Ermənistandakı Rusiya komandanı  Azərbaycana müharibə elan
Ermənistandakı Rusiya komandanı Azərbaycana müharibə elan

Rusiyanın MDB ölkələrinə təzyiqi artmaqdadır. Hazırda əsas məqsəd Azərbaycan,Gürcüstan və Ukraynanı Gömürük İttifaqına üzv etdirməkdir. Bu məqsədlə ötən gün Ukraynaya xəbərdarlıq edildi və qısa müddətdə qazla bağlı yaranan 900 milyon doların ödənilməsi tələb edildi.

Azərbaycana gəldikdə isə artıq on gündən çoxdur ki, miqrant problemi süni şəkildə qabardılıb və Rusiyada yaşayan azərbaycanlıların bu ölkədən çıxarılmasına start verilib ki, buda son nəticədə Azərbaycanda sosial partlayışla tamamlana bilər. Amma görünən budur ki, Rusiya Azərbaycana təzyiqlərini daha çox artıracaq. Sözsüz ki, söhbət Dağlıq Qarabağ kartından gedir. Artıq 20 ildir ki, Rusiya bu münaqişənin həllinə əngəllər törətməklə regiondakı təsir imkanlarını artırır və bəzi halarda sərt bəyanatlarla çıxış edərək hətta hərbi müdaxiləni belə istisna etmirlər. Bunu da qeyd edək ki, Azərbaycan-Rusiya münasibətləri gərginləşəndən sonra Rusiya Ermənistandakı bazasını iki dəfə böyütdü və desant qruplaşmaları ilə zənginləşdirdi. Hərbi ekspertlər hələ o zaman bildirirdilər ki, Rusiya bunu təzyiq məqsədi ilə edir və Azərbaycandan istədiyini ala bilməyəcəyi təqdirdə açıq və sərt siyasət həyata keçiriləcək. Deyəsən artıq deyilən zaman çatıb.Belə ki, Azərbaycana qarşı heç bir əndazəyə sığmayan bəyanat verilib.“Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayarsa, Rusiyanın Ermənistandakı hərbi bazası bu münaqişəyə cəlb oluna bilər”.Bunu Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102 saylı hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinski deyib.
A. Ruzinski bildirib ki, hərbi bazanın cavabdeh olduğu bölgədə hərbi-siyasi vəziyyət erməni-azərbaycanlı münaqişəsi regionunda qarşıdurmanın alovlanmasının mümkünlüyü ilə əlaqədar bir sıra qeyri-sabitlik yaradan faktorlarla xarakterizə olunur: “Azərbaycan rəhbərliyi tərəfindən Dağlıq Qarabağ üzərində öz hüquqi yurisdiksiyasını güc yolu ilə bərpa etmək barədə qərar qəbul olunarsa, Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki hüquqi öhdəliklərinə uyğun olaraq hərbi baza silahlı münaqişəyə qoşula bilər”.
A. Ruzinski qeyd edib ki, hərbi baza ləngimədən müdaxiləyə hazır vəziyyətdə olan hərbi birləşmədir: “Onun tərkibində 13 əsas döyüş bölməsi və 17 hərtərəfli təminat bölməsi mövcuddur. Bu həcmdə qüvvə qoyulan tapşırıqları uğurla yerinə yetirməyə imkan verir. Əlavə etmək lazımdır ki, Ermənistandakı Rusiya hərbi bazasının əsas xüsusiyyəti zenit-raket divizionu olmasıdır. O, “BUK-M1-2” zenit-raket kompleksi, “Smerç” reaktiv artilleriya batareyası və “MiQ-29” döyüş təyyarələri eskadrilyasının olduğu aviabaza ilə təchiz olunub”.Qeyd edək ki, bundan öncədə müxtəlif vaxtlarda bu tip açıqlamalar olmuşdu. Amma bu açıqlamanın xüsusi özəlliyi budur ki, açıqlama verən şəxs baznın komandanıdır və o, yuxarıların razılığı olmadan belə açıqlama vermək səlahiyyətində deyil. Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə də “Unikal”a bildirib ki, “Rusiyanın dünyada və öz ərazisində çoxlu sayda hərbi bazaları var və indiyə qədər görünməyib ki, bu bazalardan birinin komandiri bəyanatla çıxış edərək hansısa ölkəni təhdid etsin. Polkovnik Ruzinski məlum bəyanatla çıxış etməklə, birinci növbədə, hərbi subordinasiyanı pozub. Rus qoşun hissələrinin hərkətə gəlməsi ilk növbədə bu ölkənin Ali Baş Komandanı Vladimir Putindən asılıdır, yəni əmr ondan gəlməlidir”.Ekspertlərdə düşünür ki, hərbi aslılığı olan heç bir zabit bir başa mətbuata açıq ola bilməz və bunun üçün ən azından Müdafiə Nazirliyinin Mətbuat Xidməti səviyyəsində razılıq alınmalıdır. Yox əgər bu şəxs ölkə kənarındakı bazaya rəhbərlik edirsə onun açıqlaması üçün bir başa nüdafiə nazirinin göstərişi olmalıdır. Burdan isə belə nəticə çıxır ki, Ruziniski bunu özbaşına deməyib. Həm də nəzərə alınmalıdır ki, onun açıqlaması Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Maraqlıdır, gözlənilmədən belə bir açıqlamanın məhz indi verilməsinin səbəbi nədir? Müşahidəçilər bildirir ki, yaxın günlərdə Azərbaycan ciddi seçim etməli olacaq. Belə ki, Vilnusda Avropa Birliyinin Şərq Tərəfdaşlıq Təşkilatının toplantısı olacaq və Azərbaycan bəzi sazişlərə imza atmaqla bir dəfəlik Avropaya üz tutacaq. Bu sazişlərə imza atandan sonra isə Gömürük İttifaqına qoşulmaq sadəcə mümkünsüz olacaq. Bunu da xatırladaq ki, Ermənistan bu sazişlərə imza atmaqdan artıq imtina edib. Ekspertlər hesab edir ki, Rusiya bu baxımdan Azərbaycana sərbəst seçim etməkdə maneələr yaradır. Hətta belə iddialar da səsləndirilir ki, Rusiya Ermənistanın vasitəsi ilə cəbhə bölgəsində təxribatlar yaratmaqla Azərbaycanı provokasiyaya cəlb edə bilər. Nəticədə bu müharibənin başlanması ilə sonunclanar.“Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Unikal”a dediyinə görə, “Həqiqətən də, Azərbaycan işğal altındakı əraziolərini azada etmək üçün hərb variantına üstünlük versə, Rusiya birmənalı şəkildə Ermənistana kömək edəcək. Çünki ruslarla ermənilər arasında məlum hərbi-strateji müqavilə var və bu iki ölkə hərbi müttəfiqdir və Rusiya Ermənistanın ərazi bütövlüyünü qorumaq barədə öhdəlik götürüb. Unutmayaq ki, hər iki ölkə MDB çərçivəsində fəaliyyətdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınınn üzvüdür. Bu amillərə görə də Azərbaycan birinci növbədə Rusiya amili ilə hesablaşmalıdır”.
Elxan Şahinoğlu hesab edir ki, “Azərbaycan Cənubi Qafqazda Amerika üçün Ermənistandan önəmli tərəfdaş olsa da, Ermənistanın Azərbaycanın qabağında enilməsini də istəmir”.
Politoloqun sözlərinə görə, “Fikrimcə, Azərbaycan Ermənistana qarşı tamamilə haqlı olduğu müharibəyə başlamaq üçün birinci növbədə Rusiya ilə diplomatik sövdələşməyə getməlidir".
Müharibənin başlama ehtimalını da şərh edən E.Şahinoğlunun qənaətincə, “90-cı illərin əvvəllərində həqiqətən da bu bölgədə savaş gedirdi. Amma həmin vaxt digər bölgələrdə də dava var idi. Abxaziyada, Cənubi Osetiyada və sairədə. Ona görə də dünya bizim bölgəyə elə də diqqət yetirmirdi. Amma indi Azərbaycan bölgənin əsas açar dövlətinə çevrilib, böyük enerji layihələri həyata keçirir, boru xətləri ilə bu enerji resurslarını dünya bazarına çıxarır. Ona görə də Qərb və digər dövlətlər Azərbaycanda sabitliyin olmasında maraqlıdırlar. Digər tərəfdən müharibə başlasa, bu o deməkdir ki, savaş təkcə Dağlıq Qarabağı əhatə etməyəcək, bütün sərhəd boyunca döyüşlər gedəcək. Eləcə də Naxçıvanın təhlükəsizliyi məsələsi gündəmə gələ bilər. Özü də Rusiya Ermənistanın hərbi strateji müttəfiqidir. Azərbaycan təkcə Ermənistanla deyil, eyni zamanda rus generallarının planları ilə də savaşacaq".
Beləliklə Azərbaycan ciddi proseslərin yeni mərhələsinə keçid edir. Nəticə isə çox qısa zamanda bəlli olacaq.
Mehdi Əli