Natiq Əliyev revanş götürə bilər
Natiq Əliyev revanş götürə bilər

Energetika nazirinin yeni səlahiyyətlər əldə etməsi mümkündürmü?

Prezident seçkilərindən sonra yeni hökumət kabinetinin formalaşdırılması zamanı ən ağır itkilərdən biri ilə heç şübhəsiz, energetika naziri Natiq Əliyev üzləşdi. Belə ki, əvvəllər Sənaye və Energetika Nazirliyinə rəhbərlik edən Natiq Əliyevin rəhbərlik etdiyi qurumdan sənaye sahəsi alındı və bu sahə üzrə səlahiyyətlər yeni yaradılan nazirliyə - Sənaye və İqtisadiyyat Nazirliyinə, bir az da konkretləşdirsək, həmin vaxtadək iqtisadi inkişaf naziri postuna rəhbərlik edən Şahin Mustafayevin nəzarətinə verildi.

Bir çoxları üçün bu, gözlənilən, bəziləri üçün isə gözlənilməz oldu. Məsələ burasındadır ki, son bir ildə Natiq Əliyevə qarşı onunla soyuq münasibətlərdə olan bəzi rəqiblərinin həmlələrini diqqətə alsaq, əslində gözlənilməz heç nə baş vermədi: energetika naziri onsuz da səlahiyyət itkilərinə məruz qalmışdı və son prezident seçkilərindən sonra bu, özünün pik nöqtəsinə çatmış oldu.
Digər tərəfdən, Natiq Əliyev hakimiyyətdaxili məmur qovğalarına qarışmaması, adının korrupsiya ilə bağlı tənqid və ittihamlardan qoruya bilməsi ilə seçilirdi. Buna baxmayaraq, onun son bir il, ilyarım ərzində davamlı şəkildə səlahiyyət itkilərinə məruz qalması gözlənilməz də hesab edilə bilər.
Düzdür, hələ bu ilin mayında Natiq Əliyevə tabe olan Dövlət Enerji Nəzarət İdarəsinin səlahiyyətlərinin genişləndirilməsi bəzi ekspertlərdə belə bir rəy yaratmağa başlamışdı ki, artıq energetika naziri hökumətdaxili rəqibləri ilə mübarizədə müəyyən üstünlüklər qazanmağa başlamaqdadır. Şübhəsiz ki, bundan onun iqtidar içində soyuq münasibətdə olan çevrələr məmnun ola bilməzdilər. Hesab edilirdi ki, sözügedən idarənin səlahiyyətlərinin dəqiqləşməsi və artıq rəsmi şəkildə kifayət qədər genişlənməsi Natiq Əliyevə öz rəqiblərinə qarşı əks-həmlə üçün yeni imkanlar yaradır. Amma sonradan biz tamamilə əks-prosesin şahidi olduq və rəqiblərinin energetika nazirinin zəiflədilməsi istiqamətində səylərinin və bu səylərin nəticəsiz qalmadığının şahidi olduq.
Xatırladaq ki, hələ sentyabr ayında məlum oldu ki, Natiq Əliyev səlahiyyətlərinin bir hissəsini itirib. Bu barədə hökumətin son qərarından görünürdü. Belə ki, Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi barədə qərar verilmişdi. Dəyişikliyə əsasən, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Sənaye və Energetika Nazirliyinin tərkibindən çıxarılmışdı.
Hələ o vaxt “Unikal” olaraq yazmışdıq ki, energetika naziri ilə iqtidar daxilindəki bir sıra iri məmurların çəkişməsi uzun müddətdir davam edir. Məsələ burasındadır ki, bu ilin yazında o vaxtki Sənaye və Energetika Nazirliyi Cənubi Koreyanın mütəxəssisləri ilə birlikdə Azərbaycanın sənayeləşdirilməsi və onun inkişaf yolları proqramı hazırlamağa başlayıb. Çox keçmədən belə bir proqramın hazırlandığını sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında təsdiqləyib. Nazir onu da vurğulamışdı ki, proqram qəbul olunarsa, Azərbaycanda bu sahədə tezliklə daha böyük inkişaf əldə olunacaq. Maraqlı olan isə üstündən xeyli vaxt keçməsinə rəğmən həmin proqramdan əsər-əlamət olmaması idi. Natiq Əliyev haqqında danışılan dövlət proqramı layihəsinin qısa müddətdə təsdiqlənəcəyini gözləsə də, bu, baş verməyib. Gecikmənin isə əslində çox sadə səbəbi vardı. Nazirin iqtidar içindəki rəqibləri həmin proqramın təsdiqlənməsinin Natiq Əliyevin mövqelərini gücləndirəcəyindən çəkinirdilər və buna bütün mümkün yollarla mane olurdular. Sonda isə sənaye sahəsi ümumiyyətlə, Natiq Əliyevdən alındı ki, bu da qəzetimizin vaxtilə yazdıqlarının təsdiqi sayıla bilər.
Amma bir çox müşahidəçilər energetika nazirinin revanş ala biləcəyini, son vaxtlarkı səlahiyyət itkilərinin yerini doldurmaq istəyəcəyini düşünürlər. Bəs bu sırada hansı həmlələr ola bilər? İstisna edilmir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yenidən Energetika Nazirliyinin tərkibinə qaytarılsın.
Bundan başqa, “Azərenerji” Səhmdar Cəmiyyətinin də Natiq Əliyevin nazirliyinin tərkibinə verilməsi və öz fəaliyyətini İstehsalat Birliyi kimi davam etdirməsi mümkün sayılır. Qeyd edək ki, artıq belə təcrübə mövcuddur: vaxtilə “Azəriqaz” Səhmdar Cəmiyyəti ləğv olunmuş, əvəzində eyni adlı İstehsalat Birliyi yaradılmış ARDNŞ-in tərkibinə verilmişdi. Bu təcrübənin Energetika Nazirliyi ilə bağlı da yaşana bilməsi istisna edilmir.
Hər halda bütün bunlar ehtimallardır. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyini zaman göstərəcək. O da mümkündür ki, iqtidariçi nüfuz savaşlarına həvəs göstərməyən və sadəcə, sakit şəkildə öz işi ilə məşğul olmağa çalışan Natiq Əliyev heç bir revanş arzusunda olmasın, beləliklə də onunla soyuq münasibətdə olan iri məmurları “iqnor” etmiş olsun.
Günel Əkbər