacaq”.
“Yəqin ki, yeni nazirin Müdafiə Nazirliyinin kollektivinə və ordu rəhbərliyinə təqdim olunması mərasimində iştirak etmisiniz. Ordu rəhbərliyi bu təyinatı necə qarşıladı? Əhval-ruhiyyə necədir” sualına general belə cavab verib: “Bəli, həmin mərasimdə iştirak etdim. Gözəl mərasim keçdi. Yeni nazirin təyin və təqdim olunmasından hamı çox razı qaldı, şad oldu. Çox gözəl əhval-ruhiyyə var, hamı çox şaddır. Bütün zabitlər tapşırıqları canla-başla yerinə yetirəcəklər. Generallarımız məmnundur. Başqa cür ola da bilməz, çünki yeni nazirin təyin olunması ali baş komandanın qərarıdır”.
“Səfər Əbiyevlə sizin münasibətləriniz yaxşı deyil. Vida mərasiminiz necə keçdi” sualını cavablandıran generla-leytenant deyib: “Hamı necə görüşüb vidalaşdısa, mən də elə. Salam, sağ ol”.
“2013-cü ilin yanvar ayında Səfər Əbiyev sizə töhmət verib. Həmin töhmət üzərinizdə qalıb, yoxsa götürülüb” sualına da generalın cavabı diqqət çəkib: “Mən ona və onun töhmətlərinə fikir, əhəmiyyət vermirəm. Heç bilmirəm töhmət qalır, yoxsa götürülüb”.

Bəzi generalların narahatlığı

Amma belə iddialar da var ki, Silahlı Qüvvələrin bütün generalları heç də yeni müdafiə naziri təyinatından xoşhal olmayıblar. Bunun səbəbi isə onların rəhbərlik etdikləri korpuslarda korrupsiya və digər neqativ hallardır.
Artıq məlumatlar gəlməkdədir ki, Müdafiə Nazirliyində yoxlamaların başlanacağı gözlənilir.Yoxlamalar nazirliyin bütün fəaliyyət sahələrini əhatə edəcək.
Buna səbəb kimi nazirliyin fəaliyyətində neqativ halların olması ilə bağlı vətəndaş cəmiyyətlərinin açıqladıqları məlumatlar və vətəndaşların müraciətləri göstərilir. Yoxlamaların təkcə maliyyə sahəsində deyil, həmçinin texniki təchizat və hərbi xidmət sahələrində aparılması planlaşdırılır. Xüsusən, son zamanlar baş verən əsgər ölümlərinin səbəbləri, orduya ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.
Gözlənilən yoxlamaların isə bir çox yüksək çinli nazirlik yetkililəri üçün yaxşı heç nə vəd etməyəcəyi aydındır. Elə bu səbəbdən də artıq onların indidən ciddi əndişə keçirdiklərinə dair məlumatlar gəlir.

Azər Aslan