Bəzi deputatların vəzifə gözləntisi reallaşmadı
Bəzi deputatların vəzifə gözləntisi reallaşmadı

Hadı Rəcəbli ilə Eldar İbrahimov “ofsayd”da qaldı

Azərbaycan hökumətindəki bəzi postlara millət vəkili olan təcrübəli şəxslərin gətiriləcəyinə dair gözlənti vardı. Bu haqda hökumət daxilində müzakirələr getdiyi məlum idi, hətta bir çox deputatlar hökumətdə görəv almağa hazırlaşmışdılar. Amma gözlənti gerçəkləşməyib. Məlumatı redaksiyamıza adının çəkilməsini istəməyən mənbə verib.

Xatırladaq ki, millət vəkilləri arasında yalnız YAP icra katibi olan Əli Əhmədov yeni hökumət kabinetində yer alıb. Əli müəllim baş nazirin müavini kimi önəmli posta gətirilib. Belə iddialar vardı ki, daha üç millət vəkilinin də hökumətdə önəmli postlara gətirilməsi gözlənilirmiş.
Bunlardan biri aqrar sahədə ölkənin ən təcrübəli mütəxəssislərindən sayılan deputat Eldar İbrahimov idi. Onun kənd təsərrüfatı naziri təyin edilməsi çoxdan müzakirə mövzusuna çevrilmişdi. Amma yeni hökumətdə İsmət Abbasov kənd təsərrüfatı naziri olaraq “vurulmasına” və vitse-premyer vəzifəsinə irəli çəkilməsinə rəğmən o, İbrahimovla yox, Hesablama Palatasının sədri Heydər Əsədovla əvəzləndi.
Başqa bir millət vəkili - Qənirə Paşayevanın isə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin olunacağı iddiası da hələ prezident seçkilərindən xeyli əvvəl gündəmə gəlmişdi. Düzdür, son vaxtlar bu iddia arxa plana keçmişdi və Qənirə Paşayevanın adı ətrafında ajiotaj xeyli səngimişdi. Bununla belə, onun yeni hökumətdə təyinat alması sürpriz sayılmayacaqdı. Amma xanım millət vəkili ilə bağlı da məlum gözləntilər reallaşmadı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əvvəlki sədri Hicran Hüseynova öz postunda saxlanıldı.
Daha bir millət vəkili - Hadı Rəcəblinin də yeni hökumətdə önəmli postlardan birinin başına gətirilməsinə dair söz-söhbətlər dolaşırdı. Belə ki, bir neçə gün əvvəl bununla bağlı mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, Dövlət Sosial Müdafiə Fondunun sabiq sədri Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra onun boş qalmış kreslosu uğrunda rəqabət başlayıb. “Posta əsas iddialılardan biri isə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir. H.Rəcəbli hakimiyyətdə “köhnə qvardiya”nın təmsilçilərindən sayılır. YAP-ın icra katibi Əli Əhmədovun baş nazirin müavini postuna təyinatı H.Rəcəblini daha da ürəkləndirib və o, Dövlət Sosial Müdafiə Fondunun sədri olmaq üçün bütün resurslarını işə salıb. Bu məsələdə YAP rəhbərliyi, konkret olaraq Ə.Əhmədov da H.Rəcəbliyə dəstək verir. Çünki Ə.Əhmədov Nazirlər Kabinetində sosial sektoru kurasiya edəcək… Yeri gəlmişkən, sosial sektorun daha bir qolu olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da YAP İdarə Heyətinin üzvüdür. Yəni sosial sektora daxil olan qurumların YAP rəhbərliyinə daxil olan şəxslərdən seçilməsi, “köhnə qvardiya”nın, o cümlədən də Əli Əhmədovun maraqlarına uyğundur” deyə məlumatlarda vurğulanırdı.
Amma dünən bu məsələyə də aydınlıq gətirildi. Bildirildi ki, bu yöndə yayılan məlumatların hər hansı əsası yoxdur.
Beləliklə, bəzi millət vəkillərinin hökumətin önəmli postlarına iddiaları reallaşmadı. Buna nəyin mane olduğunu demək çətindir. Amma hesab etsək ki, parlament deputatlarının əksəriyyəti ayrı-ayrı oliqarxların qruplarına daxildirlər və oliqarxlar arasında qarşıdurmaların onlardan da yan keçmədiyini düşünsək, fikrimizcə əsas versiyalardan biri hamımıza aydın olar.
Sonda onu da qeyd edək ki, millət vəkilləri arasında xüsusilə uzun illərdir parlamentdə təmsil olunanların çoxluq təşkil etdiyi deyilir. Bu barədə məlumat verən qaynağın deməsinə görə, belə millət vəkilləri 2015 seçkilərindən sonra parlamentdən kənarda saxlana biləcəkləri ehtimalının yüksək olması səbəbindən bəri başdan ali qanunverici orqandan hökumət kabinetinin tərkibinə transfer olunmalarını arzulayırlar. Belədə onlar deputat mandatından məhrum olacaqları təqdirdə də karyeralarının davam etməsini hədəfləyirlər.
Amma görünür ki, həmin hədəfə çatmaq bu arzuya düşən millət vəkillərimiz üçün o qədər də asan deyilmiş.

Günel Əkbər