19 Oktyabr 2019
18 Oktyabr 2019
Suriya böhranı: Müxalif siyasi güclər nə istəyir?
Suriya böhranı: Müxalif siyasi güclər nə istəyir? DÜNYA 12:30 2013-11-01

Suriya böhranı: Müxalif siyasi güclər nə istəyir?
Suriya böhranı: Müxalif siyasi güclər nə istəyir?

Suriyada vətəndaş müharibəsinin başlanmasından iki ildən çox zaman keçdi. Müxalif qruplar arasındakı dərin bölünmə isə davam edir və ziddiyyətlər daha da böyüyür. Fərqli siyasi qruplar, mühacirdəki müxalifət, silahlı qruplar rejim rəhbəri Bəşər Əsədi necə hakimiyyətdən uzaqlaşdıracağı mövzusunda razılığa gələ bilmir. Ötən vaxt ərzində Suriyadakı müxalif qrupları birləşdirmək və beynəlxalq yardım almaq məqsədi ilə bir çox koalisiyalar quruldu. Amma bu koalisiyaların da vəziyyəti dəyişdirəcəyinə ümid azdır.

Türkiyənin “Hürriyet” qəzeti Bəşər Əsədə qarşı mübarizə aparan qruplar barədə yazıb. Yazıda ən əhəmiyyətli qruplarla bağlı məlumatlar yer alıb.

Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası

Suriyalı müxalif qruplar 2012-ci ilin noyabrın 11-də Qətərin paytaxtı Dohada toplanaraq yeni və daha əhatəli bir qurumun yaradılması üçün razılaşdılar. Həm Suriya daxilindən, həm də ölkə xaricindən üzvləri olan Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasının Suriyanın yeganə qanuni nümayəndəsi olaraq beynəlxalq birlik tərəfindən qəbul edilməsi, bütün iqtisadi və hərbi yardımların toplandığı mərkəzin olması, üsyançı güclərin nəzarətində olan bütün bölgələri idarə etməsi və Əsəd sonrası keçid hökümətini formalaşdıracağı gözlənilirdi. Düzdür, koalisiya bir neçə dövlət, o cümlədən Ərəb Dövlətləri Liqası və ardınca ABŞ, Fransa və Türkiyə kimi dövlətlər tərəfindən tanındı. 2012-ci ilin dekabr ayında isə Mərakeşdə toplanan “Suriyanın dostları” qrupunun 100-dən çox ölkəsi Milli Koalisiyanı Suriyanın qanuni hökuməti kimi tanıdı. Lakin bütövlükdə gözləntilər özünü doğrultmadı.
Milli Koalisiyanın planı Riyad Seyfin hazırladığı və 2012-ci il iyul ayında Qahirə konfransında müəyyənləşdirilən təklifləri ehtiva edir, inqilabçı və siyasi müxalif gücləri “tək dam altında” birləşməyə çağırırdı.
İnternet səhifəsinndə yerləşdirilən məlumata görə, Milli Koalisiya aşağıdakıları hədəfləyir:
-Suriya xalqının birliyini qorumaq
-Ölkə və şəhərlərin bütövlüyünü qorumaq
-Rejimi devirmək, Suriya xalqına qarşı cinayət törədənlərin cavab verməsinə nail olmaq
-Rejimlə heç bir dialoqa girməmək
-Müxalifətin vətəndaş, demokratik Suriya hədəfini həyata keçirmək
Milli Koalisiyanın başçısı sünni din adamı Muaz əl-Xətib xarici güclərin müxalifət və silahlı qruplara yardım etmək üçün çoxlu şərtlər irəli sürdüyü, proseslərdən öz mənafeyi naminə istifadə etməyə çalışdığını bildirərək 2013-cü ilin mart ayında istefa verdi. Bu istefadan beş gün əvvəl isə Hassan Hito Milli Koalisiyanın keçid hökumətinin baş naziri seçilmiş, Muaz əl-Xətib isə bunun erkən olduğunu söyləmişdi.
Milli Koalisiya keçən müddət ərzində Suriyadakı üsyançı qruplar üzərində tamamilə təsirli ola bilmədi. Qismən maliyyə, qismən də ölkədə yaşanan humanitar böhranı aradan qaldırma mövzusunda çətinliklərlə qaqrşılaşdı.

“Cenevrə-2”yə
qatılma problemi

2013-cü ilin may ayında İstanbulda təşkil edilən konfransda Milli Koalisiya liderləri dəyişdirildi. Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Əhməd Carba, Qətərin dəstəklədiyi Sabbahı geridə qoyaraq yeni lider oldu. “Azad edilmiş” bölgələrdə humanitar yardımları koordinasiya edəcək keçid hökuməti qura bilmədiyi üçün Hassan Hito isə baş nazirlikdən istefa verdi. Sentyabr ayında Hitonun yerinə, mülayim islamçı və keçmiş siyasi məhbus Əhməd Tomeh baş nazir oldu.
2013-cü ilin sentyabr ayında Nyu-Yorkda keçirilən BMT konfransında Əhməd Carbanın Suriya böhranının həlli məqsədiylə Cenevrədə təşkil ediləcək beynəlxalq konfransa qatılacağını bildirməsi Milli Koalisiya daxilində etirazlara səbəb oldu.
ABŞ və Rusiya Suriya hökuməti ilə müxalifətin BMT-nin dəstəklədiyi plan çərçivəsində razılığa gəlməsini istəyir. Bu plan müxaliflər ilə Əsəd hökumətində yer alan vəzifəlilərdən ibarət keçid hökumətinin qurulmasını nəzərdə tuturdu.

