Həbsxanada evlənən ömürlük məhbus niyə həbs edilib?

Həbsxanada evlənən ömürlük məhbus niyə həbs edilib?
Strelyayevin şerləri təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da müsbət əks-səda doğurub

Həbsxanada evlənən ömürlük məhbusun kimliyi çoxlarını maraqlandırır. İkin gün öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Strelyayev Sergey Aleksandroviçin nikah mərasimi keçirilib.
Azərbaycanda ilk dəfə ömürlük məhkumun həbsxanada evlənməsi bir çoxlarının marağına səbəb olub. Bəs Strelyayev kimdir?
Yazarlıqla məşğul olan məhkumun şəxsi saytında - www.sergeystrelaev.com – bildirilir ki, Sergey Aleksandroviç Strelyayev 1979-cu ilin martında Azərbaycanın qərbində kiçik rus kəndində doğulub. Sergeyin atası peşəkar idmançı, daha dəqiqi, futbolçu, anası Rusiyanın paytaxtı Moskvada təhsil almış diplomlu mühəndis olub. Məhz anası Strelyayeva Anna Alekseyevna erkən yaşlarından övladına ədəbiyyat və incəsənəti sevdirib. Strelyayevanın özü gözəl rəsm çəkirmiş, evin bütün divarları onun əsərləri ilə bəzədilibmiş. Anasının sayəsində Sergey artıq 4 yaşında sürətlə oxumağı, yazmağı, saymağı və hətta ingilis dilinin əlifbasını öyrənməyi bacarır. Tezliklə onlar Bakıya köçürlər və Sergey 7 yaşında Azərbaycan paytaxtında orta məktəbə gedir. O, məktəbdə dram dərnəyinə üzv yazılır, bir neçə əsas rolu uğurla oynayır. 11-ci sinfi başa vurduqdan sonra isə imtahandan yüksək bal toplayaraq, Azərbaycanın ən nüfuzlu universitetlərindən birinin politologiya fakültəsinə qəbul olur. Qısa müddətdə tələbələr və müəllimlər arasında sevgi və hörmət qazanır. Bunu elə ilk kursdaca qrup rəhbəri və tələbə şurasının idarə heyətinin üzvü seçilməsi də sübut edir.
Sergeyi parlaq gələcək və uğurlu karyera gözləyirdi. Amma özü həmişə qeyri-standart fikir və davranışları ilə fərqlənirdi. Təsadüfi deyil ki, o, 3-cü kursdan sonra universiteti ataraq, hərbi xidmətə yollanır. 1,5 il ərzində həm piyada, həm komendant kimi çalışır, həm də minaatan batareyada qulluq edir. Hərbi bileti aldıqdan sonra mülki həyata qayıdır və kiçik bizneslə məşğul olur, təhsilini davam etdirmək üçün universitetə bərpa olunmağı düşünür. Lakin bu zaman tale onunla acı zarafat edir. O, iki qonşusunun qətlində günahlandırılaraq, ömürlük həbs cəzasına məhkum edilir. O vaxtdan Strelyayev gücünü qələminə verir. Ötən illər ərzində 5 şeirlər külliyyatı, həmmüəllifliyi ilə qəzet, jurnal və internet saytlarında onlarla seçilmiş əsəri dərc olunur. Şeirləri təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da müsbət əks-səda doğurur. Lakin acınacaqlı vəziyyətdə olduqlarını deyən nəşriyyatların heç biri ona qonorar vermir.
2006-cı ildə Strelyayevin “Qışqıran ürən” adlı ilk, 2007-ci ildə “Tale yamacında” adlı növbəti kitabı çap olunur. Onun yaradıcılığı Yazıçılar Birliyi tərəfindən gənc və istedadlı şairin dünyaya gəlişi kimi qeyd edilir. 2008-ci il mayın 16-da Qobustanda iki kitabın təqdimatı keçirilir. Tədbirdən yerli telekanallarla yanaşı, “Yeni Azərbaycan” və “Xalq qəzeti” də yazır, “Literaturnıy Azerbaydjan” jurnalında onun şeirləri dərc olunur.
2009-cu ildə Strelyayevin “Oğurlayacağam, aparacağam, öpəcəyəm” adlı üçüncü kitabı işıq üzü görür və 1 il sonra “Natəvan” klubunda Yazıçılar Birliyi və Ədliyyə Nazirliyi ilə birgə təqdim olunur, televiziya, mətbuat vasitəsilə işıqlandırılır, şeirləri azərbaycancaya tərcümə olunur. 2011-ci ildə “Həyat tonlarında etüdlər” adlı 4-cü kitabı, bu ilin yanvarında isə seçilmiş əsərləri işıq üzü görür.
Strelyayevin əsərlərinin Rusiya, Ukrayna, Moldova, Polşa, Almaniya və İsraildə böyük tələbata malik olduğu bildirilir. Yazıçılar Birliyinin üzvləri isə onun şeirlərinin Sergey Yeseninin poeziyasını xatırlatdığını bildirirlər.