Təsdiqlənməyən iri məmurlar arasında narahatlıq
Təsdiqlənməyən iri məmurlar arasında narahatlıq

Onlar barədə qərarsızlıq bəzi ehtimallar yaradır

Azərbaycanda 9 oktyabr prezident seçkilərindən sonra yeni hökumət kabinetinin tərkibi təsdiqləndi. Amma medianın diqqətindən kənarda qalan bir məqam var. Bu da hələlik bir neçə iri məmurun öz postlarına təyinatının təsdiqlənməməsidir.

Aydınlıq üçün oxucularımızın diqqətinə çatdıraq ki, ölkə başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat həyata keçirib, aşağıdakı 7 təyinat hələ gerçəkləşməyib: 1. Dövlət Sosial Müdafiə Fondunun sədri - Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunduğundan, icraedici də yoxdur. 2. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsi - Məleykə Abbaszadə icra edir. 3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - Kamran İmanov icra edir. 4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - Bəhram Xəlilov icra edir. 5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - İnam Kərimov icra edir. 6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - Akim Bədəlov icra edir. 7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - İsgəndər Çəndirli icra edir. Bu siyahıda diqqət çəkən məqamlardan biri Məleykə Abbaszadənin təyinatının reallaşmamasıdır ki, bu barədə ötən sayımızda geniş bəhs etmiş və yazmışdıq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyinin nəzarətinə verilməsi ehtimalı olduğundan tamamilə mümkündür ki, xanım Abbaszadənin təyinatı ümumiyyətlə reallaşmasın. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun da görəvinə təsdiqlənməməsi maraq doğurur. Bu qurum təzəlikcə Natiq Əliyevin rəhbərlik etdiyi Sənaye və Energetika Nazirliyindən (indiki Energetika Nazirliyi) alındı, müstəqil quruma çevrildi. İstisna deyil ki, adıçəkilən Dövlət Agentliyinin rəhbərliyində də hər hansı dəyişiklik barədə müzakirə getsin, çünki Azərbaycan hökuməti son vaxtlar alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı ciddi hədəflər müəyyənləşdirib. Bu istiqamətdə iri investisiya layihələrinin hazırlanması, həyata keçirilməsi, bu məqsədlə də böyük vəsaitlərin istər yerli, istərsə də kənar mənbələrdən cəlbi haqqında müzakirələr gedir. Bu da həmin qurumun əhəmiyyətini artırır, bir çox iqtidar içi qruplar üçün cəlbedici edir. Ona görə də realdır ki, biz həmin Dövlət Agentliyinin başına tamamilə başqa bir şəxsin (hansı ki, həmin qruplardan hansınınsa maraqlarına uyğundur) gətirilməsinə şahid olaq. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru postu da kifayət qədər önəmlidir. Xüsusilə iri məmurların dövlət investisiya layihələri üzərində nəzarətinin artdığı və onların formal tenderlər yolu ilə belə layihələrin ələ keçirilməsi, öz nəzarətlərinə cəlb edilməsi və həyata keçirilməsi ənənəsi adıçəkilən Dövlət Agentliyini oliqarxlar üçün cazibə mərkəzi halına gətirir. İndiyədək bu agentliyin öz fəaliyyətini şəffaf qurmaması tənqid edilib, onun bəzi iri məmurlardan asılılıq dərəcəsinə çatması irad tutulub. Amma bu istiqamətdə də situasiyanı dəyişmək üçün agentliyə yeni rəhbər gətirilməsi məqsədəmüvafiq sayıla bilər. O da maraqlıdır ki, hazırda direktor postunu icra edən İsgəndər Çəndirli təhsil naziri Mikayıl Cabbarovla yaxın qohumdur. Məhz bu faktorun da agentlik direktorunun postunda saxlanılması üçün həlledici amilə çevrilə biləcəyi proqnozlaşdırılandır. Digər təsdiqlənməyən qurum rəhbərləri ilə bağlı da konkret proqnoz vermək çətindir. Onlardan kimlərin ayrılıb, kimlərin vəzifəsində qalacağı ölkə rəhbərinin iradəsində olan məsələdir. Ona görə də bütün ehtimallara məhz bu barədə rəsmi qərar verildikdən sonra aydınlıq gələcək. Hələlik isə demək mümkündür ki, postlarına təsdiqlənməyən iri məmurlar həyəcan içindədirlər, bununla bağlı qərarın gecikməsi isə hər gün onların həyəcan və narahatlığını bir qədər də artırır.
Günel Əkbər