Türkiyədən Dağlıq Qarabağ çağırışı
Türkiyədən Dağlıq Qarabağ çağırışı

ABŞ-da nələr ola bilər?

Dağlıq Qarabağ problemində Türkiyənin rolu zaman-zaman müzakirə olunub və hər dəfə fərqli baxılar ortaya qoyulub. Əksəriyyət hesab edir ki, Türkiyə hazırkı statusundan artıq statusa nail ola bilməz və onun təsiri sadəcə olaraq Ermənistanla sərhədləri açmamaq olar. Qeyd edək ki, bir neçə il öncə ABŞ-in təzyiqləri ilə Türkiyə Ermənistanla sərhəddi açmağa yaxın idi və son anda bu proses dayandırıldı. Bundan başqa bəzi mütəxəssislər hesab edir ki, Türkiyə imkanlarından sonuna qədər istifadə etmir və buda problemin uzanmasına təsir edir.

Bu arada Dağlıq Qarabağla bağlı növbəti fikir Türkiyə müxalifətindən gəldi.Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Azərbaycanın erməni işğalı altındakı torpaqları və Qarabağ məsələsini gündəmə gətirməyi düşünürsünüzmü?” - sualını belə cavablandırıb: “Azərbaycan bizə qardaş ölkədir. Biz bütün platformalarda Azərbaycanın məruz qaldığı haqsızlığı gündəmə gətiririk. ABŞ-a səfərimiz zamanı da Azərbaycanın erməni işğalı altındakı torpaqları və Qarabağ məsələsini gündəmə gətirəcəyik. Mənim xarici məsələlər üzrə müavinim Faruk Loğoğlu Bakıda və Vaşinqtonda səfir işləyib, Türkiyə Xarici İşlər Nazirliyinin icra aparatına rəhbərlik edib. Ona görə də Azərbaycanın məruz qaldığı haqsızlığı yaxşı bilir və prosesləri daim yaxından izləyir. Bununla bağlı təklif və qeydlərinizi Faruk bəyə verməyinizi xahiş edirəm. Hörmətli Loğoğluyla problemin son durumunu ətraflı şəkildə dəyərləndirəndən sonra ABŞ-a səfərimiz zamanı rəsmi görüşlərimizdə Azərbaycanın işğal altında olan torpaqları və Qarabağ məsələsini mütləq gündəmə gətirəcəyik”.CHP lideri K. Kılıçdaroğlu iqtidara gələn kimi Azərbaycan torpaqlarının ən qısa müddətdə işğaldan azad edilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini və Türkiyə-Azərbaycan münasibətlərini yeni strateji səviyyəyə yüksəldəcəklərini vurğulayıb.Bəs, Kılıcdaroğlu hakimiyyətə gələrsə hansı addımları ata bilər? Ekspertlər bildirir ki, öncələr Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq, hərbi marifləndirmə öncə yetərli qədər olsada, hazırda zəifləyib. Türkiyə yəqin ki, bu sahədə aktivliyini artıra bilər. Digər tərəfdən Türkiyə NATO-un üzvüdür və bu təşkilatda da zaman-zaman Dağlıq Qarabağ problemini səsləndirə bilər. Ümumiyyətlə mövcud Türkiyə hakimiyyətinin ən böyük nöqsanlarından biri budur ki, dünyaya səpələnən tük lobbisini mərkəzləşdirə bilmir və priroritet məsələ kimi Dağlıq Qarabağı gündəmdə saxlamaq iqtidarında deyil. Ekspertlərin fikrincə Türkiyənin Azərbaycana ən böyük dəstəyi müharibə şəraiti yaranarsa ola bilər. Çünki ehtimal olunur ki, münaqişə alovlanarsa,Rusiya Ermənistana dəstək verə bilər. Buna cavab olaraq Türkiyə dəfələrlə bəyan edib ki, belə hal baş verərsə Türkiyədə bu münaqişəyə qatılacaq. Bunu da xatırladaq ki, 1992-ci illərdə Ermənistan Naxçıvana total hucum edib bölgəni tamamı ilə ələ keçirtmək üstündə işləyirdi. Amma Türkiyənin sərt xəbərdarlığından sonra bu proses durduruldu. Hesab edilir ki, yenə də eyni olaylar yaşana bilər və Türkiyə o zaman ən həlledici fiqura çevrilə bilər. Ekspertlər hesab edir ki, Kılıcdaroğluda məhz bu məqamları nəzərə alaraq açıqlama verib.
Mehdi Əli