Tikinti şirkətlərində niyə şəffaflıq yoxdur?
Tikinti şirkətlərində niyə şəffaflıq yoxdur?

Ekspert “Bulaq-2”MTK ilə bağlı rəy bildirdi

Vahid Bəhmənli: “Ölkənin iri şəhərlərində düzgün şəhərsalma siyasəti yürüdülmür”

Ölkədə fəaliyyət göstərən tikinti şirkətlərindən tam şəkildə razılıq edənlərə az-az rast gəlmək olar. Və bu yöndə faktların analizi göstərir ki, vətəndaşlarımızın tikinti şirkətlərindən gileyinin dəlilli-sübutlu əsasları çoxdur.

Düzdür, ölkənin hüquq-mühafizə qurumları zaman-zaman bu şirkətlər bilgilənib mülkiyyətçilərin aldadılması faktlarını aşkarlayırlar. Amma proses davam etməkdədir.
Ötən sayımızda “Bulaq-2” tikinti şirkətində qeydə alınmış neqativliklər barədə material dərc etmişdik. Bu sayımızda isə tikinti şirkətlərində baş verən neqativlikləri ekspert analizində təqdim edirik.
Müstəqil ekspert Vahid Bəhmənlinin “Unikal”a bildirdiyinə görə, “Bu neqativliklərin başlıca səbəbi ondan ibarətdir ki, ölkənin iri şəhərlərində düzgün şəhərsalma siyasəti yürüdülmür. Paytaxtda torpaqların alqı-satqı prosesi də olduqca qeyri-şəffaf şəraitdə aparılır. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normativlərlə götürsək, Bakıda ən bahalı torpaq sahəsinin hər sotu uzağı üçrəqəmli ədədlə ölçülür, lakin hazırda şəhərin mərkəzindən uzaq ərazisində belə sotunu iki-üç min manatdan aşağı qiymətə torpaq tapmaq qeyri-mümkündür. Mərkəzdən isə danışmağa dəyməz. Burada qiymətlər od tutub yanır. Bu isə rəsmi orqanların torpağı yüksək qiymətə satıb, aşağı qiymətə rəsmiləşdirməklə büdcədən külli miqdarda vəsait yayındırmasına imkan yaradır. Qiymətlərin tüğyan etdiyi bir vaxtda isə paytaxtda yüzlərlə göydələn ucalmaqdadır. Şəhərin mərkəzində təxminən, 6-7 sotluq ərazidə inşa edilən bir binanın təkcə torpağının qiyməti 3 milyon manata yaxın olur. Normalda isə bir binanın ucaldılması üçün minimum 15-20 sot torpaq gərəkdir”.
Ekspertin sözlərinə görə, “Bu sektordakı başlıca problem gizli məşğulluqla bağlıdır. Məlum olduğu kimi, tikintidə həmişə başqa sektorlara nisbətən daha çox işçi qüvvəsi çalışıb. Statistik məlumatlara görə, ötən il məşğulluqda tikintinin payı 7-8 faiz olub. Bu göstərici tikintinin iqtisadiyyatda tutduğu paya adekvat olmamaqla yanaşı, eyni zamanda dinamikada da etibarsız görünür. Bu göstərici tikinti şirkətlərinin məşğulluğu gizlətməsinin, dövlət əmək nəzarətinin isə zəif olmasının ifadəsidir. Məlumatlara görə, ölkədə 800-dən artıq tikinti müəssisəsi fəaliyyət göstərir və orada 40 minə yaxın fəhlə çalışır. Lakin bunun reallıqdan olduqca uzaq bir rəqəm olduğu danılmaz faktdır. Tikinti sektorunda ciddi araşdırma apardıqda aydın olur ki, tikintidə istifadə olunan sementin keyfiyyəti aşağı olmaqla yanaşı, həcmi də normadan dəfələrlə azdır. Keyfiyyətin aşağı olmasının əsas səbəbi bu sektorda rəqabətin təmin olunmaması ilə izah olunur. Ölkədə sement istehsalına nəzarəti “Qaradağsement” zavodu, beton istehsalına nəzarəti isə “Akkord” şirkətlər qrupu edir. Və materialın hansı keyfiyyətdə olmasından asılı olmayaraq, tikinti şirkətləri onlarla işləməyə məcbur olur. Nəticədə də şirkətlər bütün bu itkiləri ev almaq istəyində olan vətənadşlara müxətəlif yollarla kələk gəlməklə əvəzləyir”.Onun sözlərinə görə elə şirkətlər var ki, heç bir sənədləri belə olmur və bina tikintisini istədikləri vaxta qədər uzadaraq sakinləri incidirlər. “Bulaq-2”şirkəti də bu yolu tutubsa deməli açıq qanunsuzluq ediblər.
Elvin Rüstəmov