Suriya Milli Şurası

Suriya Milli Şurası Suriya hökumətinə qarşı etibarlı bir alternativ olmaq üçün 2011-ci il oktyabr ayında müxalif qrupların yaratdığı koalisiya idi. Başçısı Georgi Sabra sol müxalif olaraq tanınan bir xristiandır. Sabra Suriya Milli Koalisiyasının qurulmasından qısa müddət əvvəl keçmiş kürd lider Abdelbaset Saydanın yerinə keçib.
İnternet səhifəsinndə yerləşdirilən məlumata görə, Suriya Milli Şurası aşağıdakıları hədəfləyir:
-Bütün qanuni vasitələrdən istifadə edərək rejimi devirməyə çalışmaq
-Suriya cəmiyyətini təşkil edən seqmentlər arasında milli birliyi təmin etmək, etnik mübarizə çağırışlarını rədd etmək
-Suriya inqilabının şiddəti nəzərdə tutmayan xarakterini qorumaq
-Milli müstəqillik və suverenliyi qorumaq, xarici hərbi müdaxiləni rədd etmək
Sünni müsəlman qruplarının hakim olduğu Milli Şura xristianları və əhalinin 10 faizini təşkil edən, indiyə qədər Əsədlə bağlı qalan şiələri də qazanmağa çalışır. Suriya Milli Şurası Azad Suriya Ordusu ilə birgə çalışmaqda da çətinlik çəkir. Suriya Milli Koalisiyası yaranandan sonra, yəni 2012-ci ilin noyabr ayında həmin dövrün ABŞ dövlət katibi Hillari Klinton Milli Şuranın “artıq müxalifətin lideri hesab edilməyəcəyini” söylədi. Milli Koalisiyanın qurulmasına münasibət bildirən Georgi Sabra Milli Şuranın kimsəyə tabe olmayacağını açıqlamışdı.
Bu ayın əvvəlində isə Sabra Suriya böhranını siyasi yolla həll etmək üçün ABŞ və Rusiyanın planlaşdırdığı “Cenevrə-2” konfransına Milli Şuranın qatılmayacağını açıqladı.

Milli Koordinasiya Komitəsi

2011-ci ilin iyun ayında qurulan Milli Koordinasiya Komitəsi 16 sol meylli siyasi partiya, üç kürd partiyası və müstəqil siyasi fəalları birləşdirir. Rəhbəri Demokratik Ərəb Sosialist Birliyinin lideri olan Həsən Abdüləzimdir. Suriya Milli Şurası və Milli Koalisiyadan fərqli olaraq Milli Koordinasiya Komitəsi hökumətlə siyasi razılaşma fikrinə sahibdir. Dialoq üçün isə atəşkəs, ordunun şəhərlərdən çəkilməsi və bütün siyasi məhbusların azad edilməsi şərtini irəli sürür.Koordinasiya Komitəsi Azad Suriya Ordusunun inqilabın əhəmiyyətli bir hissəsinin olduğunu qəbul edir, lakin silahlandırılma və xarici hərbi müdaxiləyə qarşı çıxır. Koordiyasiya Komitəsi Milli Şura və Milli Koalisiyanı maddi dəstək və silah yardımı etdikləri üçün Türkiyə və ərəb dövlətlərinə münasibətdə minnətdar davrandığına görə ittiham edir. Milli Şura və Milli Koalisiya isə Koordinasiya Komitəsini suriyalılardan kifayət qədər dəstək ala bilməyən liderlərdən qurulduğu üçün tənqid edir.
Koordinasiya Komitəsinin hədəflərinin isə aşağıdakılar olduğu bildirilir:
-Rejimin devrilməsi, hər cür simvolların ləğv olunması və demokratik bir dövlətin qurulması
-Məzhəb qarşıdurmalarının rədd edilməsi
-Suriya ordusunun rejimin əlindən xilas edilməsi
-İnqilabın hədəflərinin reallaşdırılması
-Vətəndaşların qorunması
-“Kürd milli problem”nin demokratik həlli
-Suriyanın ərazi bütövlüyünün qorunması

Ali Kürd Komitəsi

Ali Kürd Komitəsi 2012-ci ilin iyul ayında Demokratik Birlik Partiyası (PYD) və 13 kürd partiyasının təmsil olunduğu Kürd Milli Şurası tərəfindən Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin təşəbbüsü ilə qurulub.
“Cenevrə-2” konfransında Suriya kürdlərinin hansı şəkildə təmsil olunması mövzusunda da anlaşılmazlıq yaşanır. ABŞ və Türkiyə Kürd Milli Şurasının 2013-cü ilin sentyabr ayında qatıldığı Milli Koalisiya tərəfindən təmsil edilməsini istəyir. PYD isə kürdlərin Ali Kürd Komitəsi tərəfindən təmsil olunmasını istəyir. Bərzaninin isə konfransda məhz Kürd Milli Şurasının təmsil olunmasını istədiyi bildirilir.
Ömər Dağlı